Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 05:31

Prezident kosmetik dəyişiklik edir, ya islahata gedir?


Nazirlər Kabinetinin iclası. Foto arxiv

«Ötən gün verilən fərmanı müsbətə doğru addımların başlanğıcı saymaq olar. Amma bunun davamı gəlməlidir, əks halda kosmetik dəyişiklik olacaq. Prezident özü də Nazirlər Kabinetinin iclasında dövlət aparatının şişdiyini etiraf etdi», – iqtisadçı Rəşad Həsənov dövlət başçısı İlham Əliyevin yanvarın 14-də imzaladığı fərmanları şərh edərkən deyir. Amma o hesab edir ki, bu, sadəcə, prosesin başlanğıcı sayıla bilər, davamı da gəlməlidir: «Bu gün Azərbaycanda 17 nazirlik, 8 komitə, 7 dövlət xidməti fəaliyyət göstərir. Bundan başqa, palatalar var. Bəzi qurumlarda 11 müavin ştatı mövcuddur. Yəni, yetərincə şişmiş idarəetmə strukturuna malik ölkələrdənik. Azərbaycanda bir-birini təkrarlayan qurumların sayı çoxdur. Onların birləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması üçün imkanlar var. Proses son fərmanlarla yekunlaşmamalıdır».

Prezident dedi və ləğv etdi

Prezident İ.Əliyev bu il hökumətin ilk iclasında idarəetmədə strukturun köhnəldiyini demişdi. Onun sözlərinə görə, yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. «Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib», – söyləyən İ.Əliyev hesab edir ki, buna son qoyulmalı, kadr, struktur islahatı aparılmalıdır.

İ.Əliyev
İ.Əliyev

Artıq yanvarın 14-də 3 dövlət qurumunun ləğvi, 6-sının yenidən təşkil olunması haqda fərman verilib.

Ləğv edilən qurumlar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu, Prezident yanında Strateji Araşdırmalar Mərkəzidir.

Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın və Tarif Şurasının katiblikləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupları da ləğv edilir. Onların fəaliyyəti ictimai əsaslarla tənzimlənəcək.

Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin əsasında «Azərsilah» ASC-nin yaradılması nəzərdə tutulur. Eləcə də, Kənd Təsərrüfatı Nazirliyi yanında 4 xidmət - Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti ləğv edilir və onların əsasında Aqrar Xidmətlər Agentliyi yaradılacaq.

Həmçinin, Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirməyə keçir.

N.Əliyev
N.Əliyev

«O xidmət yaradılarkən də demişdilər ki...»

Bu fərmanı şərh edən AXCP üzvü, iqtisadçı Nemət Əliyev Azərbaycanın, az qala, eksperiment meydançasına çevrildiyini söyləyir. O, Kənd Təsərrüfatı Nazirliyi yanında dörd xidmətin ləğv edilərək əvəzində Aqrar Xidmətlər Agentliyi yaradılmasına toxunur: «Həmin Fitosanitar Xidmət, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılarkən də belə demişdilər ki, məqsəd dövlət idarəçiliyini təkmilləşdirməkdir. Yaxşı bəs niyə təkmilləşmədi? Ölkənin eksperiment meydançasına çevrilməsi burdan qaynaqlanır. O qurumlar yaradıldı və az sonra məlum oldu ki, bitki mühafizəsi sahəsində vəziyyət bərbad hala düşüb, Baytarlıq Xidməti adına ümumiyyətlə, bir şey yoxdur, toxumçuluq sahəsində də eynən. Nəticədə «təkmilləşmə» adı altında biz aqrar sektorun sıradan çıxması, torpaqların münbitliyinin kəskin şəkildə azalması, məhsuldarlığın aşağı düşməsi ilə qarşılaşdıq. Bəlkə də dövlət başçısının məramı yaxşıdır, amma ortada başıpozuq fəaliyyət görürük».

İqtisadçı digər həmkarları kimi Azərbaycanda çox sayda paralel qurumların mövcudluğunu tənqid edir. O bir misal çəkir, şəxsiyyət vəsiqəsi və ya xarici pasport almaq üçün vətəndaşın ASAN Xidmətlə yanaşı, rayon polis şöbələrinə də müraciət edə biləcəyini deyir və sual edir: «paralel qurumları saxlamağa nə ehtiyac var?».

R.Həsənov
R.Həsənov

«Bu necə təkmilləşdirmə adlana bilər ki, xərclər bir az da artdı?!»

İqtisadçı R.Həsənovsa Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin və ya Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsini mümkün sayır. Və ya fəaliyyətində ciddi qüsurlar olduğunu söylədiyi Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğvini, ya da başqa bir quruma birləşdirilməsini də təklif edir.

N.Əliyev hökumətin israfçılığından narazılıq edir və nümunə gətirir: «Dövlət büdcəsində «ümumdövlət xərcləri» adlı bölmə var. Həmin xərclər 2016-cı ildə 2.4 milyard manat olmuşdusa, 2017-ci ildə 2.9 milyard manata yüksəldi. 2018-ci ildə isə 3.6 milyard manata çatdı. Bu ilin dövlət büdcəsində həmin xərclər 3.9 milyard manata qədər yüksəlib. Dinamikaya nəzər yetirəndə belə nəticə çıxır ki, dövlət idarəetməsinin təkmilləşdirilməsi adı altında görülən tədbirlər dövlət büdcə xərclərinin şişməsinə xidmət edir. Bu necə təkmilləşdirmə adlana bilər ki, xərclər bir az da artdı?».

AzadlıqRadiosu da bu haqda yazmışdı

AzadlıqRadiosu hələ 2 il qabaq indi ləğv edilən Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətini də sorğu-sual etmişdi: «SAM, hanı sənin təhlillərin?..».

O zaman qurum rəhbərliyi bu suala cavab vermək istəməmişdi, səslənən tənqidləri subyektiv adlandıraraq münasibət bildirməkdən vaz keçmişdi. Siyasi şərhçi Azər Rəşidoğlu isə qurumun fəaliyyətini qənaətbəxş saymamış, onların, sadəcə, əməkhaqqı almaqla, vaxt keçirməklə məşğul olduqlarını demişdi.

AzadlıqRadiosu bir qədər öncə son 2 ildə 10 dövlət agentliyinin yaradılmasından da yazmışdı.

Radio son proseslərlə bağlı rəsmi şəxslərdən açıqlama almaq istəsə də, mümkün olmayıb.

XS
SM
MD
LG