Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Fuad Poladovun son ad günündə verdiyi müsahibə: 'Beş aydır səhnəyə çıxa bilmirəm...'


Fuad Poladov. 07Okt2011
Fuad Poladov. 07Okt2011

Mayın 5-də Azərbaycanın ünlü aktyoru Fuad Poladov dünyasını dəyişib. Bu müsahibə ondan ötən ilin mayında götürülüb - ad günündə. Bir neçə gün sonra isə - mayın 24-də onun 70 yaşı tamam olacaqdı.

Fuad Poladov işlədiyi Akademik Milli Dram Teatrında son illər ən gözəl rollarını oynamaqda, tənqidçilərin qənaətincə, “ustalığına ustalıq qatdığı” bir məqamda idi. Amma 2016-cı ilin oktyabrında bu teatrda gənc aktyorun üzləşdiyi haqsızlığa, rəhbərliyin təzyiqlərinə etiraz olaraq iş yerini tərk etdi.

O zaman Fuad Poladov AzadlıqRadiosu-na açıqlamasında aktyor Hikmət Rəhimova görə getdiyini açıq şəkildə demiş, ancaq bundan sonra teatrda qalmağın əhəmiyyətsiz olduğunu söyləmişdi: “Mən sıravi aktyoram. Mən tək orda neyləyə bilərəm, yəni nəyə təsir edə bilərəm? Gördüm ki, bu işə girişmək, ruslar demiş, «bespoleznı» işdir. Ona görə də heç kimə bu barədə ağız da açmadım. Çünki neçə vaxtdır təkidlə onun ərizə yazmasını tələb edirlər”.

Buna da bax:​ Rasim Balayev və Fuad Poladovun da oynadığı yeni romantik komediya gəlir

Həmin dönəmdə aktyoru bu gedişinə görə qınayanlar da oldu, alqışlayanlar da. Onun bu gedişindən sonra “Neyləyib Fuad Poladov” deyə sorğulayanlar da tapıldı.

Amma istənilən halda, sonuncu tamaşasını oynadığı gün – oktyabrın 28-də Akademik Milli Dram Teatrında tamaşaçı əlindən tərpənmək mümkün deyildi. Uzun alqışlar təkcə tənqidçilərin, mütəxəssislərin bəyəndiyi müsyö İbrahim obrazına görə deyildi, həm də onun bu jestinə görəydi, ona verilən bir dəstəkiydi. Hərçənd o, nə səhnədə, nə də teatrın önündə onu gözləyən tamaşaçılara və jurnalistlərə əlavə heç nə demədi. O, susaraq getməyə üstünlük verdi.

Buna da bax:​ İki Oskar komitəsi olan Azərbaycandan heç kim Oskara film göndərmək istəmir

Mayın 24-də, ad günündə AzadlıqRadiosu-nun əməkdaşı aktyordan müsahibə götürmək üçün ona zəng vurub. Amma aktyor pıçıltıyla, çox çətinliklə danışa bilib. Səbəbsə yaşadığı əsəb sarsıntısı ucbatından səsinin iflic olmasıdır. Hər halda, aktyor özü belə izah edib. Onunla qısa söhbəti təqdim edirik.

Fuad Poladov. 2011-ci il
Fuad Poladov. 2011-ci il

– Ad gününüzü təbrik edirik, Fuad müəllim.

– Çox sağ olun. Allah sizə də can sağlığı versin.

– Danışmaq imkanınız varmı?

– Yox, mənim səsim batıb. Danışa bilmirəm. Beş aydır artıq.

– ...

– Beş aydır səhnəyə də çıxa bilmirəm. İflicəm.

– Niyə belə?

– Nə bilim oldu da. Səsim iflic olub.

– Bu, əsəblə bağlıdır?

– Həkimlər elə deyirlər.

Buna da bax:​ 'Baş qaldıran kişi obrazımız Fuad Poladov, qadın obrazımız Səriyyə'

– Deyəsən, danışanda əziyyət çəkirsiniz. Yoxsa bir-iki sual verə bilərik?

– Yox, danışa bilmirəm. Danışanda başım gicəllənir, ağrılar verir. Danışa bilmirəm...

– Bir daha ad gününüz mübarək.

– Sağ olun.

Fuad Poladov səhnədə
Fuad Poladov səhnədə

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG