Keçid linkləri

2026, 16 Yanvar, Cümə, Bakı vaxtı 03:15

Müxalifətçilər barədə qərarlar çıxarmış keçmiş hakim 4 min manat pensiyadan narazıdır


İlqar Murquzov
İlqar Murquzov

Həbs olunan bir çox ictimai-siyasi fəalın işi üzrə qərarlara imzasını atan keçmiş hakim İlqar Murquzov ona təyin edilən aylıq 4 min manat pensiyadan narazı qalıb. Daha yüksək məbləğdə pensiya almalı olduğunu düşünən sabiq hakim bu tələblə məhkəməyə üz tutub.

İ.Murquzovun 68 yaşı var və o, 1985-ci ildən 2008-ci ilədək prokurorluq orqanlarında çalışıb, ardından da hakim təyin edilib - 5 il Bakı Ağır Cinayətlər Məhkəməsinin, 10 il də Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. Bu müddət boyunca jurnalistlər Xədicə İsmayıl, Seymur Həzi, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və başqa çoxsaylı ictimai-siyasi fəalla bağlı qərarlar verib.

2023-cü ildə 65 yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilən İ.Murquzova 4 min 51 manat pensiya təyin olunub.

Sabiq hakim pensiyasının yenidən hesablanması və artırılmasından ötrü öncə Dövlət Sosial Müdafiə Fonduna üz tutsa da, oradan imtina cavabı alıb. Cavab məktubunda göstərilib ki, 15 il 4 aydan çox hakim olmuş İ.Murquzovun iş stajına uyğun olaraq, orta aylıq əməkhaqqının təxminən yarısı qədər ona pensiya kəsilib. Orta aylıq əməkhaqqı da 7 min 944 manat olub. Bunun da 51 faizi qədər – 4 min 51 manat pensiya təyin edilib.

Məhkəmələr keçmiş hakimlərin iddialarını təmin edir

Bu cavabdan sonra İ.Murquzov məhkəmədə iddia qaldırıb. Şikayətində göstərib ki, prokurorluqdakı xidmət illəri də, hakim kimi, əmək stajına daxil edilməli, hakim çalışdığı dövrdə ödənilən müalicə pulları, artımlar da nəzərə alınmalı və bütün bunlardan sonra orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiya hesablanmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi buna etiraz edib: "Onun prokurorluq orqanlarındakı xidmət illərinin hakim kimi iş stajı hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil".

Məhkəmə isə keçmiş hakimin iddiasını təmin edib. Qərarda da vurğulanıb ki, İ.Murquzovun prokurorluq orqanlarında 23 il, hakim kimi isə 15 il 4 aydan çox sosial sığorta stajı toplanıb. Bu da ona orta aylıq əməkhaqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilməsinə imkan verir.

İ.Murquzov pensiyaya göndərilsə də, bugünlərdə onun oğlu hakim təyin edilib. Elmir Murquzov ötən ilin dekabrından Lənkəran rayon Məhkəməsinin hakimidir.

Yaş həddi ilə bağlı vəzifədən çıxarılan məhkəmə hakimlərinə təyin edilən pensiyanın məbləği orta statistik pensiyaçılarla müqayisədə dəfələrlə çox olsa da, onların bir çoxu məhkəməyə üz tutub pensiya məbləğlərinin artırılmasını tələb edir. Belələrinə Ənvər Seyidovu, Ülvi Mayılovu, Vladimir Ruvinovu, İradə Həsənzadəni və neçə-neçə başqasını misal göstərmək olar. Məhkəmələr də keçmiş hakimlərin iddialarını təmin edib.

XS
SM
MD
LG