Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:34

'Ölkədə neftçilərin sayı 25-30 faiz azalacaq'


Sumqayıt
Sumqayıt

Sumqayıt şəhərində yeni müəssisələrin işə salınması, neft sənayesində ixtisarlar, banklardan götürülən bir çox böyükhəcmli kreditlərin qaytarılmaması və ildən-ilə ölkədə boşanmaların artmasının səbəbləri bu gün medianın aparıcı mövzusudur...

SUMQAYITIN İNKİŞAFI

«Azərbaycan» qəzetində «Sumqayıtın inkişafı və quruculuğu Heydər Əliyevin adı ilə bağlıdır» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Sumqayıtın inkişafında keçmiş prezident Heydər Əliyevin xüsusi rolu olub. Yazıda bildirilir ki, məhz ötən əsrin 70-80-ci illərində Sumqayıtda neft, kimya müəssisələri işə salınıb.

Müəllif vurğulayır ki, indi prezident İlham Əliyev həmin xətti davam etdirir. Son 14 ildə şəhərdə qazanılan sosial-iqtisadi uğurlar onun adı ilə bağlıdır: «Artıq Sumqayıtda 200-dən çox sənaye yönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir».

Müəllif yazır ki, şəhərdə təkcə sənaye müəssisələri deyil, tikinti, abadlıq işləri də aparılır: «Heydər Parkında sahəsi 5 min kvadratmetr olan 4-mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib. Muzey, 420-yerlik iclas zalı fəaliyyət göstərir. Bununla yanaşı, parkda 2950 kvadratmetr olan 753-yerlik 3-mərtəbəli Uşaq İncəsənət Məktəbi tikilib».

Yazıda vurğulanır ki, indi Sumqayıt özünün növbəti inkişaf mərhələsini yaşayır. Prezident İ.Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin edilib: «Bütün bunlar onu göstərir ki, ulu öndər Heydər Əliyevin ideyaları, arzuları həyata vəsiqə alır, uğurla reallaşır».

Neft sənayesi işçisi.
Neft sənayesi işçisi.

DAVAM EDİR İXTİSAR...

«Exo» qəzetində «Azərbaycanın neft-qaz sektorunu yeni ixtisarlar gözləyir» sərlövhəli məqalə oxumaq olar.

Müəllifin bildirməsinə görə, dünya bazarında neftin qiymətinin enməsi ilə bu sahədə çalışan şirkətlərdə çoxsaylı ixtisarlar aparılıb: «Azərbaycan iqtisadiyyatı neft-qaz üzərində dayanır. Bu yaxınlara qədər bu sahə ixrac gəlirinin 90 faizindən çoxunu təmin edirdi. Neft-qaz sahəsində çalışanların nisbətən yüksək gəlirə malik olması digər sahələrdən də bu istiqamətə işçi axınına səbəb olmuşdu. Amma neft böhranının başlaması ilə bu sahədə ixtisaslaşan bir çox şirkətlər əməkdaşların ixtisarına başladılar».

Yazıda BP-nin açıqlamasına istinadən vurğulanır ki, bu şirkət 2017-ci ilin sonuna kimi, Azərbaycan da daxil olmaqla, bəzi bölgələrdə 4 min nəfərə qədər iş yerini ixtisar edəcək.

İqtisadçı Seyfəl Əliyev isə deyib ki, Azərbaycanın neft-qaz sektorunda kütləvi ixtisarlar müşahidə olunmur. Ancaq ixtisarlar ara-sıra, hələ də, davam etməkdədir: «Podratçı-təşkilatlar 3-4 il bundan öncəki kimi qazana bilmirlər. Odur ki, çoxsaylı işçi ştatları saxlamaq səmərəli deyil. Bu proses bundan sonra da davam edəcək və elə hesab edirəm ki, Azərbaycanın neft-qaz sektorunda işləyənlərin sayı 25-30 faiz azalacaq».

«Xidmət-iş» Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da bildirib ki, hələ ki, neft sektorunda qlobal ixtisarlardan söhbət getmir. Baxmayaraq ki, bu sektordan ara-sıra belə siqnallar daxil olur.

Dollar.
Dollar.

