ABŞ və Rusiya ordularının qərargah rəisləri Bakıdadılar.
Ekspertlər düşünürlər ki, iki aparıcı ölkənin hərbi liderlərinin görüşündə Dağlıq Qarabağ mövzusu hətta müzakirə olunmasa belə, bu görüşün Bakıda təşkili Azərbaycan üçün əhəmiyyətlidir. Əvvəla, bu görüş hər iki tərəfin Bakıya etimadına işarədir, ikincisi Azərbaycanı dünyada tanıdır.
Fevralın 16-da İlham Əliyev ABŞ-ın Baş Qərargahlar rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident.az saytı yazır ki, General Joseph Dunford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib. Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə İlham Əliyevə təşəkkürünü bildirib.
Buna da bax: İ.Əliyev ABŞ-ın Baş Qərargah rəisini qəbul edib
ABŞ və Rusiya hərbi liderlərinin görüşü çoxdan planlaşdırılırdı. Sadəcə olaraq rəsmi Moskva görüşün Rusiya və ya Belarusda baş tutmasında təkid edirdi. Rusiyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun adı sanksiyalar siyahısına salındığından o Qərb ölkələrinə səfər edə bilmirdi. Avropa Birliyi Valery Gerasimovun adını bu siyahıya 2014-cü ilin aprelində Ukrayna hadisələrində roluna görə salıb.
Politoloq Zərdüşt Əlizadənin fikrincə, Rusiya və ABŞ hərbi qərargah rəislərinin Bakıda görüşməsi onu göstərir ki, Bakı hər iki ölkə üçün münasib və rahat yerdir. Zərdüşt Əlizadə inanmır ki, bu görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq. Onun fikrincə, dünyanın aparıcı ölkələrinin hərbi komandanlarının görüşündə əsas müzakirə mövzusu İran və Suriya ola bilər:
Buna da bax: Generallar niyə Bakını seçdi...
“Rusiya İrana yeni növ silahlar satmaq istəyir. Düşünürəm ki, görüşdə bu məsələ müzakirə oluna bilər. Amma tərəflərin hər hansı razılığa gələcəklərinə inanmıram. Çünki dünya silah bazarında rəqabət gedir və ABŞ Rusiyadan daha çox silah satır. Belə bir məqamda ABŞ-ın Rusiyaya "silah satma" deməsi insaflı deyil. Digər tərəfdən Rusiya İranı özünə strateji tərəfdaş etmək istəyir. Bundan başqa Rusiyanın da, ABŞ-ın da hərbi qüvvələri Suriyadakı əməliyyatlara qoşulub. Ona görə də danışıqlarda tərəflərin təhlükəsizliyinin təminatı, dost atəşindən qorunma və digər məsələlər də müzakirə olunacaq”.
Respublikaçılar partiyasının üzvü, siyasi analitik Səid Nuri isə hesab edir ki, bu görüşdə əsas müzakirə mövzusu Suriyadır:
“Bildiyim qədəri ilə prezident Donald Trump-ın stolunun üstündə Suriyaya hərbi müdaxilənin planı var. Sadəcə olaraq, burada Rusiya və Türkiyə faktoru da olduğundan hərbi müdaxilədən öncə bu iki ölkə hərbi liderləri ilə görüşüb, onların rolunu müəyyənləşdirmək istəyirlər. Keçirilən görüşlərdə də əsas müzakirə mövzu budur”.
Buna da bax: Hərbi liderlər görüşüb
Joseph Dunford-un sabah Türkiyəyə səfəri gözlənilir. Səid Nuri deyir ki, rəsmi açıqlama olmasa da Dunfurd-ın Türkiyədən sonra körfəz ölkələrinə də səfəri planlaşdırılır.
İki ölkənin hərbi liderləri Bakıda ayrı-ayrılıqda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla da görüşüblər.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Zakir Həsənov Dağlıq Qarabağ probleminin regional sabitliyə təhlükə yaratdığını, münaqişənin beynəlxalq hüquqa uyğun həllinə nail olunmasının vacibliyindən danışıb.
Buna da bax: Zakir Həsənov ABŞ və Rusiyanın hərbi liderləri ilə görüşüb
Amerikalı generalla müdafiə nazirinin görüşündə isə Xəzər dənizində təhlükəsizlik, kütləvi qırğın silahlarının yayılmaması, iki ölkə arasında hərbi əlaqələrin genişləndirilməsi, hərbi təlim və təhsil məsələləri müzakirə olunub.