Keçid linkləri

2026, 05 Noyabr, cümə axşamı, Bakı vaxtı 19:41

Bəşir Süleymanlıya 9 il həbs cəzası istənilib

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə həbsdə olan ictimai fəallardan daha biri - “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlıya 9 il cəza istənilib. Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror çıxışında iddia edib ki, B.Süleymanlıya qarşı irəli sürülən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılması və s. ittihamlar məhkəmədə sübut olunub. Cinayət işinin materiallarında qrant vəsaitlərinin qeydiyyatdan keçirilmədiyi iddia edilir və bu da cinayət yolu ilə əldə edilmiş vəsait kimi təqdim olunur.

Noyabrın 19-da keçiriləcək növbəti məhkəmə iclasında B.Süleymanlının vəkili müdafiə nitqiylə çıxış edəcək, ardından özü son sözünü deyəcək.

B.Süleymanlı ittihamların heç birini qəbul etmir. O məhkəmədə deyib ki, maliyyə vəsaitləri qanuni şəkildə əldə edilib və regionlarda vətəndaşlara, o cümlədən məcburi köçkünlərə hüquqi yardım, seçkilərin monitorinqi kimi işlərə xərclənib:

“Mən heç bir cinayət törətməmişəm. Müxtəlif təşkilatlardan vəsaitlər alınıb və bütün bunlar tam qanuni formada olub. Hamısı da kart hesabına köçürülüb. Qeyri-qanuni heç nə olmayıb”.

Xatırlatma

Azərbaycanda QHT-lərlə bağlı 2014-cü ildə başlanmış cinayət işinin icraatı 2022-ci ildə dayandırılıb. 2025-ci ilin fevralında Baş Prokurorluq icraatı təzələyib, beynəlxalq donor təşkilatlarla əməkdaşlıq etmiş vətəndaş cəmiyyəti fəalları cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 5 nəfər həbs edilib, 10-a yaxın vətəndaş cəmiyyəti fəalı haqqında isə alternativ qətimkan tədbiri seçilib, daha 2 nəfər isə axtarışa verilib.

Həbs olunanlar arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə yanaşı, “Ubuntu” Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da var.

Həbsdə olan QHT təmsilçilərindən A.Əhmədova 8 il, Z.Zəkiyevə 7 il 3 ay həbs cəzası kəsilib.

Barəsində alternativ qətimkan tədbiri seçilmiş fəallardan Aygül Pəncəliyeva, Nərgiz Muxtarova, Asiman Qocayev, Mehriban Rəhimli, Məhərrəm Göyüşoğlu, Ülviyyə Babasoy və digərlərinə şərti cəza verilib.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.

​
XS
SM
MD
LG