Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Huawei telefonlarının axırı nə olacaq?


Trump administrasiyasının Huawei şirkətinə qarşı sanksiyalarının zərbələri hiss olunmağa başlayıb, lakin bu zərbələrin hansı istiqamətlərə yönəldiyi hələ tam aydın deyil.

Çinin texnoloji nəhəngini çiplərlə təchiz edən ABŞ şirkətlərinin səhm qiymətləri mayın 20-də kəskin düşüb. Digər tərəfdən Huawei Google şirkətinin populyar proqramlarından və xidmətlərindən məhrum olacağının gözləntisi ilə smartfonların satışında azalmanı hiss etməyə başlayıb.

Associated Press xəbər agentliyinin ekspertləri yazırlar ki, ABŞ Çinlə ticarət müharibəsində eskalasiyanı artırıb, lakin uzun müddətdə Pekin özünütəchizata keçməklə qazanan tərəf opla bilər.

AP ekspertləri bu müharibənin arxasında nələrin olduğuna diqqət yetiriblər.

Nə baş verir?

Ötən həftə ABŞ-ın Ticarət Nazirliyi Huawei şirkətini özünün Vahidlər Siyahısına (Entity List) daxil edib. Bu o deməkdir ki, ABŞ firmaları bundan sonra bu şirkətə hökumətin icazəsi olmadan texnologiya sata bilməzlər.

Google bildirib ki, indiyədək istehsal olunmuş Huawei smartfonlarını təchiz edəcək, amma gələcəkdə istehsal olunacaq telefonların, xəritələr, Gmail və axtarış kimi aparıcı aplikasiya və xidmətləri olmayacaq. Bu telefonlara yalnız mövcud baza xidmətləri göstəriləcək. Bu isə öz növbəsində alıcıların Huawei telefonlarına marağını azaldacaq.

Burası da var ki, Huawei şəbəkə avadanlığı üçün dünyanın aparıcı provayderi olsa da, kompüter çipləri də daxil ABŞ-dan alınan komponentlərdən asılıdır. Huawei şirkətinin təchizatçılarının üçdə biri ABŞ şirkətləridir.

Huawei niyə cəzalandırılır?

ABŞ-ın müdafiə və kəşfiyyat icmaları bir xeyli müddətdir ki, Huawei şirkətini Pekinin repressiv hakimiyyətinin etibarsız agenti olmaqda ittiham edirlər, hərçənd bu zaman heç bir dəlil təqdim olunmur.

Ekspertlər hesab edirlər ki, ABŞ hökumətinin sanksiyaları geniş mənada Avropa müttəfiqləri üzərinə təzyiq göstərilməsi məqsədi güdür. Bu təzyiq Avropanı simsiz şəbəkənin növbəti nəslinin qurulmasında Huawei şirkəti avadanlığından istifadə etməməyə məcbur etməlidir.

Vaşinqton bildirir ki, bu, milli təhlükəsizlik məsələsidir və Huawei İrana qarşı ABŞ sanksiyalarına əməl etmədiyinə görə cəzalandırılır. Amma ekspertlərin fikrincə əsas məqsəd iqtisadi və texnoloji hegemonluq uğrunda mübarizədə qalib gəlməkdir.

Prezident Donald Trump bildirir ki, onun dişə-diş, gözə-göz ticarət müharibəsinin uzunmüddətli məqsədi Çin dövləti tərəfindən maliyyələşdirilən kiberticarət və sirr oğurluğunun qarşısına sipər çəkməkdir.

Sanskiyaların zərbəsi

Təhlilçilər bildirirlər ki, Huawei yalnız “lüt qalmış” Android-dən istifadəyə məcbur olsa, nəticədə alıcılar onun telefonlarını almaqdan imtina edəcəklər.

Hazırda 2-ci ən böyük smartfon təchizatçısı olan Huawei Apple-dən sonrakı – 3-cü yerə düşə bilər. Google əlbəttə müəyyən güzəştlər almağa çalışacaq, lakin çətin bu barədə açıq şərhlər versin.

Huawei telefonlarının əsas istifadəçiləri kimdir?

Əksər amerikalılar hətta Huawei (Hua-uey) sözünü necə tələffüz edildiyini bilməsələr də, bu smartfon dünyanın başqa yerlərində çox məşhurdur.

Huawei oğrun-oğrun yeni bazarlara daxil olmaqla və alıcılarına daha sərfəli qiymətlər təklif etməklə, xüsusilə aşağı gəlirli insanların və ailələrin sevimli smartfonuna çevrilib. Gartner firmasından təhlıilçi Annette Zimmermann-ın hesablamalarına görə hazırda Çin şirkətinin smartfon məhsulunun 13 faizi Avropada satılır.

Bütün bunlar Huawei smartfonlarını bu ilin üç ayı ərzində ikinci ən çox satılan mobil telefon edib.

Huawei yanvar-mart aylarında 59 milyon smartfon ixrac edib və bu, Apple telefonlarından 23 milyon dəst çoxdur.

Sanksiyaların Amerikada “dalğav effekti"

Ekspertlər bildirirlər ki, ABŞ sanksiyaları ABŞ-ın özündə xoşagəlməz dalğa effekti yarada bilər. Bu, Huawei-in Amerika şirkətlərindən, xüsusilə də smartfonlar, kompüterlər və internet şəbəkəsi cihazları üçün aldığı mikroprosessorların həcmindən asılı məsələdir.

Çin şirkətinə qoyulan sanksiyaların ilk növbədə Micron Technologies, Qualcomm, Qorvo və Skyworks Solutions kimi çip istehsal edən şirkətləri vuracağı gözlənilir. Huawei bütün bu şirkətlərin alıcı siyahısında birincidir. Bundan başqa ABŞ-ın Xilinx, Broadcom və Texas Instruments kimi şirkətləri də təsirlənə bilər.

Huawei itkisi, onsuz da Çin üzərinə qoyulmuş yeni tariflərdən ziyan çəkən çip istehsalçılarına əlavə yük olacaq.

Məhz buna görə də ABŞ Ticarət Nazirliyi mayın 20-də bəyan edib ki, yeni sanksiyalardan təsirlənə biləcək şirkətlərə 90 günlük güzəşt müddəti verilir. Nazirlik bu müddəti uzada və ya daha ağır ziyan çəkə biləcək şirkətlər üçün olduğu kimi saxlaya bilər.

Burda çox şey Fransa, Almaniya, Britaniya və Hollandiya da daxil bir sıra ölkələrin şəbəkələmə işində Huawei şirkətinin xidmətindən nə dərəcədə imtina edəcəyindən asılı olacaq.

Güzəşt müddəti ABŞ provayderlərinə ona görə verilir ki, onlar Huawei şirkətini təhlükəsizlik siqnalları ilə təmin edə bilsinlər. Bu şirkətlər həm də bu müddətdə Çin şirkəti ilə 5G şəbəkəsi barədə danışıqlarda olacaqalr.

Bu müddətdə habelə ABŞ-ın ucqarlardakı çoxkanallı şəbəkə operatorları Huawei ruterlərindən istifadəyə son qoymalıdırlar.

Çin tam yerli istehsala keçə bilər

Huawei artıq indidən ən böyük qlobal şəbəkə avadanlığı təchizatçısıdır və belə görünür ki, bütün komponentlərin elə Çində istehsalına doğru hərəkət edə bilər.

Çin onsuz da 2025-ci ilədək tam texnoloji müstəqillik hədəfi qoyub.

Digər tərəfdən ABŞ-ın təchizatçı texnoloji şirkətləri satışın azalması ilə bağlı işçi qüvvəsinin ixtisarına başlaya bilər.

Hazırda ABŞ-da texnologiyalar sahəsində 52 min işçi sırf Çinə ixracatla məşğuldur.

Bəs Google şirkəti?

Google da lisenziya ödənişlərində və Huawei telefonlarında gedən reklamlardan gələn pullarda itirə bilər. Bütün hallarda Huawei şirkəti ilə bağlı vəziyyət bu il üçün 160 milyard dollar gəlir götürməyi planlaşdıran Google üçün təsirsiz ötüşməyəcək.

Apple də ziyana düşəcək

Nəzəri baxımdam Huawei şirkətinin itkiləri həm Samsung, həm də Apple şirkətinin smartfon satışlarına mənfi təsir göstərəcək.

Apple şirkətinə elə Çin torpağında ziyan dəyə bilər. iPhone telefonlarının əksər hissəsi Çində yığılır. Çin hökuməti, məsələn Apple üçün yığan müəssisələrə komponentlərin gətirilməsini bloklaya bilər.

Bir sözlə Çinin istənilən cavab addımı Apple şirkətini iPhone-un qiymətlərini qaldırmağa və deməli gəlirlərini azaltmağa məcbur edəcək.

Burda bir faktor da nəzərə alınmalıdır. Çin istehlakçıları iPhone da daxil ABŞ məhsullarından imtina edə bilərlər.

Başqa sözlərlə Pekin Huawei şirkəti ilə belə rəftardan çinlilərin milli hisslərini hərəkətə gətirmək üçün istifadə edə bilər.

Azərbaycanda mümkün təsirlər

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün Facebook səhifəsində yazıb ki, ABŞ-ın Huawei telefonlarına qarşı məlum sanksiyasından sonra təbii ki bu telefonlardan Azərbaycanda istifadə edənlər üçün də problemlər qaçılmaz olacaq:

“Güman ki ABŞ şirkətləri, xüsusilə Google, Huawei üçün gərəkli olan servisləri bağlayacaqlar. Update olmayacaq. Bunun üçün 1 il vaxt da müəyyən olunub. Əlbəttə mümkündür ki, FB məsələsində olduğu kimi burada da müəyyən yumşalmalar olsun. İstənilən halda Huawei-dən istifadə edən vətəndaşlar baş verənlərin fərqində olmalıdırlar və alternativlər üzərində düşünmələri faydalı ola bilərdi”.

Osman Gündüz
Osman Gündüz

Osman Gündüz yazır ki, Azərbaycanda qeyri-dövlət sektorunda, o cümlədən vətəndaşlar arasında informasiya təhlükəsizliyinə cavabdeh qurum NRYTN yanında Elektron Təhlükəszilik Xidmətidir, amma bu qurumdan hələlik heç bir reaksiya olmayıb.

Gündüz hesab edir ki, ABŞ-ın Huawei-lə bağlı sanksiyaları Azərbaycanın dövlət sektoru üçün də ciddi problemlər yarada bilər:

“Bildiyim qədər BakTelecomun (BTRİB) 80 faizi, Aztelekom 70 faizi və hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri Huawei məhsulları üzərində oturub. Sanksiyalar hələlik Huawei telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları Huawei-in bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa nə baş verəcək? Təsəvvür etmək çox çətindir. Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər. Xatırlayıram ki, NRYTN yeni qurduğu Data Mərkəz də az qala Huawei-in nəzarətinə keçirdi, son anda BestComp şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub”.

Osman Gündüz hesab edir ki, bütün dövlət İT sektoru monitorinq və audit edilməlidir. O deyir ki, sanksiyalarla əlaqəli gözlənilən Huawei təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır.

Xatırlatma

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Huawei şirkətinin rəhbəriLian Xua ilə görüşmüşdü.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verirdi ki, Huawei şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirib və onlara yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edib.

Xəbərdə bu da deyilirdi ki, prezident İlham Əliyev Huawei şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan ilə Huawei arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən İlham Əliyev bu şirkətin “Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə edib.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Rəsmi Bakı ABŞ-ın Huawei-lə bağlı addımlarına və bunun ölkənin telekommunikasiyalarına mümkün təsirlərinə dair açqılama verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG