2026, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:31

'Human Rights Watch' Bəşir Süleymanlıya azadlıq tələb edir

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Human Rights Watch" insan haqları təşkilatı Azərbaycan parlamentinin qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini tənzimləyən qanunvericilik təşəbbüsünü pisləyib. Təklif olunan dəyişikliklər hökumətin müstəqil qurumların işini dayandırmaq və onları ləğv etmək səlahiyyətlərini genişləndirəcək, yeni qeydiyyat tələbləri müəyyənləşdirəcək və bu təşkilatların fəaliyyətini daha da məhdudlaşdıracaq.

Noyabrın 19-da isə məhkəmə tanınmış hüquq müdafiəçisi Bəşir Süleymanlını 7 il 6 ay azadlıqdan məhrum edib. Qurum bu qərarın xaricdən maliyyələşdiyinə görə cinayət təqibinə məruz qalan vətəndaş cəmiyyəti fəallarına qarşı çıxarılan bir sıra ağır hökmlərin sonuncusu olduğunu bildirir.

Təklif olunan qanunvericilik dəyişiklikləri dövlət orqanlarına QHT-lərin fəaliyyətini bir ilədək dayandırmaq səlahiyyəti verir və təşkilatların məhkəmə qərarı ilə ləğvi üçün əsasları artırır. Qurum bunların "sui-istifadəyə yol açan qeyri-müəyyən meyarlar" olduğunu vurğulayır.

"Human Rights Watch" Vətəndaş Hüquqları İnstitutunun direktoru B.Süleymanlının 7 il yarım azadlıqdan məhrum olunmasını "vətəndaş cəmiyyətinə növbəti zərbə" adlandırır. Qurumun bəyanatına görə, onun təqsirli bilindiyi çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları siyasi motivli görünür.

"Azərbaycan hakimiyyəti təklif olunan dəyişiklikləri geri götürməli, qanuni fəaliyyətlərinə görə həbs edilmiş Süleymanlını və digər vətəndaş cəmiyyəti fəallarını azadlığa buraxmalı, müstəqil qurumlara qarşı cinayət qanunvericiliyindən sui-istifadəyə son qoymalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları isə hökumətdən birləşmək azadlığının qorunması üzrə öhdəliklərini yerinə yetirməsini tələb etməlidirlər", – "Human Rights Watch" bildirir.

Bu bəyanata hakimiyyət hələlik rəsmi münasibət açıqlamayıb. Ancaq rəsmilər indiyədək oxşar tənqidləri rədd edib, ölkədə birləşmək və digər azadlıqların təmin olunduğunu, heç kəsin siyasi təqibə məruz qalmadığını bildiriblər.

​
XS
SM
MD
LG