Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:58

İki ilə 10 dövlət agentliyi yaradılıb


Bürokratiya
Bürokratiya

Son bir ildə Azərbaycanda müxtəlif adlarda agentliklər yaradılıb. Məsələn, son prezident seçkilərindən sonra aprelin 20-də Mədəniyyət və Turizm Nazirliyi ləğv edildi, ayrıca Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. Prezidentin sərəncamına görə, mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bu addım atılıb.

Bu il Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də yaradılıb. Qurum İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında təsis olunub.

Bundan başqa, Müəllif Hüquqları Agentliyi ilə Patent və Əmtəə Nişanları Mərkəzi birləşdirilib və indi Əqli Mülkiyyət Agentliyi adı altında fəaliyyət göstərir.

Ötən il 5 agentlik yaradılıb

Ötən ilin ortalarından ölkədə daha bir neçə agentlik yaradılıb: Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi.

Manatın ikinci devalvasiyasından bir neçə ay sonra, 2016-cı il aprelin 11-də Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Təhsil Nazirliyi yanında isə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb.

Siyahıda nələrsə unudula da bilər. Amma başlıca sual başqadır: Üç il öncə böhran yaşayan, bəzi dövlət qurumlarının ixtisarından danışan hökumətin qısa müddətdə bu qədər agentlik yaratmasında məqsəd nədir?

N.Cəfərli
N.Cəfərli

İqtisadçı: «Köhnə idarəetmə institutlarını islah etmək çətindir...»

«Problem idarəetməylə bağlıdır, son zamanlar köhnə idarəetmə institutlarını islah etmək çətindir və ya islah etmək istəmirlər deyə, paralel strukturlar yaradırlar. Bu agentliklər də həmin paralel qurumların təzahürüdür. Yeri gəlmişkən, ASAN Xidmət də ona görə yaranmışdı ki, ənənəvi hökumət orqanlarını islah edə, islahatları orda həyata keçirə bilmədilər», – ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli durumu belə izah edir. Onun qənaətincə, görünür, ənənəvi hökumət qurumları işçiləri və ya rəhbərliyinin islahı gələcəkdə əlavə risklər yarada bilər deyə, paralel strukturlar yaradılır.

İqtisadçı bunu normal saymır: «Ənənəvi dövlət qurumlarının səlahiyyətləri ya əllərindən alınmalı, ya da qurum özü ləğv edilməli idi. Bəzən eyni səlahiyyətlər paralel strukturlarda qalır, idarəetmə riskləri yaradır».

Bundan başqa, N.Cəfərli agentliklərin büdcəyə yük olduğunu qeyd edir. Yeri gəlmişkən, həmin qurumların əksəriyyəti yaradılarkən büdcədən onlara təxminən 5 milyon manat vəsait ayrılıb.

«Əvvəl rüşvətlə pul toplayırdılarsa, indi...»

İqtisadçı bir məqama da diqqət çəkir, həmin agentliklər publik hüquqi şəxs statusu ilə yaradılır: «Sonradan onlara verilən səlahiyyət əsasında biznesdən və ya vətəndaşlardan leqal yolla pul toplaya biləcəklər. Yəni əvvəllər nazirliklər və komitələr ya rüşvətlə pul toplayırdılarsa, agentliklər leqal şəkildə, müəyyən rüsumlar və ya ödənişli xidmət göstərməklə biznesdən, vətəndaşlardan vəsait cəlb edəcəklər, özləri özlərini təmin edəcəklər. Yenə ASAN Xidmətdən misal çəkəcəm. Əvvəl xarici pasport almaq üçün ya uzun növbələrdə durmalı idin, ya da rüşvət verirdin, amma ASAN Xidmətdə leqal ödəniş etməklə bu sənədi qısa zamanda ala bilərsən. Bu yanaşma agentliklərdə də olacaq. Yəni əvvəl korrupsiya ilə aldıqlarını indi rəsmi şəkildə əldə edəcəklər».

V.Əhmədov
V.Əhmədov

Deputat: «Agentlik yaxşı işləyir...»

«Belə baxanda struktur nə qədər yığcam olsa, yaxşıdır. Agentliklərin yaradılmasında məqsəd də dövlət büdcəsindən daha az vəsaitin xərclənməsidir», – Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov belə izah edir.

O hesab edir ki, bəzi agentliklərin yaradılması zəruri idi. Məsələn, Reklam Agentliyi: «Reklamdan gələn vəsait çox az idi, bu vəsait, demək olar, yığılmırdı, ona görə belə bir agentlik yaradılması vacib idi. Təxminən 300-400 milyon manat vəsait ortada olduğu halda oradan büdcəyə 30-40 milyon manat vəsait gəlirdi. Və ya Turizm Agentliyinin yaradılması turizmin inkişafı ilə əlaqədardır. Burda xərclər artdı və belə bir qurum yaradıldı».

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olduğu halda ayrıca Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması lazımdırmı? Deputat cavab verir: «O boyda Nəqliyyat Nazirliyi ləğv edildi. Amma Avtomobil Yolları Dövlət Agentliyi fəaliyyət göstərir, yaxşı işləyir, yol tikintisində mühüm işlər görür. Ona görə də ayrıca qurum kimi saxladılar».

Hansı hökumət orqanlarında ixtisar vacibdir - vətəndaş mövqeyi
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

«Hotelə nə nazirlik, nə agentlik?»

«Turizm Agentliyi nəyə lazımdır?», – «Altay» Sosial-İqtisadi Araşdırtmalar Mərkəzinin rəhbəri, iqtisadçı jurnalist Elçin Bayramlı sual edir.

«Hotelə nə nazirlik, nə agentlik? Turizm istehsal sahəsi deyil. Turizmdən gəlir götürən hotel dövlətin vergisini ödəməlidir, buna da Vergilər Nazirliyi nəzarət edir. Turizmin inkişafı üçün sadəcə, proqram qəbul edilə bilər», – o deyir.

Onun fikrincə, bu cür qurumlar effektiv idarəetməni ləngidir. E.Bayramlı Azərbaycanda 20-dən artıq nazirlik və komitənin dövlət büdcəsinə yük olduğunu düşünür. İqtisadçı hesab edir ki, bir-birinə yaxın, bir-birini təkrarlayan orqanlar yaradılmamalı, əksinə, birləşdirilməlidir: «Bir-birinə yaxın qurumlar vətəndaşa da problem yaradır. Süründürməçilik, bürokratiya əmələ gəlir. Vətəndaş bilmir, kim hara baxır. Kənd təsərrüfatı ayrı olmalıdır, nəqliyyat ayrı, rabitə də tam ayrı. Bizdə gah Sənaye və Energetika Nazirliyi yaradılır, gah da ayrıca Energetika Nazirliyi. «Azərenerji» varsa, Dövlət Neft Şirkəti varsa, bu nazirliyə nə ehtiyac var?».

Yeni yaradılan agentliklərin əksəriyyətinin ili tamam olmayıb. Odur ki, onların işinin səmərəli olub-olmaması haqda ən doğru cavabı, yəqin, zaman özü verəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG