«Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi ictimaiyyəti artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi».
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib.
«Yaqlandın yuxusu...»
N.Məmmədovun bildirməsinə görə, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Torbyorn Yaqlandın yuxusuna haram qatıb:
«O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində «insan haqlarının müdafiəçisi» bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı «cəzalandırmaq», özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir. Düşünür ki, buna asanlıqla nail ola bilər. Nahaq yerə Avropa İttifaqını «xristian klubu» adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi «əsas məqsəd»inə çata bilər. Belə olmasaydı, ötən illər ərzində Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi».
***Buna da bax-Rasim Musabəyov: 'Avropa Şurasından çıxmaq təhlükəsi olsaydı, ayrı cür davranardıq'
«Azərbaycanın Avropa Şurasından çıxması faciə deyil»
N.Məmmədov daha sonra Avropa Şurası ilə münasibətlərə də toxunub:
«Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür. Bununla belə, Azərbaycanın təşkilatdan çıxması faciə deyil. Təşkilatın bir üzv ölkəsinin digərinin ərazisini işğalı, təşkilat qarşısında öhdəliklərin yerinə yetirilməməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının icra edilməməsi fonunda yalnız Azərbaycana qarşı belə bir addım beynəlxalq hüquqa - ədalətə məhəl qoymamaqdan başqa bir şey deyil. Beləliklə, Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsini həmin dövlətlərə deyil, məhz ilk olaraq Azərbaycana qarşı tətbiq etməyə çalışır. Ermənistanda mövcud olan çoxsaylı insan hüquqları pozuntularının təsbit olunması fonunda bu ölkə haqda heç bir tənqidi fikrin belə söylənilməməsi Avropa Şurasının Nazirlər Komitəsinin bu qərarı ilə bağlı ciddi suallar doğurur».
***Buna da bax-Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul edib
«Vəziyyətin bu dərəcəyə çatmasında Yaqlandın həlledici rolu...»
Prezidentin köməkçisinin deməsinə görə, Azərbaycan bütün mümkün vasitələrdən istifadə etməklə öz vədlərinə sadiq qalıb:
«Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılması davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci il dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər. Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqelərini davam etdirir. Vəziyyətin bu dərəcəyə çatmasında isə Yaqlandın həlledici rolu göz qabağındadır».
***Buna da bax-'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'
Xatırlatma
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.
Avropa Şurasının baş katibi T.Yaqland isə açıqlamasında AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsi məsələsinə toxunub.
Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.
Hələ bu il noyabrın ortalarında AİHM İ.Məmmədovla bağlı ikinci qərarını elan edib. Bu qərar da İ.Məmmədovun 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilməsi ilə bağlıdır. Həmin qərara görə, İ.Məmmədovun ədalətli məhkəmə araşdırması hüququ pozulub.
Azərbaycan hökuməti isə Avropa Şurasının Nazirlər Komitəsinə (AŞNK) bu günlər göndərdiyi cavabda vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.
Nəhayət, iki gün öncə, dekabrın 5-də AŞNK Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) REAL Hərəkatının lideri İ.Məmmədovun qeyd-şərtsiz azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.