2026, 18 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

'Amnesty International': 'AbzasMedia' əməkdaşları müstəqil jurnalistikaya görə 3 ildir həbsdədir

'AbzasMedia işi'ndə yekun qərar: 'Məqsəd bizi susdurmaqdır'

No media source currently available

'AbzasMedia işi'ndə yekun qərar: 'Məqsəd bizi susdurmaqdır'

"AbzasMedia"nın yeddi jurnalisti üç ildir ki, ailələrindən uzaqda, ağır şəraitdə həbsdə saxlanılır. Onlar Azərbaycanda müstəqil jurnalistikaya qarşı başlayan genişmiqyaslı təqiblərin ilk hədəfləri olublar. Bu fikirləri noyabrın 17-də "Amnesty International" təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers səsləndirib. Noyabrın 20-də "AbzasMedia" araşdırmaçı nəşrinin əməkdaşlarına qarşı həbslərin başlamasının üç ili tamam olur.

Təşkilatın açıqlamasında bildirilir ki, təzyiqlər təkcə əsassız həbslərlə bitmir. Jurnalistlərin yaxınları və vəkilləri həm "AbzasMedia" əməkdaşlarına, həm də tənqidi fəaliyyətlərinə və fərqli fikirlərinə görə həbs edilən digər şəxslərə qarşı pis rəftarın artdığını deyirlər. Buraya təkadamlıq kameralarda saxlanma, tibbi yardımdan məhrumetmə, döyülmə və digər hallar daxildir.

"Azərbaycan hakimiyyəti ifadə azadlığı hüququndan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidir. Hakimiyyət bütün məhbuslara lazımi tibbi yardım göstərməli, zorakılıqla bağlı məlumatları dərhal araşdırmalı və pis rəftarın bütün formalarına son qoymalıdır", – M.Strazers vurğulayıb.

Təzyiqlərin artması barədə xəbərlər gəlir

2023-cü il noyabrın 20-də "AbzasMedia"nın direktoru Ülvi Həsənli saxlanılıb. Ardınca nəşrin daha beş jurnalisti, o cümlədən AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib. 2025-ci il iyunun 20-də onların yeddisinə də maliyyə ittihamları ilə 9 ilədək həbs cəzası kəsilib. Jurnalistlər bu ittihamları rədd edir, həbslərini birbaşa peşə fəaliyyətləri ilə bağlayırlar.

Beynəlxalq media və insan haqları təşkilatları da baş verənləri Azərbaycanda müstəqil mediaya qarşı yönəlmiş təzyiq dalğasının bir hissəsi kimi dəyərləndirirlər.

Sonradan bənzər ittihamlar ToplumTV-nin jurnalistlərinə qarşı da irəli sürülüb və onlar bu ilin iyulunda 12 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər.

MeydanTV əməkdaşlarının oxşar ittihamlarla məhkəmə prosesi isə hazırda davam edir.

Noyabrın 2-də "AbzasMedia"nın direktoru Ü.Həsənlinin təkadamlıq kameraya salındığı xəbəri yayılıb. Məlumata görə, həbsxana rəhbərliyi Həsənliyə təzyiq göstərərək ondan "AbzasMedia"nın təcridxanalardakı şərait və ehtimal olunan qanun pozuntuları barədə materiallarını silməyi tələb edib. Həsənlinin buna etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

"Amnesty International" həbsdə olan digər jurnalistlərə və fəallara qarşı da təzyiqlərin güclənməsi barədə məlumatlar aldığını açıqlayıb.

Rəsmi qurumlar isə indiyədək bu cür iddiaları təkzib edib, bütün məhbusların hüquqlarının qorunduğunu bildiriblər.

​
XS
SM
MD
LG