Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:50

Rasim Musabəyov: 'Avropa Şurasından çıxmaq təhlükəsi olsaydı, ayrı cür davranardıq'


İlqar Məmmədov
İlqar Məmmədov

«Qısaca desək, bu, müsbət addımdır. Avropa Şurası qurumları bu məsələdə ardıcıllıq nümayiş etdirir, prinsipial mövqe göstərirlər. Bu da onu göstərir ki, onlarla rəsmi Bakı arasında hər hansı razılaşma, sövdələşmə yoxdur», – «Turan» xəbər agentliyinin redaktoru Şahin Hacıyev Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) dekabrın 5-də verdiyi qərardan danışarkən belə söyləyir.

***Buna da bax-Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul edib

AŞNK Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) REAL Hərəkatının lideri İlqar Məmmədovun qeyd-şərtsiz azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib. Bu proseduru ilk dəfə işə salan Nazirlər Komitəsi AİHM-ə rəsmən müraciət edərək, Azərbaycanın məhkəmə qərarını yerinə yetirmək öhdəliyini pozub-pozmadığının araşdırılmasını istəyib.

Şahin Hacıyev
Şahin Hacıyev

«Acıq edib İlqar Məmmədovu buraxmaya da bilərlər»

Ş.Hacıyev deyir ki, sözügedən qətnamə hansı nəticəyə gətirib çıxaracaq, demək çətindir:

«Amma aydındır ki, Bakıya təzyiqlər güclənəcək. Növbəti mərhələdə sanksiyalar gəlir. Avropa Şurası Nazirlər Komitəsi təsdiq edir ki, Azərbaycan üzv olduğu təşkilat qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və növbəti addım olaraq üzv ölkə cəzalandırılmalıdır. Azərbaycan sanksiya ilə üzləşə, yəni bu qurumda səsvermə hüququndan məhrum edilə, faktiki olaraq üzvlükdən çıxarıla bilər».

***Buna da bax-Ədliyyə Nazirliyi: 'İlqar Məmmədovla bağlı rəsmi mövqe bəllidir'

Bakı buna imkan verəcəkmi? Ş.Hacıyevin qənaətincə, məntiqlə Azərbaycan hakimiyyəti REAL sədri İ.Məmmədovu azadlığa buraxa, bununla da sanksiyaları önləyə bilər:

«Amma Azərbaycan hakimiyyəti çox vaxt məntiqlə davranmır. Məsələn, «Avropa Şurası bizə lazım deyil» deyə acıq edib İlqar Məmmədovu buraxmaya da bilərlər. Dəfələrlə rəsmi səviyyədə belə bəyanatlar səslənib ki, təşkilatdan çıxsaq, heç nə itirməyəcəyik».

Azər Qasımlı
Azər Qasımlı

«Artıq prosedur başladı»

İ.Məmmədovun sədri olduğu REAL Vətəndaş Hərəkatı da qərardan məmnun qalıb.

«Bu, gözlədiyimiz qərar idi. Yəni əvvəl elan etdikləri qərarı qəbul etdilər. Artıq prosedur başladı», – REAL Vətəndaş Hərəkatı sədrinin sözçüsü Azər Qasımlı belə deyir:

«Yəni Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsi ilə bağlı sorğunu Avropa İnsan Haqları Məhkəməsinə göndərdilər. AİHM-in cavabından asılı olaraq iki nəticə ola bilər: Azərbaycan Avropa Şurasından çıxarıla və ya səsvermə hüququ əlindən alına, üzvlüyü dondurula bilər. Bu sorğuya yəqin bir, ya iki ay içində cavab veriləcək».

***Buna da bax-'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

A.Qasımlının gözləntisinə görə, Azərbaycan hakimiyyəti Avropa Şurası ilə körpüləri yandırmaya, İ.Məmmədov həmin qərardan daha öncə və ya az sonra azadlığa çıxa bilər.

Deputat nikbindir: «Bu qərar qəbul olunmayacaq»

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü Rasim Musabəyov isə nikbin düşünməyə çalışır. O, Azərbaycanın Avropa Şurasından çıxarılmayacağını güman edir: «Bu maddə indiyə qədər tətbiq olunmayıb. Bu qərar hara aparacaq, demək çətindir».

Rasim Musabəyov
Rasim Musabəyov

«Azərbaycanın Avropa Şurasından çıxarılması ədalətsizlik olar», – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev belə deyir. O, belə bir qərarın veriləcəyinə inanmır.

«Onsuz da Azərbaycan Avropa Şurasında ikili standartlarla üzləşir. Yaxşı olardı, biz daha ədalətli yanaşmaya şahid olaq. Düşünürəm ki, məsələ öz həllini tapacaq. İnanmıram ki, Avropa Şurası belə qərar versin», – R.Rzayev əlavə edir.

Rasim Musabəyov: «Belə təhlükə olsaydı, biz ayrı cür davranardıq»

Onun həmkarı R.Musabəyovsa Azərbaycan bu qurumdan uzaqlaşdırılarsa, bunun ölkənin imicinə təsiri olmayacağı qənaətindədir:

«Nə baxımdan təsiri ola bilər? Elə böyük təhlükələr olsaydı, düşünürəm ki, biz ayrı cür davranardıq».

«Ayrı cür davranardıq» deyərkən deputat nəyi nəzərdə tutur? «Mənim düşüncəmə görə, İlqar Məmmədovu çoxdan azadlığa buraxmaq lazım idi. Ancaq indi bu, bir az da prinsip məsələsinə çevrilib, yəni «bizim başımıza ağıl qoymayın» kimi», – cənab Musabəyov deyir.

Ş.Hacıyev deyir ki, Azərbaycan hakimiyyəti qurumdan uzaqlaşdırılarsa, heç nə itirməyəcəyini bəyan etsə də, bu onun nüfuzuna da, qurumdakı mövqeyinə də təsir edəcək:

«Avropa Şurasında hansı məsələsə müzakirə edilir və sənin də orda səsvermə hüququn yoxdursa, mövqeyin xeyli zəifləyəcək. İkincisi də, imic məsələsi var, avtoritar, antidemokratik ölkə olmaq və beynəlxalq qanunları, qərarları inkar etmək yaxşı deyil, bu, heç kimə xeyir gətirməyib».

REAL sədri İlqar Məmmədov İsmayıllı iğtişaşlarına görə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi onun azadlığa buraxılması haqda qərar çıxarıb. Azərbaycan hakimiyyəti buna əməl etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG