Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:37

Ekspert: ‘Qiymət artımı 13,5 yox 25 faizdir’


"Batan manat", Karikatura. Gündüz Ağayev.
"Batan manat", Karikatura. Gündüz Ağayev.

Neft sənayesində yeni texnologiyaların tətbiqi, sahibkarların üzləşdiyi problemlər rəsmi və qeyri rəsmi inflyasiya bu gün mayın 20-sinin (2017) medianın aparıcı mövzusudur…

İnflyasiya açıqlanan rəqəmdən yüksəkdir

Yeni Müsavat” qəzetində “İqtisadçılar etiraz edir: “Real inflyasiya rəsmi rəqəmlərdən daha yüksəkdir” sərlövhəli məqalə oxumaq olar.

Buna da bax:​ Azərbaycanda illik inflyasiya açıqlandı

Müəllif rəsmi rəqəmlərə istinadən bildirir ki, bu ilin yanvar-aprel aylarında ötən ilin analoji dövrü ilə müqayisədə istehlak məhsulları və xidmət qiymətləri 13,5 faiz bahalaşıb. Ərzaq məhsulları 17,8 , qeyri-ərzaq məhsulları 12,5, ödənişli xidmətlər isə 8,7 faiz yüksəlib.

Ekspert Əkrəm Həsənov isə bu rəqəmlərlə razılaşmır:

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Təbii, bu, 13,5 faiz deyil, azı 25 faizdir...”.

Ekspert hesab edir ki, bahalanmaya səbəb bu malların çoxunun xaricdən gətirilməsidir, sahibkarlar valyuta risklərini qiymət artımı yolu ilə tənzimləyirlər.

Ə. Həsənova görə, əslində inflyasiya gözləntisi daha yüksək idi. Sadəcə, Mərkəzi Bank manat kütləsini kəskin azaltmaqla inflyasiyanı zəiflədib və devalvasiyanın qarşısını alıb:

Buna da bax: Son 15 ayda ən yüksək inflyasiya

“Amma bu proses çox çəkə bilməz, iqtisadiyyata pul lazımdır, buna görə də Mərkəzi Bank kreditləşdirməni davam edən kimi devalvasiya da baş verəcək, inflyasiya da daha yüksək olacaq”.

Ekspert Natiq Cəfərli isə ikirəqəmli inflyasiyanı ölkə iqtisadiyyatına çox ciddi təhdid sayır:

“İnflyasiya insanların real gəlirlərini ”yemək"lə məşğuldur. Hökumət açıqladı ki, ölkədə əhalinin gəlirləri 6 faiz artıb. Bu nominal artımdır, real artım yoxdur və inflyasiya bu nominal artımı da heçə endirir”.

Natiq Cəfərli
Natiq Cəfərli

N.Cəfərli deyib ki, ölkə əhalisi az qala qazancının 80 faizini ərzağa xərcləyir.

“Bu da ölkədə yoxsulluq göstəricilərindən biridir. Hökumət bunu da qəbul eləmir. Ancaq beynəlxalq praktikada hər bir insan gəlirlərinin 20 faizdən yuxarısını ərzağa xərcləyirsə, artıq o, kasıb sayılır”.

Buna da bax:​ EBRD: 'Bu il Azərbaycan iqtisadiyyatı 0.5 faiz kiçiləcək'

Sahibkarların problemləri...

Exo” qəzetində “Azərbaycanda hər bir sahibkara fərdi yanaşma lazımdır” sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazının əvvəlində xatırladır ki, neftin qiymətinin kəskin enməsindən sonra Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını özünə başlıca məqsəd seçib. Bununla bağlı sahibkarlarla diqqətin artırıldığı bəyan edilib:

“Keçən il böhranın nəticəsi olaraq Ümumi Daxili Məhsul 3,8 faiz azalıb. Bunu nəzərə alaraq ölkə rəhbərliyi iqtisadi inkişafla bağlı strateji yol xəritələri hazırladı. Əlbəttə, işgüzar dairələr üçün dövlətin kiçik və orta sahibkarlığı dəstəkləməsi müsbət amildir. Ancaq sahibkarlığın inkişafına bağlı konkret məsələləri həll etmək daha vacibdir”.

Ekspert Fuad Əlizadə qəzetə deyib ki, sahibkarlar, hələ də güzəştli kreditlər, nağd dövriyyə vəsaitləri problemləri ilə üz-üzə qalırlar.

Ekspert hesab edir ki, sərt kredit-pul siyasəti sahibkarlara maneələr yaradır.

Buna da bax: Ucuz kreditlər kənd təsərrüfatına verilib

Yazıda bir sıra sahibkarların əlindən icarə torpaqlarının alınmasına da toxunulur. Ekspert deyib ki, torpağı icarə götürüb təyinatı üzrə istifadə edən sahibkarlara maneə yaradılmamalıdır:

“Hər halda kənd təsərrüfatı təyinatlı torpaqda balıq vətəgəsi quran sahibkarla, onun üzərində şəxsi rahatlıq üçün villa tikən sahibkar arasında fərq olmalıdır. Bu vətəgəni ləğv edib torpaqdan başqa təyinat üçün istifadə etmək olar...”

Neft texnologiya nəhəngi

Azərbaycan” qəzetində isə “Neft sənayesində tarixi hadisə” sərlövhəli məqalə dərc edilib.

Buna da bax:​ Sənaye istehsalı 6 faiz azalıb

İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib

Yazıda bu günlərdə açılışı olan Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun (YQQ) neft sənayesinin inkişafında oynaya biləcəyi rol dəyərləndirilir.

Yazıda bildirilir ki, bu qurğunun istifadəyə verilməsi ilə ölkənin neft-qaz sənayesinin infrastrukturu daha da zənginləşib. Yeni qurğu dənizdə 1000 metr dərinlikdəki yataqlarda qazma işi aparmağa imkan verəcək.

Müəllif qurğunun H. Əliyevin adını daşımasını xüsusi olaraq vurğulayır:

“Yeni yarımdalma qazma qurğusunun ulu öndər Heydər Əliyevin adını daşıması xüsusi əhəmiyyətə malikdir. Çünki onun istifadəyə verilməsi ümummilli liderin yeni neft strategiyasının daha bir təntənəsidir və ölkənin təkcə neft-qaz sənayesində deyil, bütün həyatında tarixi hadisədir”.

Buna da bax:​ 'Ölkədə neftçilərin sayı 25-30 faiz azalacaq'

Yazıda bildirilir ki, qurğunun hazırlanmasına 2013-cü ildən başlanıb. Müəllif qurğunun əhəmiyyətini çatdırmaqdan ötrü onun açılışında dövlət başçısı İlham Əliyevin çıxışından sitat gətirir:

“Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməmişdir... Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”.

XS
SM
MD
LG