Gürcüstanda hiddətlənmiş kütlə Moskva Matronası ikonasını üstünə rəng atılmış halda görüntüləyən videonu internetdə yayan fəal Nata Peradzenin yaşadığı evi dövrəyə alıb.
Peradze sözü gedən videonu bundan bir gün əvvəl yaymışdı.
Bundan daha əvvəl Tbilisinin Müqəddəs Üçlük Məbədində müqəddəs Moskva Matronası və sovet diktatoru İosif Stalini əks etdirən ikonanın peyda olması qalmaqala səbəb olmuşdu.
AzadlıqRadiosunun Gürcü xidməti yazır ki, Gürcüstanda rusiyayönlü Alt-Info qrupunun tərəfdarları Peradzeni ikonaya qarşı vandalizm aktında ittiham edirlər.
Halbuki bu ikonanın üstünə mavi boyanın Peradze və ya başqa bir şəxs tərəfindən atılması məlum deyil.
“Əksərən kişilərdən ibarət qəzəbli kütlə”
Peradze ikonanı vandalizm aktından sonra görüntüləyən videonu ilk yayanlardan biri olsa da, bu aktla hər hansı bir əlaqəsi barədə heç nə yazmayıb.
Peradzenin evini dövrəyə alan və əksəriyyəti kişilərdən ibarət kütlə fəalı cinayətdə ittiham edib və onun barəsində “qanunun bacarmadığı tədbiri” özlərinin görəcəkləri ilə hədələyib.
Xəbər verilir ki, daha sonra hadisəyə müdaxilə edən polis kütləni Peradzenin yaşadığı evdən aralaya bilib.
Bir neçə polis zabiti isə Peradzeni mümkün fiziki hücumdan müdafiə etmək üçün evə daxil olub.
Gürcüstan Daxili İşlər Nazirliyi etirazçıları “qanun normaları daxilində qalmağa” çağıran bəyanat verib. Bəyanatda deyilir ki, əks halda polis bu etiraza qanuna müvafiq şəkildə müdaxilə etməli olacaq.
Etirazın insidentsiz başa çatdığı xəbər verilir.
Stalinin cəmiyyəti parçalayan irsi
AzadlıqRadiosu yazır ki, bu hadisə Gürcüstan cəmiyyətində sovet diktatoru İosif Stalinin şəxsiyyəti ilə bağlı kəskin parçalanmanı nümayiş etdirib.
Bu ikona Gürcüstan kilsəsinə rusiyayönlü, sağçı-populist Vətənpərvərlər Alyansı Partiyası tərəfindən bağışlanıb.
İkonada Rusiyada Rus Pravoslav Kilsəsi tərəfindən 2000-ci illərdə müqəddəsləşdirilmiş Moskva Matronası və Stalin əks etdirilib.
AzadlıqRadiosu yazır ki, bu ikonanın fotoları ilk dəfə yayılanda bir çox gürcülər arasında geniş hiddət yaratmışdı.
Onlar kilsə xadimlərinin və bütövlükdə dinin ən qəddar təqibçilərindən birinin portretinin kilsədə peyda olmasından qəzəblənmişdilər.
Lakin kütləvi siyasi repressiyalarına və 1924-cü ildən başlayan hakimiyyəti illərində kilsələrin kütləvi sökülməsinə baxmayaraq milliyyətcə gürcü olan Stalinə gürcülər arasında rəğbətli olanlar da az deyil.
Diktatorun bir neçə heykəli, o cümlədən onun doğulduğu Qoridəki heykəl hələ də yerində qalmaqdadır.