Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:49

4-cü müddətə gedən İlham Əliyev əvvəlki vədlərinə necə əməl edib? [video]


İlham Əliyevin seçki vədləri: Nələr yerinə yetirildi?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

İlham Əliyevin seçki vədləri: Nələr yerinə yetirildi? [A-Live]

4-cü dəfə prezidentliyə namizəd İlham Əliyev əvvəlki seçki vədlərinə necə əməl edib?

Beş il əvvəlki, 2013-cü il seçkilərində hakim partiyaya məxsus “ilhamlaireli” internet səhifəsi prezidentin seçki platformalarını yerləşdirib.

Burda İlham Əliyev, daha əvvəlki 2005-2013-cü illər prezidentlik müddəti üçün 10 nailiyyətini sadalayır.

Bildirir ki, ötən beş il ərzində korrupsiya kimi neqativ hallara qarşı mübarizənin işlək mexanizmi formalaşdırıldı, sistemli tədbirlər sayəsində beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan nəticələr əldə edildi.

2013-cü ilin seçki platformasında isə o, korrupsiya ilə mübarizə mövzusuna toxunmur.

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Gələcəyə 10 addım adlı platformada əsasən bunlar vurğulanır:

1. İqtisadiyyat 2 dəfə artırılacaq, qeyri-neft sektorunun üstünlüyü təmin ediləcək.
2. Yoxsulluq və işsizlik aradan qaldırılacaq.
3. Ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat və ticarət mərkəzinə çevriləcək.
4. Bölgələrlə paytaxtın inkişafı arasında tarazlıq tam bərqərar olacaq.
5. Biznesin inkişafına maneçilik törədən neqativ hallar tam aradan qaldırılacaq.
6. Elm, təhsil və səhiyyədə çalışanların əmək haqları əsaslı şəkildə artırılacaq.
7. İpoteka kreditlərindən istifadəsi asanlaşdırılacaq.
8. Azərbaycanın regional və qlobal proseslərə təsir imkanlarını artıracaq.
9. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.
10. Demokratik inkişaf dönməz prinsipinə çevriləcək.

Son 5 ildə həmin vədlərdən hansılar reallaşdırıldı?

Məsələn, qeyri-neft sektorunun üstünlüyünün təmin edilməsi ilə bağlı vədi götürək. Ötən seçkidən cəmi bir il sonra - 2014-cü ildən neftin qiyməti qəfildən düşdü. Buna görə manat iki dəfə dəyər itirdi. 11 bank bağlandı. bank borcları 2 milyard manata çatdı.

Buna da bax: Camaat ümidini niyə ölkənin hakim ailəsinə bağlayır? [video]

İlham Əliyevin başqa bir vədi bu idi ki, yoxsulluq və işsizlik aradan qaldırılacaq. Amma hətta rəsmi statistika belə, ötən beş ildə yoxsulluğun artdığını deyir - dövlət statistikasına görə, 2013-cü ildə yoxsulluq 5,3 faiz idisə, 2016-cı ildə bu rəqəm 5,9 faiz olub.

Tənqidçilər reallıqda yoxsulluğun daha çox olduğunu deyirlər.

2013-2016-cı illərdə rəsmi işsizlik eyni həddə olub - təqribən 5 faiz həddində.

Amma İlham Əliyevin vədləri içərisində reallaşanları da var. O qeyd etmişdi ki, Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat və ticarət mərkəzinə çevriləcək.

Hələlik, Azərbaycan mühüm nəqliyyat və ticarət mərkəzinə çevrilməsə də, son beş ildə Bakı-Tbilisi-Ceyhan neft müqaviləsini yenilədi, Bakı-Tbilisi-Qars dəmiryol xəttini işə saldı.

Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]

Prezidentin 2013-cü il vədlərindən biri də bu idi ki, biznesin inkişafına maneçilik törədən neqativ hallar tam aradan qaldırılacaq, orta və kiçik sahibkarlığa dövlət dəstəyi gücləndiriləcək.

Sahibkar, keçmiş deputat Nazim Bəydəmirli deyir ki, İlham Əliyev çıxışlarında biznesə dəstək verdiyini desə də, hətta Sahibkarlığa Kömək Milli Fonduna hər il vəsait ayırsa da, biznesmenlərin problemləri qalır:

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

"Bu siyasi dəstək görünür, amma reallıqda, bazarda, dükanda, biz Azərbaycanın yenə idxaldan asılılığını görürük. O baxımdan əlbəttə ki, ölkədə məmur sahibkarlığı mövcud olduğundan, inhisarçılıq olduğundan, bazar buna adekvat reaksiya vermir, ayrılan vəsaitlər bu və ya digər formada mənimsənilir və vəsaitlərin ayrılma mexanizmi effektiv deyil, bazar tələblərinə uyğun deyil".

Buna da bax: 'Seçkiyə yolasalma' [karikatura]

İlham Əliyevin başqa bir vədi bu idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq və azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçiriləcək.

Bu illər ərzində, Qarabağ azad olunmadı. Amma 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri ilə qısamüddətli hərbi toqquşmada Azərbaycan ordusu Qarabağ istiqamətində bir neçə mövqeni ələ keçirdi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçkünləri qaytarmaq mümkün oldu.

Cocuq Mərcanlı kəndi
Cocuq Mərcanlı kəndi

Prezident 2013-cü il seçkilərində, demokratik inkişaf, siyasi plüralizm vəd etsə də, nə 2015-ci il parlamentində iri müxalifət qüvvələri təmsil olundu, nə də aprelin 11-də keçiriləcək prezident seçkisində təcrübəli müxalifət lideri təmsil olunacaq- onlar siyasi plüralizmin olmadığını, nəticələrin Əliyevin xeyrinə dəyişdiriləcəyini əsas gətirib, seçkiyə getmirlər.

Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'

Son seçkidən cəmi bir il sonra, AzadlıqRadiosu-nun Bakı ofisi bağlanıb, bir çox xarici və yerli QHT-lərə qarşı cinayət işi açıldı, onların fəaliyyəti məhdudlaşdırıldı.

İlham Əliyevin özünün son çıxışlarını izləyəndə məlum olur ki, prezident vədlərini yerinə yetirdiyi qənaətindədir.

O, bu ilin fevralında, Yeni Azərbaycan Partiyasının qurultayında deyib ki, Azərbaycan demokratik ölkədir, bütün azadlıqlar təmin olunub.

Prezident iqtisadiyyatın uğurla inkişaf etdiyini, sosial siyasətin uğurla həyata keçirildiyini deyib.

Buna da bax: 'Azercell'in yeni sahibi kim olacaq - dövlət ya ailə? [video]

Biz Bakı sakinlərini müzakirəyə qatmışıq, onlardan soruşmuşuq ki, İlham Əliyevin prezidentliyə namizəd kimi verdiyi vədlərdən hansılar yadınızda qalıb, onlar necə icra edildi?

İndi aprelin 11-də yenidən prezident seçkisi keçirilir və 15 ildir ki, prezident kürsüsündə oturmuş İlham Əliyev 4-cü dəfə də seçilməyə iddialıdır. 2015-ci ildə keçirilmiş referendumla, Konstitusiya dəyişdirilib, indi prezident 7 illiyinə seçilir. Yəni, aprelin 11-də qalib olacaq namizəd 7 il hakimiyyət başında qalacaq. üstəlik eyni şəxsin istədiyi qədər də prezidentliyə namizədliyini irəli sürməsinə Konstitusiya yol verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG