2026, 19 Noyabr, cümə axşamı, Bakı vaxtı 23:16

Bəşir Süleymanlı: 'Qeyri-qanuni heç nə olmayıb'

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə həbsdə olan ictimai fəallardan daha birinə — "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlıya 7 il 6 ay həbs cəzası verilib. Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Vüqar Seyidovun sədrliyi ilə çıxarılan hökmə görə, B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və digər əməllərdə təqsirli bilinib.

İstintaq materiallarında qrant vəsaitlərinin rəsmi qeydiyyatdan keçirilmədiyi iddia olunur və bu səbəbdən həmin məbləğ qanunsuz gəlir hesab edilir.

46 yaşlı B.Süleymanlı hökmdən əvvəlki son sözündə bu ittihamların uydurma olduğunu deyib. O bildirib ki, Baş Prokurorluğun İstintaq İdarəsinə "QHT işi" üzrə cəzalandırılacaq konkret şəxslərin siyahısı təqdim edilib və özü də məhz buna görə həbs olunub: "Bildiyimə görə, USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) təkcə 2024-cü ildə Azərbaycanda 45 layihəyə maliyyə ayırmışdı. Onlardan yalnız beş nəfər müstəqil vətəndaş cəmiyyəti təmsilçisi cəzalandırıldı. Halbuki USAID Ədliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin layihələrini, hətta regiondakı məhkəmə binasının təmirini də maliyyələşdirmişdi".

B.Süleymanlı əvvəlki ifadələrində də vurğulamışdı ki, beynəlxalq donorlardan alınan vəsaitlər tam qanuni yollarla əldə edilib və bölgələrdə yaşayan vətəndaşlara, o cümlədən məcburi köçkünlərə hüquqi yardım göstərilməsinə, seçkilərin monitorinqinə sərf olunub: "Mən heç bir cinayət törətməmişəm. Müxtəlif təşkilatlardan vəsaitlər alınıb və bütün proses tam qanuni şəkildə aparılıb. Pulların hamısı kart hesabına köçürülüb. Burada qeyri-qanuni heç nə olmayıb".

Xatırlatma

Azərbaycanda QHT-lərlə bağlı 2014-cü ildə açılan cinayət işi 2022-ci ildə dayandırılmışdı. 2025-ci ilin fevralında Baş Prokurorluq istintaqı yenidən bərpa edib və xarici donorlarla işləyən ictimai fəallara qarşı cinayət işi qaldırıb. Nəticədə beş nəfər həbs edilib, 10-a yaxın fəal haqqında həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib, iki nəfər isə axtarışa verilib.

Həbs edilənlər arasında B.Süleymanlı ilə yanaşı, "Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da var. Artıq onlardan A.Əhmədova 8 il, Z.Zəkiyevə isə 7 il 3 ay həbs cəzası kəsilib.

Barəsində alternativ qətimkan tədbiri seçilmiş fəallardan Aygül Pəncəliyeva, Nərgiz Muxtarova, Asiman Qocayev, Mehriban Rəhimli, Məhərrəm Göyüşoğlu, Ülviyyə Babasoy və digərlərinə isə şərti cəza verilib.

Təqsirləndirilən bütün QHT təmsilçiləri ittihamları rədd edir və heç bir cinayət törətmədiklərini deyirlər.

​
XS
SM
MD
LG