Dünya xəbərləri
Fransa Ukraynaya 500 kilometri vuran dronlar göndərib
Fransanın "EOS Technologie" şirkəti Ukraynaya bir neçə "Rodeur 330" zərbə dronu çatdırıb. Bu dronların uçuş məsafəsi 500 km-ə qədərdir, havada 5 saat qala bilərlər.
Xəbəri "France Presse" agentliyi "France 24"ə istinadla yayıb.
Şirkətin rəhbəri Jan-Mark Zuliani deyib ki, Ukraynaya dron verməklə Qərb istehsalçıları onları sahədə sınaqdan keçirmək imkanı qazanır. Onun dediyinə görə, ukraynalılar müharibənin gedişatında "dünyada misilsiz təcrübə qazanıblar".
İstehsalçı şirkətin məlumatına görə, "Rodeur 330"un sürəti 120 km/saata qədərdir, 5 min metr hündürlüyə qalxa bilir.
Ukrayna hökuməti daha öncə bildirib ki, ölkədə 500 km-dən də uzağa uça bilən dronlar hazırlanır və istehsal edilir. Bu dronlar Rusiyanın dərinliklərini vurmaq üçün də istifadə olunub. Qərb müttəfiqlərindən alınan silahlar arasında "Rodeur 330" ən uzaqvuran dronlardandır.
Ukraynaya əvvəllər verilmiş ATACMS, "Storm Shadow" raketlərinin uçuş məsafəsi 500 km-dən azdır.
Bütün xəbərləri izləyin
AŞPA bürosu Rusiya müxalifəti üçün platformanı təsdiqləyib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu Rusiya demokratik qüvvələrinin platformasının tərkibini təsdiqləyib. Bu platforma avropalı parlament üzvləri ilə dialoq aparacaq.
Platformanın tərkibinə 10 nəfər salınıb. Vəkil, Dövlət Dumasının keçmiş deputatı Mark Feyqin, müxalifət siyasətçiləri Vladimir Kara-Murza və Mixail Xodorkovski, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov, "Memorial" hüquq müdafiə mərkəzinin həmsədri Oleq Orlov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) keçmiş əməkdaşı Lyubov Sobol platformada yer alıb.
Platformaya Rusiyanın yerli xalqlarını təmsil edən beş nəfər də daxil edilib.
Quruma AŞPA prezidenti Teodoros Rusopulos rəhbərlik edəcək. Almaniya, İspaniya, Macarıstan, Rumıniya və Kiprdən təmsilçilər strukturun işinə qatılacaq.
AŞPA 2025-ci ilin oktyabrın əvvəlində Rusiya demokratik qüvvələri ilə dialoq üçün platformanın yaradılması haqqında qətnamə qəbul edib. Qətnamədə deyilir ki, AŞPA Rusiya müxalif və vətəndaş təşəbbüsləri ilə təmasları "pərakəndə formatlardan strukturlaşdırılmış dialoqa" keçirir.
Platformada iştirak üçün meyarlardan biri 2023-cü ildə Rusiyadan olan müxalifətçi və fəalların qəbul etdiyi "Berlin bəyannaməsi"ni imzalamaqdır. FBK bu sənədi imzalamayıb, onun manipulyasiya aləti olduğunu bildirib.
Qətnamənin qəbulundan sonra FBK-nın siyasi layihələr üzrə rəhbəri Leonid Volkov AŞPA-nı tənqid edib. O bildirib ki, "AŞPA-nın əhəmiyyəti xeyli azalıb, lakin bəzi həmkarlara elə gəlir ki, Assambleya yenə vacibdir".
"Kimsə hesab edə bilər ki, AŞPA-da dinləmələr vasitəsilə nəyəsə nail olmaq olar. Kimsə hər hansı vəsiqə, formal status almağı, vizit kartında nəsə yazmağı çox istəyir", – Volkov yazıb.
Tramp Minneapolisdəki atışma ilə bağlı hər şeyi nəzərdən keçirdiyini deyir
Tramp administrasiyası Minneapolisdəki ölümcül atışma ilə bağlı "hər şeyi nəzərdən keçirir və qərar açıqlanacaq". Bunu prezident Donald Tramp yanvarın 25-də "The Wall Street Journal"a müsahibədə deyib.
Prezident immiqrasiya əməkdaşlarının Minneapolisdən çıxarılmasını nəzərdən keçirəcəyini də bildirib.