QAYTARILMAYAN MİLYONLAR

«Novoye Vremya» qəzetində «Milyonlar axmaqda davam edir? Kredit fırıldaqları ilə bağlı yeni faktlar» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkə iqtisadiyyatına ən ağır zərbə bank sektorundan vurulub: «Bank sistemində kəskin böhranın başlanmasında isə Beynəlxalq Bankın keçmiş rəhbərliyi katalizator rolunu oynayıb. 10 il ərzində özlərinə yaxın oliqarxlarla bankı tar-mar ediblər. Əgər neftin qiyməti kəskin enməsəydi, bu şəxslər indi də əməllərini davam etdirirdilər. Hələ ki, neft dollarları çay kimi axırdı, dövlət vəsaitlərinin dağıdılması heç kəsi maraqlandırmırdı».

Yazıda vurğulanır ki, kredit adı ilə dağıdılan 10 milyard manatdan çox vəsaitin yalnız bir qismi qaytarılıb. Müəllifin fikrincə, başqa banklarda da oxşar proseslər gedib: «Kreditlər milyon dollarlarla götürülüb. Bunların arasında dövlət şirkətlərinin məsul işçiləri də olub. Kreditləri götürüblər, amma qaytarmayıblar. Maliyyə baxımından, indiki ağır dövrdə hər bir manatın hesabı aparılmalıdır. Ölkə büdcəsi kəskin maliyyə çatışmazlığı yaşayır, yüz milyonlar isə naməlum istiqamətə axıb gedib».

Müəllif hesab edir ki, hüquq mühafizə orqanları məsələyə ciddi girişsələr, ölkənin digər banklarında da belə talançılığı üzə çıxara bilərlər: «Bu maliyyə vəsaitləri geri qaytarıla bilsə, pensiyaçıların, aztəminatlı ailələrin sosial durumunu yaxşılaşdırmağa imkan verərdi».

Müəllif yazır ki, ölkədə təzadlı durum yaranıb. Kiçik həcimdə kredit götürüb onu qaytarmaq gücündə olmayan yoxsul insanlar ən sərt qaydada incidilir. Amma 10 milyon krediti götürüb aradan çıxanlar isə məsuliyyətdən kənarda qalıblar.

Boşanma.
Boşanma.

BOŞANMALAR NƏDƏN ÇOXALIR

«Bizim Yol» qəzetində «Facebook-da bir «layk»a görə boşananlar var» sərlövhəli məqalədə ölkədə boşanmaların səbəbləri ekspertlərlə təhlil edilib.

Yazıda rəsmi qurumlara istinadən bildirilir ki, 2016-cı ildə 66 min 771 nikah, 13 min 114 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova deyib ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. «Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb. 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9 min 61, 2011-ci ildə 10 min 747, 2012-ci ildə 11 min 87, 2013-cü ildə 11 min 730, 2014-cü ildə 12 min 88, 2015-ci ildə də 12 min 764 cütlük boşanıb».

Qəzetə danışan ekspertlər boşanmaya əsas səbəb kimi sosial ehtiyacları və ailədaxili şiddəti göstəriblər. Ekspertlər vurğulayıblar ki, son zamanlar sosial şəbəkələr də bu məsələdə müəyyən rol oynamaqdadır.

Vəkil Xəyal Bəşirov da deyib ki, boşanmaların bəziləri sosial şəbəkələr üzündən baş verib: «Son dövrlərdə bəzi gülünc səbəblərdən də ailələrin boşanması hallarına rast gəlirik. Onlar bir-birini xəyanətdə ittiham edirlər....».

Vəkilin deməsinə görə, hətta sosial şəbəkədə bir «layk» və ya hansısa şərhə görə dağılan ailələr var.

Qəzet bu mövzu ilə bağlı oxucu fikirlərinə də yer verib. Oxuculardan bir qisminin deməsinə görə, nə qədər ki övladların yerinə valideynlər qərar verir, belə boşanmalar artmaqla davam edəcək.

Başqa bir qisim oxucular isə ailədaxili münaqişələrin, gəlin-qayınana münasibətlərinin üzərində dayanıb.

Bəzi insanlar isə hesab edirlər ki, ailədə uşaq doğulmursa, bu, boşanmaya gətirib çıxarır. Başqa bir qisim insanlar isə boşanmaların sayının artmasını işsizlik və sosial problemlərdə görürlər.

XS
SM
MD
LG