Keçid linkləri

2026, 22 Oktyabr, cümə axşamı, Bakı vaxtı 23:12

'QHT işi': Zamin Zəkinin 7 illik həbs cəzası dəyişmədi

 Zamin Zəki
Zamin Zəki

Ali Məhkəmə "Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri, sosial məsələlər üzrə ekspert Zamin Zəki barəsindəki 7 il 3 aylıq həbs cəzasını qüvvədə saxlayıb. Oktyabrın 22-də Ali Məhkəmədə İlkin Rəcəbovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Buna baxmayaraq, onun vəkili Günay İsmayılova hökmün tamamilə əsassız olduğunu deyir. Vəkil Ali Məhkəmədəki çıxışında da müvəkkilinin təqsirsiz olduğunu, ona qarşı ittihamları sübut edəcək heç bir faktın ortaya qoyulmadığını vurğulayıb: "Aşağı instansiya məhkəmələrində heç bir vəsatətimiz təmin olunmadı. Məhkəmələr hətta Zamin Zəkinin vəkilinin yanında əyləşməsi və ya ekspertiza təyin olunması kimi texniki məsələlərlə bağlı müraciətləri belə rədd etdilər".

Vəkil təşkilatın Z.Zəkinin adına olmadığını əsas gətirib: "Hətta elə olsaydı belə, qrant almaq cinayət məsuliyyəti yaratmır; ən pis halda, buna görə yalnız inzibati məsuliyyət yarana bilərdi".

İctimai fəalın kassasiya şikayətinə özünün iştirakı olmadan baxılıb və məhkəmə onu təmin etməyib.

Z.Zəki 2025-ci ilin aprelində Baş Prokurorluğun İstintaq İdarəsində QHT-lərlə bağlı aparılan cinayət işi çərçivəsində həbs olunub. Ona qarşı cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb. 50 min manata yaxın qrant vəsaitini qeydiyyatdan keçirmədən xidmət müqaviləsi kimi rəsmiləşdirməkdə təqsirləndirilən Z.Zəki 2026-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi isə iyulda bu cəzanı 3 ay azaldıb.

Xatırlatma

Azərbaycanda QHT-lərlə bağlı 2014-cü ildə başlanmış cinayət işinin icraatı 2022-ci ildə dayandırılmışdı. 2025-ci ilin fevralında Baş Prokurorluq icraatı təzələyib və beynəlxalq donor təşkilatlarla əməkdaşlıq edən 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan beşi həbs edilib, 10-a yaxın fəal barəsində başqa qətimkan tədbirləri seçilib, daha iki nəfər isə axtarışa verilib.

Həbs olunanlar arasında Zamin Zəki ilə yanaşı, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və ictimai fəal Əhməd Məmmədzadə də var idi.

Həbsdə olan QHT təmsilçilərindən A.Əhmədova 8 il həbs cəzası kəsilib, digərlərinin mühakiməsi isə davam edir.

Barəsində digər qətimkan tədbirləri seçilmiş fəallardan Aygül Pəncəliyeva, Asiman Qocayev, Qalib Bayramov, Nərgiz Muxtarova, Əhməd Məmmədzadə, Ülviyyə Babasoy, Məhərrəm Göyüşoğlu və Mehriban Rəhimliyə şərti cəza verilib.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmir, hər hansı bir cinayət törətmədiklərini bildirirlər.

​
XS
SM
MD
LG