"Bir məqamda çıxacağıq. Yaxşı işlər görmüşük, onlar da fenomenal iş görüblər. Orada maliyyə fırıldaqları üzrə fərqli adamlar təyin edəcəyik", – Tramp deyib, amma agentlərin nə vaxt gedəcəyi ilə bağlı qrafik açıqlamayıb.
Yanvarın 24-də Minneapolisdə Aleks Pretti adlı şəxs öldürülüb. Bu, yanvarda federal immiqrasiya əməkdaşlarının törətdiyi ikinci belə qətldir.
Tramp administrasiyası Prettinin əməkdaşlara hücum etdiyini, onların özünümüdafiə üçün atəş açmağa məcbur qaldıqlarını bildirib. Amma videogörüntülərdə Prettini bir qrup əməkdaşın saxladığı, ona dəfələrlə atəş açıldığı görünür.
Yanvarın əvvəlində immiqrasiya əməkdaşları 37 yaşlı, üç uşaq anası Rene Qudu güllələyərək qətlə yetirib. Son insidentin immiqrasiya polisinin reydi zamanı baş verdiyi bildirilir. Şahidlərin dediyinə görə, Aleks "qeyri-leqal" əcnəbinin saxlanmasını telefona çəkərkən onu yerə yıxıblar, kürəyindən altı güllə açıblar.
Ötən ilin dekabrından Daxili Təhlükəsizlik Nazirliyi Minnesotada qanunsuz mühacirlərin saxlanması üzrə irimiqyaslı əməliyyat keçirir. Prezident Trampın göstərişi ilə ştata 3 minə yaxın federal agent göndərilib. Minnesota sakinləri onların ştatda olmasına etiraz edirlər.
Qızılın qiyməti 5 min dolları keçib
Yanvarın 26-da qızılın qiyməti 5 min dolları keçərək rekord təzələyib. "Reuters" yazır ki, investorlar geopolitik qeyri-müəyyənliklər fonunda bu etibarlı aktivə yatırım edirlər.
Fevral ayı üçün qızıl füçersləri (GCcv1) 1.6 faiz artaraq 5 min 56 dollara yüksəlib.
Qızıl 2025-ci ildə 64 faiz bahalanıb, bu isə 1979-cu ildən bəri ən böyük illik artımdır. Qiymətlər bu il 17%-dən çox artıb.
capital.com-un aparıcı bazar təhlilçisi Kayl Rodda sonuncu təkanı "faktiki ABŞ administrasiyasına və ABŞ aktivlərinə inam böhranı" adlandırır, ötən həftə Tramp administrasiyasının bəzi qərarları ilə başladığını deyir.
ABŞ prezidenti Donald Tramp ötən həftə Avropa müttəfiqlərinə tarif tətbiqindən qəfil geri çəkilib. O, Qrenlandiyanı ələ keçirmək üçün təzyiq məqsədilə müttəfiqlərə tarif tətbiq olunacağını demişdi.
Həftəsonu isə Tramp deyib ki, Kanada Çinlə ticarət razılaşması bağlayarsa, ona 100 faiz tarif tətbiq edəcək.
ABŞ prezidenti fransalı həmkarı Emmanuel Makronu Sülh Şurasına qoşulmağa sövq etmək üçün fransız şərabları və şampanlarına 200 faiz tariflə hədələyib.
Təhlilçilər bu il qızılın qiymətinin 6 min dollara yaxınlaşacağını gözləyirlər.
'Bloomberg': ABŞ ÜST-dən çıxıb, 260 milyon dollar borcunu ödəməyib
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən çıxıb və təxminən 260 milyon dollarlıq borcunu ödəməyib. Xəbəri "Bloomberg" agentliyi yayıb.
Qurumdan çıxma prosesinin 2026-cı il yanvarın 22-də tamamlandığı bildirilir. ABŞ prezidenti Donald Tramp 2025-ci ilin yanvarında prezidentlik postuna keçən kimi ÜST ilə əlaqələri kəsməyə qərar verib, səbəb kimi qurumun COVID-19 pandemiyasına reaksiyasında səhvləri göstərib.
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin məlumatına görə, ÜST-nin təşəbbüslərinə bütün maliyyə və kadr dəstəyi dayandırılıb, amerikalılar qurumun bütün ofislərindən və qərargahından geri çağırılıb. ABŞ həmçinin təşkilatın rəhbər orqanlarında və işçi qruplarında iştirakını dayandırıb.
