Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 14:11

İki Oskar komitəsi olan Azərbaycandan heç kim Oskara film göndərmək istəmir


Oscar mükafatı olan heykəlcik.

Aygün Aslanlı

İki Oskar komitəsi olan Azərbaycandan heç kim Oskara film göndərmək istəmir

Amerika Kino Akademiyası tərəfindən təsis olunmuş “Oskar” mükafatının 89-cu təqdimolunma mərasimi bütün qalmaqalları, kuryoz epizodları ilə geridə qaldı, qaliblər bəlli oldu, mükafatlar paylandı. Nə qədər siyasiləşdiyi, Avropa festivalları qədər əhəmiyyətli olmadığı deyilsə də, yenə də, demək olar ki, dünyanın dörd bucağında mərasim canlı yayımlandı, həyəcanla izlənildi, neçə gün müzakirə olundu və o müzakirələr hələ də davam edir. Uzağa getmək lazım deyil, elə Azərbaycan mediasına diqqət yetirmək kifayətdi. Ancaq təəssüf hissi ilə… Çünki bu il də “Oskar”ın Azərbaycana heç bir aidiyyatı olmadı. Bir çox sahələrdə olduğu kimi burda da qonşularımızdan geri qalırıq. Onların - gürcü və erməni filmlərinin adları, heç olmasa, Oskarın “Ən yaxşı əcnəbi film” nominasiyasının uzun siyahısında görünür və mütləq kimlərinsə yaddaşında ilişib qalır. Nəhəng dünya kinoindustriyasında yaddaşlarda ilişib qalmağın uğura gedən kiçik, amma vacib addım olduğu isə bu sahədə fəaliyyət göstərən hər kəsə məlumdur.

Buna da bax: 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

Azərbaycan niyə “Oskar”a film göndərmir? Şərtlərmi bizə uymur, yoxsa bizmi şərtlərə?

Əvvəlcə “ən yaxşı əcnəbi film” nominasıyasının necə yarandığına və qaydalarına nəzər salaq.

“Ən yaxşı əcnəbi film” nominasiyası “Oskar” nominasiyaları siyahısına mükafat təsis olunandan, təxminən, 20 il sonra daxil edilib. Lakin ilkin variantda mükafatın təqdimatı indiki kimi müsabiqə əsasında keçirilmirdi. Sadəcə Amerika Kino Akademiyası tərəfindən ingilis dilində olmayan bir film seçilib fəxri “Oskar”la mükafatlandırılırdı.Belə fəxri mükafata layiq görülən ilk əcnəbi film, italiyalı neorealist Vittorio De Sica-nın “Şuşa” fimi olmuşdu. 1948-ci ildə baş tutan mərasimdə akademiklər seçimlərini belə izah eləmişdilər: “Yüksək keyfiyyətli bu film müharibənin yaraladığı ölkənin həyatını gerçəkçi şəkildə göstərir və sübut edir ki, yaradıcı ruh yoxsulluğa qalıb gələ bilər”.

1956-cı ildə nominasiyanın şərtləri dəyişdirilərək qeyri-ingilis dilində olan filmlərin müsabiqəsi formasında keçirilir və həmin vaxtdan mütəmadi şəkildə hər il təqdim olunur (bu nominasiyada “Oskar”a layiq görülən ilk əcnəbi film Federico Fellini-nin “Yol” filmi olub).

Oscar almış ilk xarici film, Federico Fellininin "Yol" filminin posteri, 1954.
Oscar almış ilk xarici film, Federico Fellininin "Yol" filminin posteri, 1954.

Yeni qaydalara əsasən, “ən yaxşı əcnəbi film” nominasiyasında “Oskar” mükafatı ABŞ-dan kənarda istehsal olunmuş və istehsalçı ölkənin rəsmi dilində “danışan” tammetrajlı filmlərə verilirdi. Nominasiyaya təqdim olunan filmlərin istehsalat tarixi bir “Oskar” mərasimindən o birinə qədər keçən bir ilə aid olmalıydı və istehsalçı ölkədə, ən azı, yeddi gün kinoteatrlarda göstərilməliydi.

Dialoqlarının böyük hissəsi ingilis dilində olan əcnəbi film nominasiyada iştirak edə bilməzdi. Lakin 2006-cı ildə bu qayda bir qədər yumşaldılıb və artıq nominasiyaya təqdim edilən filmlərin mütləq istehsalçı ölkənin rəsmi dilində “danışması” tələb olunmur (məsələn, bu dəyişiklikdən əvvəl Kanada yalnız dialoqları fransızca olan filmlər təqdim edə bilərdi, ancaq yenilikdən sonra hindi dilində çəkilmiş filmini namizəd göstərmişdi).

Hər ölkə “ən yaxşı əcnəbi fim” nominasiyasında “Oskar” mükafatına yalnız bir film təqdim eləyə bilər. Seçim kinoindustriyanın nümayəndələrindən ibarət “Oskar” komitələri tərəfindən həyata keçirilir. Komitə üzvlərinin adları öncədən Amerika Kino Akademiyasına göndərilməlidir.

Buna da bax: Azərbaycan filminin «Oskar» almaq şansı var?

“Ən yaxşı əcnəbi film” nominasiyasında namizədlərin siyahısı iki mərhələ əsasında tərtib olunur: Birinci mərhələdə Kinoakademiyanın yüzlərlə üzvündən ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilmiş filmləri qiymətləndirir və səsvermə yolu ilə namizədlər seçilir.

İkinci mərhələdə isə Akademiyanın on üzvündən ibarət münsiflər heyəti əvvəlcə qısa siyahıya daxil olan beş namizədi, sonra isə qalib filmi müəyyənləşdirir.

Onu da qeyd edək ki, “ən yaxşı əcnəbi film” nominasiyasında qalib filmin mükafatını rejissor qəbul eləsə də, əslində “Oskar”, konkret şəxsə (rejissor və ya prodüser) yox, istehsalçı ölkəyə verilir. Hərçənd 2014-cü ildə tətbiq edilən yeni dəyişikliyə əsasən, artıq heykəlciklərin üzərinə təkcə istehalçı ölkənin yox, rejissorun da adı həkk olunur.

Göründüyü kimi qaydalar o qədər də mürəkkəb deyil ki, onlara uyğun gələn film tapmaq da çətin olsun. Məsələ “Oskar” komitəsindədirsə, Azərbaycanda iki belə komitə var. Biri kinodramaturq, rejissor və Amerika Kino Akademiyasının üzvü Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında yaradılıb, o biri də xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında. Üstəlik hər iki komitə özünü aktiv hesab eləyir.

AKİ-nin katibi və “Oskar” komitəsinin üzvü, rejissor Əli İsa Cabbarov deyir ki, bu təşkilatın nəzdində fəaliyyət göstərən “Oskar” komitəsi 2006-ci ildə yaradılıb və “ən yaxşı əcnəbi film” nominasiyasına göndərdiyi ilk film də Fərid Hümbətovun “Qafqaz” filmi olub. Fəaliyyətdə olduğu müddətdə komissiya “Qafqaz” filmi də daxil olmaqla dörd filmi - Şamil Nəcəfzadənin “Qala” filmi, İlqar Nəcəfin “Buta” filmi və İlqar Saffatın “Sahə” filmi – “Oskar” mükafatının “ən yaxşı əcnəbi film” nominasiyasına namizəd göstərib. Sadalanan filmlər long listə düşüb, ancaq o biri mərhələlərə keçə bilməyib. Birinci İttifaqda yaradılan komissiyanın sədri Rüstəm İbrahimbəyovdur, üzvləri isə Şəfiqə Məmmədova, Fuad Poladov, Mehriban Zəki, Şamil Nəcəfzadə, Kənan Məmmədov, Əli İsa Cabbarov, Teymur Abdullayev və gənc ssenarist - Rəhman Rafiqoğlundan ibarət olub. Komitə “Oskar” mükafatına namizədliyini təklif etdiyi filmləri rəqabətə davamlılıq əsasında, səsvermə yolu ilə seçib.

Ə.İ.Cabbarovun sözlərinə görə, komitə fəaliyyətini dayandırmayıb. Sadəcə Rüstəm İbrahimbəyov siyasi fəaliyyətə başlayandan sonra yerli kinematoqrafçılar bura müraciət etməyə çəkinirlər.

Rejissor bildirir ki, ikinci komitə bundan sonra yaradılıb: “Dövlət studiyasında çəkilən filmlərin prodüserləri bizə müraciət eləməyə çəkinəndən sonra “Çölçü” filminin rejissoru Şamil Əliyev yeni “Oskar” komitəsinin yaradılmasını təklif elədi və ikinci ittifaqda onun bu təşəbbüsü həyata keçirildi. Bizim komitə fəaliyyətini dayandırmayıb, sabah hər hansı bir prodüser bizə müraciət eləsə, yenə prosesə qoşulacağıq. Amerika Kino Akademiyası ikinci komitənin təklif etdiyi filmi qəbul eləyib, çünki həmin il biz film göndərməmişdik. Yəqin ki, Akademiyaya birinci komitənin fəaliyyətini dayandırdığı barədə məlumat verilib. Əks halda bir ölkədə paralel iki “Oskar” komitəsinin olması akademiyanın qaydalarına ziddi”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Oxu zalına verilən məlumatda isə deyilir ki, bu təşkilatın nəzdində mövcud olan “Oskar” komitəsi 2013-cü ildə rejssor Şamil Əliyevin təşəbbüsü ilə və mükafatın reqlamentinə uyğun yaradılıb. Komitənin sədri kinoşünas və rejissor Ayaz Salayevdir. Səsvermə zamanı kənar müdaxilələrə yol verməmək üçün komitə üzvlərinin adları gizli saxlanılır. Mənbə bildirir ki, mükafatın qaydalarına görə siyasi fəaliyyəti olan şəxslər “Oskar” komitəsinə sədrlik edə bilməzlər. Birinci komitənin sədri Rüstəm İbrahimbəyov prezident seçkilərinə qoşulmaq istədiyindən Komitə avtomatik olaraq öz fəaliyyətini dayandırmış sayılırdı.

ARKİ-nin nəzdində yaradılmış komitə də öz növbəsində “Oskar” mükafatının “ən yaxşı əcnəbi film” nominasiyasına iki film təklif edib- 2013-cü ildə rejissor Şamil Əliyevin “Çölçü”, 2014-cü ildə Elçin Musaoğlunun “Nabat” filmini. Son iki ildə nə müstəqil kinonun nümayəndələri, nə də dövlət kinostudiyası komitəyə müraciət eləmir. Qaydalara əsasən isə müraciət prodüserlər tərəfindən edilməli və komitə təklif olunan filmlərin arasında səsvermə yolu ilə ən yaxşısını seçib Amerikaya göndərməlidi.

Deməli, “Oskar” komitəmiz, hətta komitələrimiz var, ard-arda bir neçə il uzun siyahiya düşə bildiyimizi nəzərə alsaq, qaydalar da çətin deyil, əməl eləyə bilirik. Bəs onda problem nədədi? Bəlkə çəkilən filmlərin bədii keyfiyyətində və mövzularında?

Buna da bax: "Oscar"ın "Ən yaxşı əcnəbi film" siyahısında Qafqazdan təkcə Gürcüstan var

İş ondadır ki, “əcnəbi film” nominasiyasının bir qaydası da var – filmlər bəşəri mövzulardan bəhs eləməli, bütün dünya insanlarının anlaya biləcəyi vizual ifadə vasitələri ilə danışmalıdı, təbliğat xarakteri daşımamalıdı... Bu cəhətləri müstəqil kino nümunələrində tapmaq mümkündü, amma müstəqil kinorejisorların əksəriyyəti yetərli maliyyə dəstəyi tapmadıqlarından daha çox qısametrajla işləməyə məcburdular. Ən əsası isə müstəqil kinoda işləyən rejissorlardan ötrü “Oskar” mükafatı artıq çoxdan meyar deyil.

Yerdə qalır dövlət sifarişi ilə çəkilən filmlər... Dövlət də son iki-üç ildə ya kommersiya xarakterli layihələrə maliyyə ayırır, ya da onun “siyasətini” təbliğ eləyən filmlərə... Üstəlik onlar da uzunmüddətli prokata buraxılmır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG