Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:33

Ədliyyə Nazirliyi: 'İlqar Məmmədovla bağlı rəsmi mövqe bəllidir'


Azərbaycan höküməti Avropa Şurasına cavab verdi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Azərbaycan höküməti Avropa Şurasına cavab verdi

«İlqar Məmmədovla bağlı rəsmi mövqe var. Bu mövqedən də çıxış edilərək müvafiq tədbirlər görüləcək. Ondan artıq nəsə demək istəmirəm. Rəsmi mövqe bəllidir», – Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov AzadlıqRadiosuna belə deyir. Bu o deməkdirmi ki, REAL sədrinin işinə məhkəmədə yenidən baxılacaq və ya yaxın vaxtlarda azadlığa buraxılacaq? F.Qurbanov «Mən bundan artıq heç nə bilmirəm, heç nə deyə bilmərəm» söyləyir.

Azərbaycan hökuməti «Respublikaçı Alternativ» Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla bağlı Avropa Şurası Nazirlər Komitəsinin qərarına cavab göndərib. REAL üzvlərindən Erkin Qədirlinin sözlərinə görə, cavab məktubunda deyilir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarında İ.Məmmədovun dərhal buraxılmasıyla bağlı tələb olmadığından, hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var. Hökumət məhkəmənin İ.Məmmədovla bağlı qərarına uyğun, gərəkli tədbirləri görəcəyini də bildirir.

HÜQUQŞÜNAS İZAHATI: «HÖKUMƏTİN İZAHI YANLIŞDIR»

AzadlıqRadiosunun müraciət etdiyi bir sıra hüquqşünaslar hökumətin cavabına şərh verməkdən imtina etdilər.

İ.Məmmədovun vəkili Fuad Ağayevinsə Faiq Qurbanovun cavabına münasibəti belə oldu:

«Hökumət yetkililəri indiki şəraitdə nəsə deyə bilmirsə, biz nə deyək?».

O ki qaldı hökumətin quruma yolladığı rəsmi cavaba, vəkil onun «düzgün mülahizə»yə əsaslanmadığını söylədi:

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

«İlqar Məmmədovun birinci ərizəsi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qərarında müəyyən etmişdi ki, onun azadlıq hüququ pozulub. Bu da Konvensiyadan irəli gələn məqsədlər üçün deyil, tamam başqa məqsədlər üçün, yəni onun siyasi fəaliyyətinə mane olmaq, onu susdurmaq üçün edilib. Bu zaman Konvensiyanın 5-ci maddəsinin pozuntusu 18-ci maddəylə birgə götürülərək müəyyən edilib. Belə hallarda Avropa Məhkəməsinin qərarlarına nəzarəti özü həyata keçirmir. Bu funksiyalar Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşür. NK 2014-cü ilin dekabrından başlayaraq həmin iş üzrə İlqar Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edib. 2014-cü ilin dekabrından başlayaraq bu tələb hər rüb ortalığa qoyulub. Azərbaycan tərəfinin izah verməsi ki, pozuntunun aradan qaldırılması yollarını hökumət özü həll edə bilər, bu, tamam yanlışdır. Bu nə Konvensiyanın ruhuna, nə də mahiyyətinə uyğundur».

F.Ağayev onu da deyir ki, Azərbaycandan bu pozuntu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edən ərizəçilər azad ediliblər.

AŞ NK İ.Məmmədovla bağlı sonuncu dəfə oktyabrın 25-də qərar vermişdi. İ.Məmmədovun azadlığa buraxılması istənilən həmin qərarda Azərbaycan hökumətinə noyabrın 29-dək möhlət verilmişdi.

AzadlıqRadiosu bu cavabla bağlı deputatlardan münasibət almağa çalışıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla, eləcə də heyətin digər üzvləriylə danışmaq mümkün olmayıb.

TOFİQ ZÜLFÜQAROV: «MƏN BİLDİYİMƏ GÖRƏ...»

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovsa hesab edir ki, İ.Məmmədovun məsələsinə hüquqi müstəvidə baxılmalı və qanunun tələbləri əsasında qərar qəbul edilməlidir.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

– Mən bildiyimə görə, Azərbaycan hökumətinin verdiyi cavabda deyilir ki, İlqar Məmmədovla bağlı ilk qərar tövsiyə xarakteri daşıyır. Yəni Nazirlər Komitəsinin qərarı icra üçün nəzərdə tutulmayıb. Buna görə də deyirəm, məsələ hüquqi müstəvidə araşdırılmalıdır. İkincisi, mənə elə gəlir ki, İlqar Məmmədovun işinə yenidən baxılmalıdır. Və gərginliyi aradan götürmək üçün addımlar atılmalıdır. Bəzi məsələlər Azərbaycana təzyiq göstərilməsi üçün istifadə olunur. Ona görə də, bu işə yenidən baxmaq lazımdır, dəyərmi, dəyməzmi deyə. Hansısa məsələ dövlətin imicinə zərər gətirirsə, ona yenidən baxılıb qərar qəbul edilməsində problem görmürəm.

- Sizcə, Azərbaycan hökumətinin REAL sədrinin azadlığa buraxılmamasında dirəniş göstərməsinin səbəbi nədir?

- Bunu mən də başa düşə bilmirəm. Müxtəlif adamlarla, onun vəkiliylə də əlaqə saxlamışam. Amma axıracan səbəbini başa düşmədim. Bəlli deyil. Ümumiyyətlə, Azərbaycan hakimiyyətində fərqli mövqelərdə duran insanlar mövcuddur: konservatorlar və islahatçılar. Belə deyək, yenilikləri izləyənlər və buna qarşı çıxanlar. Bəzən onların siyasi oriyentasiyası da fərqli olur. Bəziləri istəyir ki, Rusiya ilə əlaqələr güclənsin, bəziləri istəyir ki, Qərblə. Təbii, Qərblə əməkdaşlığın dayandırılmasını istəyənlər təzyiqlər göstərilməsinə əsas verən məqamlar yaradırlar. Bu, köhnə üslubdur. Hakimiyyətdə olan bəzi ünsürlər bundan istifadə edirlər.

- Bəzən bunu hakimiyyətdəki qüvvələrlə yox, elə hakimiyyətin başında duran prezidentin şəxsi iradəsinə bağlayanlar da olur. Bu mümkündürmü?

– İlqar Məmmədov o səviyyədə siyasətçi deyil ki, rəqabət yaratsın. Hansısa müxalif partiyanın başçısıdır, sadəcə təşəbbüskar siyasətçidir. Bəlkə səhv edib, bəlkə də yox. Doğrusu, onun işinin incəliklərindən xəbərsizəm. Doğrusu, bəzi məqamlarda siyasi məqamlar qanundan üstün dayana bilər. Yəni bəzi şeylər Azərbaycana ziyan gətirə bilər deyə, bu məsələyə yenidən baxılmasında heç bir problem görmürəm. Bir də, İlqar Məmmədov azadlıqda olsa, nə baş verəsidir? Bir siyasətçi də Azərbaycanın siyasi meydanında fəal olacaq. Olsun da. Burda problem görmürəm. İnanmıram ki, prezident də görsün.

Xatırlatma

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr ilə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG