Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

ABŞ Huawei-yə qadağaları yumşaldır


İllüstrativ foto
İllüstrativ foto

ABŞ hökuməti Çinin Huawei şirkətinə ötən həftə qoyduğu ticarət məhdudiyyətlərini müvəqqəti yumşaldıb. “Reuters” agentliyi yazır ki, məqsəd şirkətin müştərilərinin problemlərini minimuma endirməkdir. Şirkətin qurucusu isə ABŞ-ın addımlarına hazır olduqlarını deyib.

İflası önləmək

Birləşmiş Ştatların Ticarət Departamenti Huawei Technologies Co Ltd şirkətinə mövcud şəbəkələrini saxlamaqdan ötrü Amerikada istehsal olunan məhsullar almağa imkan verəcək və mövcud Huawei telefonlarını proqram yeniləmələri ilə təmin edəcək.

***Buna da bax: Huawei darda, GoT bitdi – Qərb mediası

Ancaq dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısı olan Huawei-nin yeni məhsullar hazırlamaq üçün Amerikadan hissələr və komponentlər alması qadağandır, buna görə lisenziya tələb olunacaq və çox güman, verilməyəcək.

Wilbur Ross
Wilbur Ross

ABŞ hökuməti Huawei-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd fəaliyyətlə məşğul olduğunu deyərək ona məhdudiyyətlər tətbiq edib.

Son qərarın məqsədi isə Huawei avadanlığından asılı telekommunikasiya operatorlaruna işlərini yoluna qoymaqdan ötrü zaman tanımaqdır. Bunu Ticarət naziri Wilbur Ross bazar ertəsi deyib.

Bu lisenziyanın müddəti avqustun 19-da bitir.

“Görünür, məqsəd internet, kompyuter və mobil telefon sistemlərinin iflasını əngəlləməkdir. Bu, təslim olmaq deyil, işin təşkilidir”, – Ticarət Departamentinin keçmiş əməkdaşı, hüquqşünas Kevin Wolf bildirib.

Huawei özü də hazırlaya bilər

Huawei-nin yaradıcısı Ren Zhengfei isə bu gün – mayın 21-də bildirib ki, müvəqqəti yüngülləşdirmənin şirkət üçün anlamı böyük deyil, çünki şirkət belə bir ssenariyə hazırlaşırdı.

Ren Zhengfei
Ren Zhengfei

“ABŞ hökumətinin indiki hərəkətləri bizim qabiliyyətimizi yetərincə qiymətləndirmədiyini göstərir”, – Ren CCTV-yə müsahibəsində deyib.

O, Huawei-nin dərdinin ABŞ hökuməti ilə olduğunu deyib, ABŞ şirkətləri ilə deyil. Şirkət qurucusunun sözlərinə görə, Huawei Birləşmiş Ştatlardan aldığı mikrosxemləri hazırlaya bilər, ancaq bu heç də Amerikadan həmin məhsulları almayacağı anlamına gəlmir.

ABŞ Ticarət Departamenti qadağaların yumşaldılmasının 90 gündən sonraya uzadılma məsələsinə baxılacağını bildirib.

Huawei və daha 68 qurum ötən həftə qara siyahıya salınıb və Çin şirkətinin Birləşmiş Ştatlardan məhsul almasını demək olar, mümkünsüz edib.

ABŞ hökuməti bu şirkəti İrana sanksiyaları pozmaqda – İranda qadağan olunmuş ABŞ məhsul və xidmətlərini əldə edərək ölkədən pulu beynəlxalq bank sistemi vasitəsilə çıxarmaqda suçlayır. Huawei təqsirli olmadığını deyir.

Bazar ertəsi yayılmış hesabata görə, texnoloji məhsullara ixrac qadağası ABŞ şirkətlərinin beş il ərzində ixrac satışından 56,3 milyard dollar itirməsiylə sonuclana bilər. Eləcə də 74 min iş yerinə təhlükə yarandığı vurğulanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG