Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 14:38

Gürcüstanın əsas məbədində ‘Moskva Matronası və Stalin’ ikonası niyə peyda olub?


Müqəddəs Matrona və Stalin ikonası
Müqəddəs Matrona və Stalin ikonası

Gürcüstanda Milad bayramının qeyd olunduğu günlərdə kilsə ilə bağlı böyük qalmaqal yaşanıb.

Gürcüstanın əsas xristian kilsəsində - Tbilisidəki Müqəddəs Üçlük məbədində müxalifətçilər Rusiyanın müqəddəs kimi tanıdığı Moskva Matronası ilə sovet diktatoru İosif Stalini əks etdirən ikona aşkar ediblər.

Sonradan məlum olub ki, bu ikonanı məbədə rusiyayönlü “Vətənpərvərlər alyansı” partiyası bağışlayıb.

Gürcü Pravoslav Kilsəsi Stalinin şəklinin ikonada olmasında heç bir antikilsə niyyətinin olmadığını bildirib.

AzadlıqRadiosunun Gürcü xidməti xəbər verir ki, ikonanı Sameba – Müqəddəs Üçlük məbədinin divarında ilk dəfə müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri olan Georgi Kandelaki görüb.

O ikonanı videoya çəkərək sosial media şəbəkəsində yerləşdirib və belə bir post yazıb:

"Doğru yolla gedirik, yoldaşlar. Bu, informasiya məkanında Rusiya təbliğatının daha bir qələbəsidir. Gürcüstan müstəqilliyinin məhvinin təşəbbüsçüsü, minlərlə ruhaninin qatili və sovet totalitar rejimi qurucusunun portretini Sameba kilsəsindəki ikonada yerləşdiriblər”.

Moskva Matronası

Xəbərdə deyilir ki, ikonanın daha təfərrüatlı öyrənilməsindən söhbətin müqəddəs Moskva Matronasından getdiyi məlum olub.

Matrona Rus Pravoslav Kilsəsi tərəfindən 2004-cü ildə müqəddəs elan edilib.

Rusiya kilsəsinin bəzi nümayəndələrinin istinad etdikləri miflərdən birinə görə 1941-ci ildə nasist Almaniyasının qoşunları Moskvanın lap yaxınlığında olduğu vaxt, guya İosif Stalin Matrona ilə görüşüb və o sovet liderinə paytaxtı tərk etməməsini tövsiyə edib. Guya bundan sonra Stalin Kazan Müqəddəs Anasının ikonasının cəbhə xəttinə gətirilməsinə sərəncam verib.

AzadlıqRadiosunun müxbirləri xəbər verirlər ki, Stalinin surəti olan ikonanın Tbilisiyə gətirilməsi Gürcüstanda gur reaksiyaya səbəb olub.

1979-cu ildə Gürcüstan Respublika Partiyasını təsis edən sovet zəmanəsi dissidenti Levan Berdzenişvili AzadlıqRadiosuna deyib ki, bu hadisə çox ciddi problemin mövcudluğundan xəbər verir:

“Əgər adamlar Stalini müqəddəs sayırlarsa, deməli onların özləri müqəddəs deyillər”.

Populyar mif

AzadlıqRadiosu bildirir ki, hakim “Gürcü arzusu” partiyası insidentlə bağlı hələki şərh verməyib. Amma Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Andriya Caqmaidze deyib ki, “Stalin ikonası” söhbəti məhz Milad günlərində təsadüfən qaldırılmayıb:

"Artıq neçənci dəfədir ki, bayrama qalmaqalla kölgə salmaq istəyirlər ki, adamların ürəyində sevinc əvəzinə nifrət yaratsınlar”.

Kilsə nümayəndəsinin sözlərinə görə ikonalara “böyük kilsə təqibçilərinin” daxil edilməsi presedentləri tez-tez baş verir. Məsələn, Diokletan kimi. Amma bu, onların heç də müqəddəsləşdirilməsi demək deyil.

Amma bir çox gürcü ilahiyyatçıları hesab edirlər ki, Diokletan ikonalarının məzmunu tamam başqadır. Çünki bu ikonada Stalin zalım kimi yox, mömin xristian kimi təsvir edilib.

Gürcüstanda əslən Qoridən olan İosif Cuqaşvilinin gizli xristian olmasına dair mif çox məşhurdur.

Şərhçilərin fikrincə məhz buna görə də ikona rusiyayönlü partiya tərəfindən kilsəyə parlament seçkiləri ilində gətirilib.

Rusiyayönlü partiya bu ikonada heç bir qəbahət görmədiyini deyir

Amma rusiyayönlü “Vətənpərvərlər alyansının” lideri İrma İnaşvili ikonanın kilsəyə bağışlanmasında heç bir qəbahət görmədiyini deyib:

"Biz günahsızlığımızı sübut etməyə çalışmırıq. Biz bu ikonanı Sameba məbədinə hədiyyə kimi bağışlamışıq. Bu ikonanı çox böyük peşəkar, tanınmış ikonaçı, ikona ustasına layiq həyat tərzi və müvafiq bilikləri olan şəxs çəkib”.

Amma partiya lideri ikonaçının kim olduğunu deməyib.

O habelə bu hadisənin müqəddəs Moskva Matronasının ətrafında Moskva və Sankt-Peterburqda baş vermiş insidentlərlə bağlı olub-olmadığı barədə suala da cavab verməyib.

2008-ci ildə “Müqəddəs Matrona İosif Stalinə xeyir-dua verir” adlı ikona Sankt-Peterburqdakı müqəddəs knyaginya Olqa məbədində peyda olmuşdu.

Bu hadisənin cəmiyyətdə kəskin tənqid olunmasından sonra iqumen Yevstafiy ikonanı öz evinə aparmışdı.

2008-ci ildə Rusiya və Gürcüstan arasında müharibə olmuşdu.

XS
SM
MD
LG