Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 12:58

Gürcüstanda prezidenti impiçment edə bilmədilər


Salome Zurabişvili parlamentdə
Salome Zurabişvili parlamentdə

Gürcüstan parlamentində hakim “Gürcü arzusu” və onun müttəfiqi – “Avropa sosialistləri” partiyalarının 86 deputatı ölkə prezidenti Salome Zurabişvilinin vəzifəsindən kənarlaşdırılmasına səs verib.

Lakin bu, prezidentin impiçment edilməsinə imkan yaratmayıb.

İmpiçment cəhdindən əvvəl Brüsselə, Berlinə və Parisə hökumətlə razılaşdırmadan səfər etməsinə görə Konstitusiya Məhkəməsində səs çoxluğu ilə Zurabişvilinin impiçmenti barədə qərar qəbul edilmişdi.

Prezidentin impiçment olunması üçün onun opponentlərinin parlamentdə yüz səs toplaması lazım idi. Çünki parlamentin üçdə ikisini məhz bu qədər deputat təşkil edir.

Lakin keçmiş prezident Mixeil Saakaşvilinin Vahid Milli Cəbhə partiyası başda olmaqla parlament müxalifəti impiçmentin əleyhinə səs verib.

Prezident Zurabişvili parlament qarşısında çıxış edərək baş verənləri “Gürcüstanın Avropa gələcəyinin impiçmenti” cəhdi adlandırıb.

Prezident bəyan edib ki, o Konstitusiyanı pozmayıb, belə ki, Gürcüstan Konstitusiyası bütün hakimiyyət orqanlarından ölkənin Avropa İttifaqı və NATO-ya inteqrasiyasını təmin etməyi tələb edir.

“Avropa perspektivli ölkə”

Gözlənildiyinə görə Avropa İttifaqı Gürcüstana ittifaq üzvlüyünə namizəd statusu verilməsi məsələsinə bu dekabrda baxmalıdır.

Hazırda Gürcüstan “Avropa perspektivli ölkə” statusuna malikdir.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel bu yaxınlarda Tbilisiyə səfəri zamanı demişdi ki, Gürcüstan onun blokla maksimum yaxınlaşması üçün tələb olunan 12 islahatdan yalnız üçünü həyata keçirib.

Gürcüstan Avropa İttifaqı üzvlüyünə 2022-ci ilin fevralında, Rusiyanın Ukraynaya müdaxiləsi baş verəndə müraciət edib.

Əhalisinin böyük əksəriyyətinin avropameylli olmasına baxmayaraq hakim Gürcü arzusu partiyası daha çox Moskva ilə sıx münasibətlərə can atır.

İqtidar bunu Rusiya ilə yaxınlığın ölkə iqtisadiyyatına böyük xeyir gətirməsi ilə əsaslandırır.

İqtidarın məyusluğu

Zurabişvili oktyabrın 18-də keçirilən səsvermədən əvvəl vətəndaşları küçələrə çıxıb bu prosesə etiraz etməyə çağırmışdı.

İmpiçment prosedurunun əsas təşəbbüsçüsü – Gürcü arzusu partiyasının sədri İrakli Kobaxidze səsvermədən əvvəl etiraf etmişdi ki, prezidenti impiçment etmək şansı olduqca azdır.

O Zurabişvilini könüllü istefa verməyə çağırmışdı:

“O onsuz da Gürcüstanın nominal prezidenti olaraq qalacaq və özünün bütün siyasi və mənəvi legitimliyindən məhrum ediləcək”.

Salome Zurabişvili Kobaxidzenin çağırışını rədd etmiş və demişdi ki, hakimiyyətin müxtəlif qolları arasında balans olmayan ölkə artıq demokratiya sayıla bilməz.

Konstitusiya Məhkəməsində fikir ayrılığı

Oktyabrın 16-da Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı impiçment proseduruna səs vermişdi. Lakin qərarın əleyhinə səs vermiş 3 hakim qərarla bağlı ayrıca rəy yazmışdılar.

Hakimiyyət Zurabişvilini avqustun 31-də və sentyabrın 1-də xarici səfərlərə çıxmaqla Konstitusiyanı pozmaqda ittiham etmişdi. Gürcüstan qanunlarına görə prezident xarici səfərlərini hökumətlə razılaşdırmalıdır.

Lakin Konstutisya Məhkəməsinin keçmiş hakimi və Zurabişvilinin vəkili Maya Kopaleşvili deyib ki, prezidentin xarici səfərləri nəticəsində ölkənin xarici siyasəti dəyişmirsə, o belə səfərləri hökumətlə razılaşdırmaya da bilər.

Şərhçilər bildirirlər ki, baş tutmayan impiçment cəhdi Salome Zurabişvilinin onsuz da yüksək olan reytinqini bir qədər də qaldıracaq.

Bundan əvvəl Gürcüstan parlamentində iqtidaryönlü partiyaların təşəbbüsü ilə Rusiyadakına bənzər “xarici agent” qanun layihəsinin müzakirəsinə cəhd edilmişdi.

Bu, ölkə boyunca güclü etirazlara səbəb olmuşdu. Həmin vaxt Salome Zurabişvili etirazçılara dəstək bildirmişdi.

Qanun layihəsini təqdim edənlər geri çəkilməli olmuşdular.

Prezident qızlarının şirkətlərinə aid məlumatlar gizlədilir: Vergilər Nazirliyi susur
Gözlə

No media source currently available

0:00 0:06:01 0:00

Salome Zurabişvili kimdir?

Salome Zurabişvili 2018-ci ildən Gürcüstan prezidentdir. O Fransada siyasi mühacir ailəsində doğulub və 30 il müddətində Fransa XİN-də diplomatik fəaliyyət göstərib.

O Gürcüstana 2003-cü ildə gəlib. Əvvəlcə Fransanın Tbilisidəki səfiri olub, 2004-cü ildə isə Saakaşvili hökumətinin xarici işlər naziri təyin edilib.

Elə o vaxt Gürcüstan vətəndaşlığı alan Zuravbişvili Fransa vətəndaşlığından da imtina etməyib. Məhz bu səbəbdən 2013-cü ildə keçirilən prezident seçkisində onun namizədliyi qeydə alınmayıb.

2018-ci ildə Fransa vətəndaşlığından imtina edən Zurabişvili həmin il prezident seçilib.

Zurabişvili 2005-ci ildə nazir vəzifəsindən azad edildikdən sonra müxalifətə keçmişdi. Amma o 2018-ci il seçkisində müstəqil namizəd kimi iştirak etmişdi. Buna baxmayaraq hakim Gürcü arzusu partiyası bu namizədliyi dəstəkləmişdi.

Zurabişvili 2023-cü ilin martında antihökumət etirazlarını dəstəkləməklə hakim partiya və onun hökuməti ilə qarşıdurmaya keçib.

XS
SM
MD
LG