Gürcüstan Patriarxlığı Tbilisidəki Müqəddəs Üçlük – Sameba məbədinə Stalinin əksi olan ikonanı bağışlamış siyasətçiləri onun yenidən çəkilməsinə çağırıb.
Bu ikonanı məbədə rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyası bağışlayıb. Sözü gedən ikonada Rusiyada müqəddəs elan edilmiş Moskva Matronası və Sovet diktatoru, milliyyətcə gürcü İosif Stalin əks olunub.
Gürcüstan Patriarxlığının bu barədə bəyanatında deyilir:
"Stalinin müqəddəs Matrona ilə görüşünün reallıqda baş verməsinin sübutlarının kafi olmamasına görə bu hadisə onun kanonik həyat təsvirinə daxil edilməyib, habelə onu müqəddəsləşdirmiş və bu barədə xüsusi araşdırma aparmış Rus Pravoslav Kilsəsi tərəfindən tanınmayıb. Belə olduğu halda sözü gedən epizodun təsvirini dəyişmək və kanonik ikonaçılıqla bağlı başqa təfərrüatları nəzərə almaq lazımdır”.
Patriarxlıq ikonaya dəyişikliyin məhz onu bağışlamış siyasətçilər – Vətənpərvərlər Alyansı Partiyasının liderləri İrma İnaşvili və David Tarxan-Mouravi tərəfindən edilməsini istəyib.
Bəyanatda qeyd olunur ki, əks halda kilsə bu dəyişikliyi özü edəcək.
İkonanı kilsənin “daha görünən” divarından asıblar
AzadlıqRadiosunun Gürcü xidməti xatırladır ki, Milad bayramı ərəfəsində bu ikonanın əsas kilsələrdən birinin divarında görünməsini əks etdirən videonu müxalif deputat Georgi Kandelaki dərc etmiş və sosial şəbəkədə yazmışdı:
"Doğru yolla gedirik, yoldaşlar. Bu, informasiya məkanında Rusiya təbliğatının daha bir qələbəsidir. Gürcüstan müstəqilliyinin məhvinin təşəbbüsçüsü, minlərlə ruhaninin qatili və sovet totalitar rejimi qurucusunun portretini Sameba kilsəsindəki ikonada yerləşdiriblər”.
Bundan sonra Gürcüstanda sözü gedən ikona ilə bağlı qalmaqal başlanmışdı.
Yanvarın 9-da vətəndaş cəmiyyəti fəalı Nata Peradze ikonanın üstünə mavi boya atmışdı.
Buna görə başqa bir rusiyayönlü təşkilat Alt-Info qrupunun tərəfdarları fəalın evini dövrəyə alaraq etiraz aksiyası keçirmiş və Peradzeni hədələmişdilər.
Bu aksiya polisin müdaxiləsi ilə başa çatmışdı.
İkonaya gəldikdə isə onu boyadan təmizləyib kilsənin başqa, daha görünən divarından asıblar.
DİN inzibati iş açdığını bildirib
Vətənpərvərlər Alyansının liderlərindən İnaşvili tərəfdarlarını Şota Rustavelinin abidəsinin yanında toplaşaraq hadisə ilə bağlı “rəy mübadiləsi keçirməyə” çağırmışdı.
Gürcüstan DİN baş vermiş hadisə ilə əlaqədar “başqasının əmlakına ziyanvurma” maddəsi ilə izibati işin açıldığını bildirib.
Şərhçilər bildirirlər ki, “Moskva Matronası və Stalin” ikonası ilə bağlı yaranmış qalmaqal habelə gürcü cəmiyyətində Stalinin şəxsiyyəti ilə bağlı yaranmış qürtbləşməni əks etditib.
Gürcüstan müxalifəti sovet xalqlarına, o cümlədən gürcülərə qarşı repressiyaları ilə tanınan Stalinin tərənnüm edilməsinə qarşı çıxır.
Bununla yanaşı əslən gürcü olan Stalinə Gürcüstanda rəğbət bəsləyənlər də az deyil.