"Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevə 10, digər ictimai fəal Elgiz Qəhrəmana isə 9 il həbs cəzası kəsilib. Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlar haqqında belə hökm çıxarılıb. İstintaq və məhkəmə prosesi getdiyi dövrdə azadlıqda olan E.Qəhrəman hökm oxunandan dərhal sonra məhkəmə zalında həbs edilib.
Hakim Roman Ələkbərlinin sədrliyilə çıxarılan hökmə əsasən, onlarla birlikdə mühakimə olunan Tamilla Musayevaya isə 8 il şərti cəza verilib.
Onlar cinayət yoluyla əldə olunmuş vəsaitin leqallaşdırılması, qaçaqmalçılıq və s. əməllərdə təqsirli bilinib.
Hökmdən öncə son sözünü deyən İmran Əliyev də, Elgiz Qəhrəman da bu ittihamların əsassız olduğunu vurğulayıb və bəraət istəyiblər.
E.Qəhrəman deyib ki, 10 il öncə də onu ictimai fəaliyyətinə görə narkotik ittihamıyla şərləyib həbs eləmişdilər. Bir neçə ay öncə Avropa Məhkəməsi həmin iş üzrə qərarını açıqlayaraq, hüquqlarının pozulduğunu təsdiqlədi.
“Bu işdə sübutlardan biri kimi, İmran Əliyevlə bizim aramızda 63 dəfə telefon danışığı olması göstərilib. Bunun özü absurd sübutdur. Mən riyaziyyat və məntiq müəllimi olmuşam, data analitika ilə məşğulam. İmranla aramızda telefon danışıqlarının olması, görüşməyimiz normaldır. Bunu sübut hesab edib, məni cinayətdə ittiham eləmək absurddur”, - E.Qəhrəman belə deyib.
O vurğulayıb ki, şər-böhtanla məhkəmə qarşısına çıxarıldığını hakimlər özləri də yaxşı bilir.
İ.Əliyev son sözündə deyib ki, 2023-cü ildə parlamentin fəaliyyətini monitorinq etmək məqsədilə “meclis.info” saytını yaratmaq qərarı verib. Bundan sonra təzyiqlərlə üzləşib.
Qaçaqmalçılıq ittihamını rədd edən İ.Əliyevin sözlərinə görə, bununla bağlı heç bir fakt ortaya qoyulmadan onları ittiham edirlər.
Mühasib kimi fəaliyyət göstərmiş T.Musayeva son sözündə bildirib ki, vəkilinin müdafiə çıxışıyla razıdır.
Təqsirləndirilən şəxslərin son sözlərindən sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, hökmü elan edib.
Hökmə əsasən, Dövlət Vergi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı 67 min manatlıq mülki iddiası da təmin olunub.
Xatırlatma
İmran Əliyev 2024-cü il aprelin 19-dan həbsdədir. Onunla birlikdə mühakimə olunan ictimai fəal Elgiz Qəhrəman və Tamilla Musayeva isə istintaqın sonunda təqsirləndirilən şəxs qismində cəlb edilib. Onların barəsində həm istintaq, həm də məhkəmə dövrü üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara qarşı qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma, saxta sənədlərdən istifadə və s. ittihamlar irəli sürülüb.
Adları çəkilən 3 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamları qəbul etmirlər.
“Meclis.info” platforması 2023-cü ildə təsis edilib. Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, informativ məlumatlar təqdim edirdi.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. İstintaqın sonunda daha bir neçə maddə ilə əlavə ittihamlar elan olunub.
Onlar bu ittihamların heç birini qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
E.Qəhrəman bundan öncə 2016-cı ildə də narkotik ittihamıyla həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 5 il 6 ay həbs cəzası kəsilmişdi. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxan ictimai fəal o zaman da özünü təqsirli bilməmiş, Facebook hesabındakı paylaşımına görə şərləndiyini bəyan etmişdi.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları son siyahıya görə, hazırda Azərbaycanda 322 nəfər siyasi məhbus var. Azərbaycan rəsmi qurumları isə ölkədə siyasi məhbusların olması barədə iddiaları rədd edir və vurğulayırlar ki, adları bu siyahılarda yer alan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.