Konqresin 1948-ci il qətnaməsinə görə, təşkilatdan çıxmaq üçün ABŞ bir il əvvəl bildiriş verməli, bütün borcları ödəməlidir. ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin yüksəkvəzifəlisi agentliyin jurnalistlərinə deyib ki, qanunda təşkilatdan çıxmadan öncə borcun ödənilməsi tələbi yoxdur.
"Verilən vədlər yerinə yetirilib. ÜST amerikalıların həyatını xilas edə biləcək vacib məlumatların vaxtında və dəqiq mübadiləsinə mane oldu, sonra bu uğursuzluqları "ictimai sağlamlıq maraqları" adı altında gizlətdi", – dövlət katibi Marko Rubio və səhiyyə naziri Robert Kennedinin bəyanatında vurğulanıb.
Bəyanatda ABŞ-nin ölkələrlə və "nüfuzlu səhiyyə qurumları" ilə işləyəcəyi vurğulanır.
Aİ İranın nazirinə, təhlükəsizlik rəsmilərinə sanksiya tətbiq edəcək
Avropa İttifaqı (Aİ) İranın daxili işlər nazirinə, 14 digər aparıcı rəsmiyə etirazların zorakılıqla yatırdılmasındakı roluna görə sanksiyalar təklif edib. AzadlıqRadiosu bu haqda sənədləri görüb.
İranda dekabrın 28-də başlanan milli valyutanın kəskin ucuzlaşmasına etirazlar sonra rejimə qarşı nümayişlərə çevrilib, amma qanlı şəkildə yatırdılıb.
Aİ-nin xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə görüşəcəklər. Onlar İran rəsmilərinə qarşı aktivlərin dondurulması, viza qadağaları kimi tədbirlər tətbiq edə bilərlər.
Əsas hədəfdə daxili işlər naziri İsgəndər Mömini, İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölmələridir. Onlar yüzlərlə etirazçının ölümündə günahlandırılırlar.
Baş prokuror Məhəmməd Müvəhhidi Azad nümayişçiləri iğtişaşlarda "Allaha qarşı ədavət" ittihamı ilə ölüm cəzasıyla hədələdəyinə görə sanksiyaya məruz qala bilər.
Ali baş komandan müavini olan Mömini isə "küçə etirazlarını boğan" qüvvələrə komandanlıq edib, - Aİ-nin sənədində deyilir.
ABŞ-də yerləşən HRANA insan haqları təşkilatı yanvarın 22-də 4 min 900-dən çox ölümün təsdiqləndiyini, onlardan 201-nin təhlükəsizlik qüvvələri olduğunu bildirib. 9 min 300-dən çox ölüm isə araşdırılır.
İspaniyada bazar günündən bəri üçüncü qatar qəzası baş verib
İspaniyanın cənub-şərqindəki Kartaxena şəhərində sərnişin qatarı tikinti kranına çırpılıb, bir neçə nəfər yaralanıb, birinin vəziyyəti ağırdır. Xəbəri TVE dövlət televiziyası yayıb.
Bazar günü Andalusiya regionunda sürət qatarlarının toqquşmasında azı 43 nəfər həlak olub.
Yanvarın 20-də isə Kataloniyada qatar qəzasında maşinist ölüb.
İspaniyanın "Adif X" dəmiryol operatoru sosial şəbəkəsində bildirib ki, bugünkü qəzanın baş verdiyi xətdə hərəkət dayandırılıb, səbəb "dəmir yoluna aid olmayan kranın infrastruktura müdaxiləsi"dir, amma əlavə detal açıqlanmayıb.
Rusiyada məktəblilərə dron yığmağı öyrədəcəklər
Rusiyada məktəblilərə dron yığmağı və onları idarə etməyi də öyrədəcəklər. Bu bacarıq "Vətənin təhlükəsizliyi və müdafiəsinin əsasları" (VTMA) fənnində öyrədiləcək. Əvvəllər fənn "Həyat təhlükəsizliyinin əsasları" kimi tanınırdı. Bu haqda "RİA Novosti" dövlət agentliyi yanvarın 21-də yazıb. Hökumətin təsdiqlədiyi VTMA fənni üzrə məktəb kabinetləri üçün avadanlıqlar siyahısı açıqlanıb.
"Mel" nəşrinə görə, təsdiqlənmiş siyahıya 90-dan çox müxtəlif avadanlıq və vəsait daxildir. Əsas siyahıda "Kalaşnikov" avtomatının və "Makarov" tapançasının maketləri, qumbara maketləri, təcili tibbi yardım vasitələri, əleyhqazlar, dozimetrlər, ümumqoşun mühafizə dəstləri, sanitar xərəklər, əsgər qazanı, çadırlar və gecəgörmə cihazları yer alır.
Əlavə tədris vasitələri siyahısına isə dronlar üzrə tədris-metodik material dəstləri, dronların hazırlanması üçün komplektlər, pilotaj üçün proqram-aparat kompleksi, dron-konstruktor, eləcə də aeroyarışlar üçün proqram təminatı salınıb.
Dronlardan Ukraynadakı müharibədə fəal istifadə olunur. Müharibə başlayandan sonra Rusiyada "Şahed" (Qeran) zərbə dronlarını genişmiqyaslı istehsal olunmağa başlanıb, prosesə yetkinlik yaşına çatmayanlar da cəlb olunub. Jurnalist araşdırmalarına görə, bu iş xüsusilə Tatarıstandakı "Alabuqa Politex" kollecində aparılır.
ABŞ hərbçiləri Venesuela sahillərində daha bir tankeri ələ keçirib
Yanvarın 20-də ABŞ hərbçiləri Venesuela sahilləri yaxınlığında "Sagitta" adlı tankeri ələ keçiriblər. Dekabrın əvvəlindən ABŞ Sahil Mühafizəsi Venesuela nefti ilə yüklənmiş, Vaşinqtonun sanksiyalarını pozan yeddinci tankeri saxlayır.
"The Associated Press" yazıb ki, "Sagitta" tankeri Liberiya bayrağı altında üzür, sahibi Honkonqdan bir şirkətdir. O, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ-nin sanksiyalarına məruz qalıb. Tankerin yerini göstərən transponder söndürülüb, sonuncu dəfə iki ay öncə Baltik dənizindən çıxanda aktivləşdirilib.
Tramp administrasiyasının təmsilçiləri dəfələrlə bəyan ediblər ki, onlar müsadirə olunan neftin satışından gəliri Venesuelanın neft infrastrukturunun bərpasına xərcləməyi planlaşdırırlar. Prezident Donald Tramp yanvarın 20-də bildirib ki, ABŞ artıq dünya bazarlarında satılan 50 milyon barel Venesuela nefti alıb, bu isə neft qiymətlərində "əhəmiyyətli" azalmaya səbəb olur.
Zelenski: Kiyevdə bir milyondan çox insan işıqsız qalıb
Yanvarın 20-də axşam Kiyevdə Rusiyanın hücumları nəticəsində bir milyondan çox istehlakçı işıqsız qalıb. Bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Prezident deyib ki, Kiyevdə 4 minə yaxın çoxmərtəbəli binada hələ də istilik yoxdur. Səhər saatlarında 5 min 600-dən çox binada istilik olmayıb, sonradan bəzilərində istilik təchizatı bərpa edilib.
Zelenski bildirib ki, elektrik enerjisinin istehsalını və istehlakını yenidən bölüşdürməklə bağlı tədbirlər müzakirə olunacaq. O, Ukrayna Hava Qüvvələrinin Rusiya dronlarını zərərsizləşdirməsi işini qənaətbəxş saymadığını bildirib. Bu mövzunu yeni müdafiə naziri Mixaylo Fyodorovla müzakirə etdiyini söyləyib.
Yanvarın 20-sinə keçən gecə Rusiyanın Ukraynaya 372 pilotsuz uçuş aparatı və raketlə hücum etdiyi bildirilir. Əsasən enerji obyektləri, Kiyevdəki infrastruktur vurulub. Ukraynanın digər bölgələrində də işıq kəsilib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) məlumatına görə, Rusiyanın kütləvi hücumunda Ukraynanın bir neçə elektrik stansiyası, nüvə təhlükəsizliyi üçün həyati əhəmiyyətli stansiyalar zərər görüb. Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, Çernobıl Atom Elektrik Stansiyası tamamilə xarici enerji təchizatından kəsilib, digər atom elektrik stansiyalarına gedən xətlərə də ziyan dəyib.
+++
Yanvarın 21-də səhər Ukrayna dronlarının qalıqları Rusiyanın cənubundakı Krasnodar diyarında Afipski neft emalı zavodunda yanğına səbəb olub. Yerli fövqəladə hallar mərkəzinin məlumatına görə, xəsarət alan olmayıb, ziyan dəyməyib və yanğın söndürülüb.
Elə həmin gün Ukrayna dronları Rusiyanın cənubunda müxtəlif şəhərlərə zərbələr endirib, 11 nəfər yaralanıb və bir neçə sakin təxliyə edilib.
Afipski zavodu, əsasən, ixracyönümlüdür, son aylar Ukraynanın ardıcıl dron hücumlarına məruz qalıb.
Bu arada Moskva döyüş meydanında irəliləyir, Ukraynanın ciddi zərər görmüş enerji sisteminə qış kampaniyasını da gücləndirib.
Gürcüstandan son günlər 56 əcnəbi çıxarılıb, azərbaycanlı da var
Son günlərdə Gürcüstandan Rusiya, Çin və daha 14 ölkənin vətəndaşları deportasiya edilib. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Gürcüstanın Miqrasiya Departamentinin ümumilikdə ölkədən 56 xarici vətəndaşı deportasiya etdiyi açıqlanıb.
Həmin şəxslər Türkiyə, Hindistan, Rusiya, Çin, Qazaxıstan, Türkmənistan, Banqladeş, Pakistan, Misir, İsrail, Kipr, Mərakeş, Nigeriya, Ermənistan, Özbəkistan və Azərbaycandan olub.
"Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya olunan şəxslərə ölkəyə giriş qadağan edilib", – nazirlik bildirib.
Ötən il Gürcüstandan ümumilikdə 1311 xarici vətəndaş deportasiya edilmişdi.
Hakim "Gürcü Arzusu" partiyası xarici vətəndaşların ölkədən deportasiyasına dair qanunvericiliyi sadələşdirib. Məsələn, xarici vətəndaş etiraz aksiyalarına qatılmaq qaydalarını pozduğu üçün deportasiya edilə bilər.
Gürcüstanda əcnəbilərin işə qəbul şərtləri isə sərtləşdirilib: 2026-cı il martın 1-dən iş fəaliyyəti üçün xüsusi icazə tələb olunacaq.
Böyük Britaniya da uşaqlara sosial medianı qadağan edə bilər
Böyük Britaniya da Avstraliya kimi uşaqlar üçün sosial media qadağasını nəzərdən keçirir. Baş nazir Kir Starmer yanvarın 20-də bildirib ki, uşaqlar "sonsuz skrollinq, narahatlıq və müqayisə dünyasına" sürüklənmə riski ilə üzləşirlər.
Starmer hökumətin sərt tədbirlər görməyə hazır olduğunu deyib.
Hökumət sosial media qadağasının uşaqlar üçün effektiv olub-olmayacağını araşdıracağını bildirib.
"Bu, çox mürəkkəb bir məsələdir, buna görə də düzgün şəkildə nəzərdən keçirilməlidir", – Starmer "Substack"ə bildirib.
Nazirlər Avstraliyaya səfər edərək onların yanaşmasından öyrənəcəklərini deyiblər.
Ötən ay Avstraliya yaşı 16-dan az uşaqlar üçün sosial medianı qadağan edən ilk ölkə olub.
Britaniyada bu yaxınlarda Onlayn Təhlükəsizlik Aktı qüvvəyə minib. İnternetdə yaş yoxlaması ilə üzləşən uşaqların sayı 30 faizdən 47 faizə qalxıb. Hökumət bildirir ki, pornoqrafiya saytlarının açılması da 30 faiz azalıb.
Ermənistan Rusiya qazını Azərbaycan ərazisindən keçməklə idxal edəcək
Ermənistan yaxın vaxtlarda Rusiya istehsalı mayeləşdirilmiş qazı Azərbaycan ərazisindən keçməklə dəmir yolu ilə idxal edəcək. Açıqlamanı Ermənistanın İqtisadiyyat Nazirliyi yayıb.
Nazirlik mayeləşdirilmiş qazın ilk partiyasının Ermənistana nə vaxt çatacağını, konkret hansı şirkətlərin idxalla məşğul olacağını açıqlamır.
AzadlıqRadiosunun erməni xidməti ölkədə son günlər mayeləşdirilmiş qazın kəskin bahalandığını yazır. Hökumət bildirir ki, hazırda İrandan yanacaq idxalı mümkün deyil, Rusiyadan idxal isə "Yuxarı Lars" buraxılış məntəqəsi bağlı olduğundan real deyil.
Ötən ilin oktyabrından Azərbaycan Ermənistana yük tranzitinə məhdudiyyətləri qaldırıb. Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana Qazaxıstandan taxıl, Rusiyadan buğda çatdırılıb. Dekabrın ortalarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana Aİ-95 markalı benzin çatdırıb.
