Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

'SAM, hanı sənin təhlillərin?..'


SAM-ın «Qara Dəniz və Xəzər Dənizi Regionlarında Təhlükəsizlik» mövzusunda seminarı - 12 yanvar 2017

«SAM, hanı sənin təhlillərin? Ölkə çökür... Əhalinin son qəpiyini əlindən almaqla büdcə dolmaz». Siyasi şərhçi Azər Rəşidoğlu Facebook sosial şəbəkəsində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinə müraciətlə belə yazıb.

SAM 2007-ci ildə yaradılıb. Bu il 10 yaşı tamamlanacaq Mərkəzin əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı və digər sahələr üzrə elmi araşdırmalar aparmaq, proqnoz-analitik xarakterli məlumatlarla ali dövlət hakimiyyəti orqanlarını təmin etməkdir. Qurumun saytında belə yazılır.

Mərkəzin saytına baxdıqda burda daha çox xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinə dair məqalə və təhlillərə rastlamaq olar. Məsələn, Nəcibə Mustafayeva «Ermənistanda parlament seçkiləri və onun Dağlıq Qarabağ münaqişəsinə təsiri»ndən yazır, Cavid Vəliyev «BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qətnamələri niyə yerinə yetirilmir» sualına cavab axtarır.

SAM-ın «Strateji Araşdırmalar» adlı jurnalında isə sufilikdən, keçmiş prezident Heydər Əliyevdən, konstitusiya islahatlarından («Konstitusiya islahatları demokratik dövlət idarəçiliyinin möhkəmlənməsinə, çoxşaxəli islahatların vaxtında və çevik reallaşdırılmasına təminat verir»), «NATO-nun kibersiyasəti»ndən danışılır.

Ancaq ölkənin yaşadığı iqtisadi böhranla bağlı təhlillərə rastlamaq mümkün deyil.

Qurumun 2016-cı ilin yekunları ilə bağlı hesabatında deyilir ki, ötən il SAM əməkdaşları aktual məsələlərə dair 115-dən çox analitik arayış və hesabatlar hazırlayıb, yerli və xarici kütləvi informasiya vasitələrində, elmi məcmuələrdə 150-dən çox məqalə, müsahibə və şərhləri çap etdiriblər. Hə, bir də Strateji Araşdırmalar Mərkəzi Azərbaycanda və xarici ölkələrdə 14 tədbir keçirib.

SAM-IN CAVABI: «BİZ TƏHLİLLƏRİ ADMİNİSTRASİYA ÜÇÜN HAZIRLAYIRIQ»

SAM-dan AzadlıqRadiosuna deyirlər ki, onların fəaliyyətinə yalnız saytın və ya jurnalın fəaliyyətinə görə qiymət vermək doğru deyil, Mərkəz birbaşa Prezident Administrasiyası üçün təhlillər, təkliflər hazırlayır və bunlar daxili istifadə üçündür, ictimaiyyətə açıqlanmır.

Strateji Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə müsahibə cəhdi puça çıxır. Mərkəzdən direktor Fərhad Məmmədova istinadla deyilir ki, müsahibə vermək üçün «bir proses və ya səbəb» olmalıdır: «Müsahibə naminə müsahibə vermək düzgün olmazdı. Belə səbəb yoxdur hazırda. Gələcəkdə hansısa məsələylə bağlı müsahibəyə hazırıq».

Ölkədə iqtisadi böhran yaşanır, hökumətin istefası, iqtisadi-siyasi islahatların sürətləndirilməsi haqda təkliflər səslənir. Bütün bunlar ciddi araşdırma və təhlillər tələb edir. Bu durumda, doğrudanmı, Strateji Araşdırmalar Mərkəzi müsahibə üçün əsas görmür? SAM-dan deyirlər ki, əməkdaşlar bu problemlərlə bağlı vaxtaşırı saytlarda, televiziyalarda, tədbirlərdə çıxış edirlər.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

«SADƏCƏ MAAŞ ALIRLAR, VAXT KEÇİRİRLƏR»

Siyasi şərhçi Azər Rəşidoğlu AzadlıqRadiosuna belə deyir. Onun qənaətincə:

– Əslində, SAM çox mühüm və olduqca zəruri bir qurumdur. Onun işinin görünməməsinin bir səbəbi təhlilləri mətbuata yox, daxili istifadə üçün hazırlamaları ola bilər. Ancaq son illərin müşahidələri onu göstərir ki, Mərkəzin fəaliyyəti, ümumiyyətlə, hiss olunmur. Elə bir fakta diqqət yetirək ki, Misirdə «ərəb baharı» başlamazdan bir qədər öncə Xırdalan şəhərində prezident Hosni Mubarak-a heykəl qoyurdular. Ən azı, bu detal onu göstərir ki, bu cür hadisənin baş verməməsi üçün SAM yaxın bölgədə baş verən prosesi dərindən təhlil etməliydi. Kiçik bir detaldır. Amma o zaman Azərbaycan hakimiyyəti çox pis vəziyyətdə qalmışdı. Heykəlin açılışına bir neçə gün qalmış bəlli oldu ki, Misirdə inqilab baş verib və Mubarak devrilib. Digər tərəfdən, ölkədə siyasi proseslər, dini fanatizm, radikalizm, etnik qarşıdurma, vətəndaş cəmiyyətinin boğulması kimi məsələlər o qədər şişib ki, ciddi təhlillərə, güclü beyin mərkəzlərinə, beyin fırtınasına ehtiyac var. Bu məsələlərin müzakirə edilməməsi ondan xəbər verir ki, SAM, ümumiyyətlə, fəaliyyət göstərmir, ora yığılan ekspertlər, mütəxəssislər özləri də proseslərin necə, nəylə bitəcəyini nəinki proqnozlaşdıra bilmirlər, təhlil belə etmirlər. Rüsvayçı bir haldır ki, Azərbaycan kimi coğrafi şəraiti olan, geostrateji məkanda yerləşən ölkənin beyin mərkəzi SAM iş görmür və bu cür nöqsanlı fəaliyyətə malikdir.

– Amma Mərkəzdən deyirlər ki, onlar təhlil və proqnozları daxili istifadə üçün nəzərdə tuturlar. Ola bilərmi bu fəaliyyətin keyfiyyəti, sadəcə, kənardan sezilməsin?

– Mən də bunu vurğuladım. Amma Hosni Mubarak heykəli ilə bağlı qalmaqaldan sonra orda dəyişikliklər baş verdi. Mən təsadüfən bu misalı çəkmədim. İkincisi, ölkədə baş verən proseslərin qarşısı alınmır, daha da dərinləşir. Bu o deməkdir ki, ya onların təhlilləri çox zəifdir, inandırıcı deyil, ölkənin siyasi elitası və Prezident Administrasiyası onlara zəif olduğu üçün önəm vermir, ya da heç təhlil aparmırlar. Ola bilməz ki, ciddi ekspertlər təhlillər hazırlasın və onların irəli sürdüyü təkliflər qəbul edilməsin. Dediyim kimi, təhlillər ya zəifdir, ya da yoxdur.

– Səbəb nədir?

– Azərbaycanda təşəbbüskar olmaq divident gətirmir, görünür, onlar, sadəcə, əməkhaqqı almaqla, vaxt keçirməklə məşğuldurlar. Qəbul edirəm, daxili istifadə üçün müəyyən təhlillər hazırlayırlar. Amma onlar dəyirmi masalar təşkil etməklə bir çox məsələləri müzakirəyə çıxara bilərdilər. Bu baş vermir. Məsələ müzakirəyə çıxarsınlar ki, dini radikalizm nə həddədir, məzhəblərarası çatışma mümkündürmü, sekulyar institutlarla dini cameənin yeri haradadır? Bunları telekanallarda, sosial şəbəkələrdə müzakirəyə çıxarmaq olardı. Bunların heç biri yoxdur. Və ya Qarabağ münaqişəsi ilə bağlı hansı təhlillər aparılıb, hansı təkliflər verilib hökumətə? Xarici İşlər Nazirliyinin bəyan etdiyi «Madrid prinsipləri»ylə bağlı dediklərindən başqa hansı prinsiplər ekspertlər səviyyəsində müzakirəyə çıxarılıb? Heç bir iş görülmür, axı. SAM-ın fəaliyyəti qənaətbəxş deyil.

AzadlıqRadiosu SAM-dan tənqidlərə münasibət öyrənmək istəsə də, oradan «subyektiv fikirlər» haqda danışmaq istəmədiklərini bildirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG