Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 03:29

İctimai fəalın iki ay həbs olunduğu deyilir


F.İsmayılov

İctimai fəal Fuad İsmayılovun 60 sutka inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, F.İsmayılov martın 7-də yoxa çıxıb: «Fuad günorta saat 2 radələrində evdən çıxıb. Sonra ondan məlumat ala bilmədik. Bir müddət keçəndən sonra anası Daxili İşlər Nazirliyinin (DİN) «102» Xidmətinə zəng vurub. Sonra isə bizə məlum oldu ki, Fuadı polis saxlayıb».

Yaxınları əlavə edib ki, F.İsmayılovu Suraxanı rayon 32-ci Polis Bölməsinin əməkdaşları saxlayıb, daha sonra isə o, Suraxanı Rayon Məhkəməsinə aparılıb: «İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 2 aylıq həbs veriblər. Bundan başqa heç bir məlumatımız yoxdur».

Bütün bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyi və Suraxanı Rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

F.İsmayılovun bundan öncə, fevralın 16-da parlament seçkilərin nəticələrinə etiraz məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) önündə təşkil olunmuş aksiya zamanı saxlanıb buraxıldığı da bildirilirdi.

Aksiyanın təşkilatçıları Müsavat, ReAL partiyaları, D18 təşkilatı və bəzi başqa namizədlər idi.

Fevralın 21-də isə F.İsmayılovun MSK-nın qarşısında divara şüar yazarkən saxlanıb buraxıldığı açıqlanmışdı. Amma onda da yayılan bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmamışdı.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yenə Azərbaycan Partiyası (YAP) qazanıb. Əslində, Azərbaycanda parlament seçkiləri bu ilin payızında keçirilməli idi. Amma deputatlar YAP-ın istəyi ilə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezidentin islahatlarına dəstək məqsədi ilə izah etmişdilər.

Müxalifətin bir qismi hakimiyyətin islahatların imitasiyasını yaratmaq istədiyini bildirərək seçkiləri boykot etdilər. Onlar dedilər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum mühit belə yoxdur. Rəsmilər isə bu fikirlərlə razılaşmırlar.

Seçkinin səhəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu da ilkin rəyini açıqladı və orada bir sıra tənqidi fikirlər yer aldı.

Seçkidən sonra MSK 4 dairədə nəticələri ləğv etmişdi. Həmin dairələrdə seçicilərin iradəsinə müdaxilə olduğu bildirilirdi.

Bəzi müxalif partiyalar və müstəqil namizədlər isə bütün dairələrdə nəticələrin ləğvini istəyirdilər. Hərçənd, MSK və Konstitusiya Məhkəməsi buna ehtiyac görmədi.

XS
SM
MD
LG