Gürcüstanda rusiyalı çətənə yetişdirmək ittihamı ilə saxlanılıb [Video]
Gürcüstanda 46 yaşlı rusiyalı çətənə yetişdirmək ittihamı ilə saxlanılıb. Bu haqda "Exo Kavkaza" ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb.
İstintaqın məlumatına görə, kişi kirayələdiyi mənzildə xüsusi istixana quraraq narkotik tərkibli bitkilər yetişdirib.
"Axtarış nəticəsində hüquq-mühafizə orqanları sübut kimi çox miqdarda qurudulmuş marixuana və çətənə bitkiləri götürüblər. Həmçinin narkotik vasitələrin yetişdirilməsi və qablaşdırılması üçün istifadə olunan materiallar da müsadirə edilib", – nazirliyin mətbuat xidməti bildirir.
Cinayət işi narkotik vasitələrin saxlanılması və narkotik tərkibli bitkilərin qanunsuz yetişdirilməsi maddələri üzrə açılıb.
Gürcüstanda ilk dəfə deyil narkotik işi üzrə rusiyalı saxlanılır. 2025-ci ilin dekabrında Gürcüstanda saxlanan rusiyalı Oleq Kuprinə narkotiklərin qanunsuz əldə olunması və saxlanılması ittihamı verilib. Sentyabrda Tbilisidə etiraz aksiyalarına qatılan üç rusiyalıya 8 il yarım həbs cəzası kəsilib, onlara narkotik yaymaq ittihamı irəli sürülüb. Onların hamısı işlərini siyasi motivli hesab edir: dediklərinə görə, hüquq-mühafizə orqanları onlara narkotik ittihamlarını aksiya iştirakçılarını gözdən salmaq üçün irəli sürüb.
Cənubi Koreyanın keçmiş prezidenti 5 il azadlıqdan məhrum edilib
Cənubi Koreyanın keçmiş prezident Yun Sok Yol 5 il müddətinə azadlıqdan məhrum edilib. Seulun Mərkəzi Rayon Məhkəməsi bu cəzanı məhkəməyə mane olma işi üzrə kəsib. Prokuror 10 il cəza tələb etmişdi. Xəbəri Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb.
Keçmiş prezident 2025-ci ilin yanvarında özünün saxlanmasına mane olmaqda, hərbi vəziyyət elan etməkdə, parlamentin qərarından sonra bununla bağlı fərmanı ləğv etməkdə, hərbçilərin telefonlarından qeydləri silmək əmri verməkdə təqsirli bilinib.
İki gündən sonra keçmiş prezidentin həbs müddəti başa çatmalı idi. Onun vəkilləri deyirdilər ki, bu iş üzrə qərar hərbi üsyan məsələsi müzakirə olunandan sonra verilməlidir, amma hakim bu tələbə etiraz edib.
Agentliyin yazdığına görə, Y.S.Yola toplam səkkiz cinayət işi açılıb. O, hərbi vəziyyət tətbiq etmək cəhdi, xanımım yol verdiyi bildirilən korrupsiya, 2023-cü ildə dəniz piyadasının ölümündə ittiham olunur. Prokurorlar bu həftə hərbi üsyan işi üzrə ona ölüm cəzası kəsilməsini tələb ediblər.
Y.S.Yol "Şimali Koreyanın daxili tərəfdarları ilə mübarizə aparmaq" üçün ölkədə hərbi vəziyyət elan edəcəyini bildirib. Onun imzaladığı fərman partiyaların fəaliyyətini, etirazları, tətilləri qadağan edir, senzura qoyur, ölüm cəzası çıxara biləcək hərbi-səhra tribunalları təsis olunmalı idi. Lakin sənəd cəmi altı saat qüvvədə olub, deputatlar onun ləğvinə səs verib, hərbçilər isə parlament binasını basqın edirdilər.
2024-cü ilin dekabrında parlament Y.S.Yolun vəzifəsindən azad edilməsinə səs verib. Yanvarda istintaqçılar onu həbs edə bilməyib, daha sonra məhkəmə onun saxlanmasına qərar verib. Fevralda siyasətçi Seulun Mərkəzi Dairə Məhkəməsinə apellyasiya şikayəti verib, məhkəmə onun xeyrinə qərar qəbul edib, martın əvvəllərində o, azadlığa buraxılıb. Amma iyulda Y.S.Yolu yenidən həbs ediblər, tədqiqatçılar onun sübutları məhv edə biləcəyini bildiriblər.