Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:29

'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'


İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

«Avropa Şurası Nazirlər Komitəsinin bu qərarı bir yenilikdir. Bu günə qədər 46-cı maddənin işlənməsi halı baş verməmişdi. Bu maddənin bilavasitə Azərbaycanla bağlı işləməsi konkretləşdi və artıq Bakıya bununla bağlı sorğu göndərilib, müddət verilib».

Hüquqşünas Ələsgər Məmmədli Avropa Şurası Nazirlər Komitəsinin oktyabrın 25-də verdiyi qərarı haqda danışarkən belə deyir və bunu ölkə adına «xoş olmayan qərar» kimi səciyyələndirir.

Qərarda deyilir ki, qurum Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirib-yetirməməsiylə bağlı dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Azərbaycan bununla bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirməlidir.

ERMƏNİSTANIN «ƏLİNİN GÜCLƏNMƏSİ»

Ələsgər Məmmədli qurumun Azərbaycana möhlət verməsini başadüşülən sayır:

***Buna da bax-Avropa Şurası Azərbaycana dekabrın 5-nə kimi vaxt verir

«Onların dərhal sanksiya tətbiq etməsi mümkün deyil. Üzv dövlətə daha sayqılı münasibət göstərərək ona şans tanıyıblar. Azərbaycan hökuməti bu şansı fürsətə çevirməlidir».

Hüquqşünasın fikrincə, Azərbaycanın Avropa Şurasında səs hüququnun məhdudlaşdırılması və ya qurumdan çıxarılması onun beynəlxalq ictimaiyyətdən təcridinə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın «əlini gücləndirməsinə» səbəb ola bilər.

Hərçənd Ələsgər Məmmədlinin qənaətincə, xarici işlər naziri Mahmud Məmmədquliyevin yerli mətbuata açıqlaması Azərbaycan hakimiyyətinin bu məsələdə şəxsi maraqlardan deyil, dövlətin mənafeyindən çıxış edəcəyini düşünməyə ümid yaradır:

«Əgər biz Lotu Qulini məhkəmədən azad ediriksə, İlqar Məmmədovu niyə buraxmayaq? Prinsipiallığın məqsədi anlaşılmır, ayrıca da İlqar Məmmədov məsələsinə şəxsi prizmadan yanaşmaq doğru deyil. Avropa Məhkəməsi qərar veribsə, biz də o qərara əməl etmək barədə öhdəlik götürmüşük və onu yerinə yetirməliyik».

***Buna da bax-REAL qurultay keçirməyə yer verilmədiyini deyir

M.Məmmədquliyev bu günlərdə mediaya deyib ki, Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə Nazirlər Komitəsinin son qərarını «yüksəksəviyyəli qərar» kimi qiymətləndirir, «siyasi əhəmiyyət daşısa da, məhkəmə qərarının icrasının hüquqi müstəvidə aparılması yönündə atılmış addımdır» söyləyir.

Anar Məmmədli deyir ki, Azərbaycan İlqar Məmmədovu buraxmayacağı halda AİHM-in verəcəyi qərar sanksiyalar üçün zəmin yaradacaq və bundan sonra veriləcək qərarların siyasi həssaslığı, Nazirlər Komitəsinin birtərəfliliyi, subyektivliyi ilə bağlı Azərbaycan tərəfin heç bir arqumenti qalmayacaq.

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

REAL: «GÖZLƏDİYİMİZ QƏRAR İDİ»

REAL üzvü Erkin Qədirlinin sözlərinə görə, bu, onların gözlədiyi qərardır:

«Bu, əvvəlkindən daha sərt qərardır. Dekabrın 5-dək vaxt verilməsi uzatma kimi görünsə də, amma AİHM-in haqqında qərar verdiyi İlqar Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur. Eyni zamanda, səs çoxluğu da təmin olundu, 39 dövlət qərarın lehinə səs verdi».

REAL üzvləri İlqar Məmmədovun dekabrın 5-dək azadlığa buraxılacağını istisna etmirlər.

RƏSMİLƏR SUSUR

AzadlıqRadiosu oktyabrın 25-də və 26-da Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdan Nazirlər Komitəsinin qərarı ilə bağlı mövqe almağa çalışsa da, mümkün olmayıb.

***Buna da bax-S.Seyidov: 'Bizdə sual doğur ki, nəyə görə AŞPA-dayıq?'

Hakim Yeni Azərbaycan Partiyasının digər üzvləriylə danışmaq cəhdləri də nəticəsiz qalıb.

DEPUTAT: «İLQAR MƏMMƏDOVLA BAĞLI RƏHBƏRLİYİN MÖVQEYİ OLMALIDIR»

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayevsə deyir ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərini «çox uğurla apara bilir və bu çox önəmlidir». O ki qaldı Bakıya dekabrın 5-dək möhlət verilməsinə, deputat buna təəssüfləndiyini bildirir. O da Avropa İnsan Haqları Məhkəməsinin qərarının yerinə yetirilməsi haqda tələbə Azərbaycan hakimiyyətinin səsləndirdiyi əks cavabı xatırladır:

«10 mindən artıq AİHM qərarı hələ də icra olunmayıb. Ermənistan terrorçu dövlətdir, işğalçıdır. Amma bununla bağlı bir qətnamə yoxdur. Cənab Yaqlandın (Avropa Şurası baş katibi – A.R.) vəzifə borcudur ki, bu cür məsələlərdə ədalətli mövqe göstərsin. Bəli, onun bizdən tələb etmək haqqı var. Amma onun tələb etmək haqqı kimi öhdəliyi də olmalıdır».

Konkret İlqar Məmmədovun azadlığa buraxılıb-buraxılmaması haqda suala isə Rövşən Rzayev belə cavab verir:

«Onu tam açıq deyə bilmərəm. Mənim fəaliyyətim tamam başqa istiqamətdədir. Onunla bağlı rəhbərliyin mövqeyi olmalıdır».

Azərbaycanın noyabrın 29-dək Nazirlər Komitəsinin qərarı ilə bağlı mövqeyini açıqlamaq imkanı var. Bakı belə bir addım atacaqmı? Rövşən Rzayev deyir ki, o, rəhbərliyin əvəzinə danışa bilməz.

Vaxtilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olan, indi parlamentdə bitərəfləri təmsil edən Fəzail İbrahimlinin cavabı da həmkarınkından fərqlənmir. O da Avropa Şurasının qurum olaraq missiyasını yerinə yetirməli, Azərbaycana qarşı münasibətini ədalətli müstəvidə qurmalı, ilk növbədə işğal məsələsində qətiyyət göstərməli olduğunu düşünür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG