Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:13

Haruki Murakaminin beş sevimli kitabı


Haruki Murakami
Haruki Murakami

Bu il "Oskar"a əsas namizədlərdən biri olan "Drive My Car" filmini artıq görmüsünüzsə, Haruki Murakaminin populyar yapon geyim brendi olan "Uniqlo" ilə birlikdə hazırladığı futbolkalardan almısınızsa, Haruki Murakami kitabxanasında videotura çıxmısınızsa, Murakaminin müsahibələrini və yazılarını oxumusunuzsa, onda bəlkə Haruki Murakaminin hansı kitabları sevdiyi sizə maraqlı olar.

lithub.com Murakaminin çıxışlarında və öz tərcümələrinə yazdığı ön sözlərdə adını çəkdiyi beş kitabın siyahısını dərc edib:

Frensis Skott Fitscerald. "Böyük Qetsbi" (The Great Gatsby)

"Əgər məni mənim üçün böyük məna kəsb edən yalnız bir kitab seçməyə məcbur etsəydilər, o zaman tərəddüd etmədən "Qetsbi"ni seçərdim. Fitsceraldın romanı olmasaydı, mən bu gün yazdığım kimi yazmazdım. Əslində, bəlkə də, heç yazmazdım, ancaq buna tam əmin deyiləm".

Reymond Çandler. "Uzun vida" (The Long Goodbye)

"Filip Marlou Çandlerin fantaziyasıdır, ancaq mənim üçün o, realdır. …Mən [bir ara], sadəcə, Marlou kimi yaşamaq istəyirdim.

…Mən oxumağı sevdiyim şeyləri tərcümə edirəm. Reymond Çandlerin bütün romanlarını tərcümə etmişəm. Onun tərzi mənim çox xoşuma gəlir. "Uzun vida"nı beş, ya altı dəfə oxumuşam".

Frans Kafka. "Qəsr" (Das Schloss)

"Kafkanın yaradıcılığı ilə 15 yaşım olanda tanış olmuşam. Kitabın adı "Qəsr" idi. Bu, gözəl, böyük, inanılmaz kitab idi. O mənə nəhəng şok yaşatdı. Kafkanın o kitabda təsvir etdiyi dünya eyni zamanda o qədər real və o qədər qeyri-real idi ki, mənim qəlbim və ruhum iki hissəyə ayrılmış kimi idi". Murakami və Kafkanın yaradıcılıq tərzləri bir-birindən çox fərqlidir. Ancaq yazıçının işlətdiyi "eyni zamanda həm real, həm də qeyri-real" ifadəsi çox maraqlıdır. Çünki Murakaminin yaratdığı və romanlarının çoxunda sezilən tərzi məhz bu cür səciyyələndirmək olar.

Fyodr Dostoyevski. "Karamazov qardaşları"

"Əksər yazıçılar yaşlaşdıqca zəifləyirlər. Ancaq Dostoyevskidə belə olmayıb. O, get-gedə daha böyük və daha gözəl olub. O, "Karamazov qardaşları"nı əlli yaşlarında yazıb. Bu, çox gözəl romandır". Murakaminin özü hazırda yetmiş yaşlarındadır. Kim bilir, qarşıda onun oxucularını nə sürprizlər, necə gözəl əsərlər gözləyir.

Cerom Selincer. "Çovdarlıqda uçurumdan qoruyan" (The Catcher in the Rye)

"Bu, qaranlıq və insanı narahat edən bir hekayədir. Mən onu 17 yaşım olanda oxuyub bəyənmişəm, buna görə də tərcümə etmək qərarına gəlmişəm. O mənim yadımda məzəli, ancaq qaranlıq və güclü hekayə kimi qalıb. Uşaq olanda yəqin [onu oxuyanda] narahatlıq keçirmişəm".

Yazıçılar

Bundan başqa, Murakami öz saytında ona təsir etmiş əsas yazıçıların adlarını da sadalayıb. Onların arasında Reymond Çandler, Kurt Vonnequt Riçard Brotiqanın adları var.

XS
SM
MD
LG