Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 07:03

Hüquq müdafiəçisi prokurorluqda dindirildiyini deyir


Z.Əhmədov

Bugün, mayın 8-də hüquq müdafiəçisi Zəfər Əhmədovun Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirildiyi bildirilir.

Bu barədə Z.Əhmədov özü məlumat verib. Onun sözlərinə görə, mayın 8-i səhər saatlarında ona prokurorluqdan zəng edilib: "Zəng edən şəxs məni idarəyə dəvət etdi. Rəsmi çağırış vərəqəsini istəyəndə isə bildirdi ki, onun zəngi rəsmi çağırış kimidir".

Üç saata yaxın Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olduğunu bildirən Z.Əhmədovun vurğulamasına görə, onu şahid qismində dindiriblər: "Mənə hansı cinayət işi üzrə dindirildiyim barədə məlumat vermədilər. Güman edirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, "Azadlıq" qəzetinin müxbiri Səadət Cahangirin dindirildiyi eyni cinayət işi ilə bağlı ola bilər".

Bu açıqlamaya, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlama

Səadət Cahangir mayın 1-də 8 saatdan çox Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirildiyini açıqlamışdı: "Təxminən saat 12:00-da qapımı döyüblər. Gələnlər özünü qaz idarəsinin işçiləri kimi təqdim etdilər və sayğacı yoxlamaq lazım olduğunu bildirdilər. Qapını açandan sonra həmin adamlar mənə evimdə axtarış aparacaqlarını dedilər. Daha sonra onlar evdə axtarış apardı, kompüter və telefonunumu götürdülər. Mənim özümü isə idarəyə apardılar".

S.Cahangir bildirmişdi ki, o, şahid qismində dindirilib: "Mənə hansı iş üzrə dindirildiyim barədə heç bir məlumat verilmədi".

Partiyadan AzadlıqRadiosuna bildirmişdilər ki, həm bu, həm də son günlər bir çox atılan addımlar hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı cinayət işi qaldırmaq niyyətindən xəbər verir. S.Cahangirin dedikləri və AXCP-nin açıqlamasına isə Baş Prokurorluqdan münasibət almaq mümkün olmamışdı. Amma rəsmilər, bir qayda olaraq, insanların siyasi fəaliyyəti və tənqidi mövqelərinə görə basqılara məruz qalması ilə bağlı iddiaları əsassız sayırlar.

XS
SM
MD
LG