2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 14:03

Beynəlxalq qurumlar Fərid Mehralızadəyə azadlıq tələb edirlər

Fərid Mehralızadə
Fərid Mehralızadə

Noyabrın 22-də AzadlıqRadiosunun həbsdə olan əməkdaşı, iqtisadçı Fərid Mehralızadənin 32 yaşı tamam olub. Bir sıra beynəlxalq insan haqları və media qurumları həmin gün sosial media paylaşımlarında jurnalistə azadlıq tələb ediblər.

"AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə bu gün 32 yaşını Azərbaycanda haqsız yerə həbsdə qarşılayır. O, doğum gününü həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə keçirmək əvəzinə, jurnalist fəaliyyətinə görə cəzalandırılır. Fərid azadlığa buraxılmalıdır", – Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya bölməsi X platformasında yazıb.

"Human Rights Watch" insan haqları təşkilatı və Tom Lantos İnsan Haqları Komissiyası da eyni çağırışla çıxış ediblər.

"Amnesty International USA" isə Azərbaycanda siyasi motivli ittihamlarla həbs olunduğu bildirilən bütün şəxslərin azadlığa buraxılmasını istəyib. "Azərbaycanda Fərid Mehralızadə, eləcə də saxta, siyasi motivli ittihamlarla özbaşına saxlanılan və ya məhkum edilən bütün hüquq müdafiəçiləri, fəallar, jurnalistlər və hökumət tənqidçiləri sərbəst buraxılmalıdır", – qurumun X paylaşımında deyilir.

ABŞ-dən çağırış

ABŞ Konqresinin Azərbaycan üzrə qrupunun həmsədri Robert Aderholt Fərid Mehralızadənin həbsinin açıq-aşkar siyasi motivli olduğunu yazıb: "Bu gün AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə 32 yaşını Azərbaycanda saxta ittihamlarla haqsız yerə həbsdə qarşılayır. ABŞ Konqresinin Azərbaycan üzrə qrupunun həmsədri kimi bildirirəm ki, Fəridin iki il əvvəl tutulması açıq-aşkar siyasi motivli idi və ABŞ–Azərbaycan münasibətlərinin daha məhsuldar inkişafına zərbə vurur. O, azadlığa buraxılmalıdır".

ABŞ-dən oxşar çağırışlar bundan əvvəl də səslənib. Sonuncu dəfə sentyabrda üç senator Donald Tramp administrasiyasını Azərbaycanda siyasi məhbusların azad olunmasına nail olmağa və onların hamısının buraxılmasını Strateji Tərəfdaşlığın şərti kimi irəli sürməyə çağırmışdı.

Jurnalistlərə qarşı həbs dalğasının başlamasının 3 ili tamam oldu

F.Mehralızadə 2024-cü il mayın 30-da saxlanılıb. Ona "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı açılmış cinayət işi çərçivəsində qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər ittihamlar irəli sürülüb. Jurnalistlər və müdafiəçiləri bu ittihamları rədd edərək, ortaya tutarlı sübut qoyulmadığını bildiriblər. F.Mehralızadə 9 il azadlıqdan məhrum edilib. İş üzrə təqsirli bilinən digər jurnalistlərə isə 7 il 6 aydan 9 ilədək həbs cəzası kəsilib.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Yerli hüquq müdafiə təşkilatlarının hazırladığı siyahılara əsasən, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var.

Hökumət təmsilçiləri isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə təqib edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, sözügedən siyahılarda adları keçən şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Buna baxmayaraq, beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız yerə saxlanılan şəxsləri dərhal azad etməyə çağırırlar.

​
XS
SM
MD
LG