"Sərhədsiz Reportyorlar" (RSF) beynəlxalq mətbuat hüquqları təşkilatı iyunun 10-da Fransa məhkəməsinin azərbaycanlı bloqer Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdi işi üzrə çıxardığı hökmü alqışlayıb.
Qurum bildirir ki, təqsirləndirilən şəxslərə 30 ilədək ağır həbs cəzalarının verilməsi ilə Fransa ədliyyə sistemi aydın mesaj göndərib: avtoritar rejimlərin Avropa torpaqlarındakı transmilli repressiyaları cəzasız qalmayacaq.
RSF-nin bəyanatında Renn Ağır Cinayətlər Məhkəməsinin qərarına istinadən vurğulanır ki, bu hücumda əsas məqsəd "təkcə bir insanın həyatına son qoymaq deyil, həm də rejim əleyhdarları arasında terror və qorxu mühiti yaratmaq olub". Bununla da məhkəmə sui-qəsd cəhdinin siyasi xarakter daşıdığını rəsmən təsdiqləyib.
"Fransa ərazisində törədilmiş dövlət dəstəkli terror aktı pislənildi"
Fransada sığınacaq tapmış azərbaycanlı bloqerin vəkillərindən biri Anri Karpantye qərarı şərh edərək deyib: "Bu hücumun icraçılarını 30 ilədək həbs cəzasına məhkum etməklə məhkəmə Fransa ərazisində törədilmiş dövlət dəstəkli terror aktını açıq şəkildə pislədi".
Təqsirləndirilən şəxslərin cinayətkar şəbəkələrlə geniş əlaqədə olması iddiaları səbəbindən məhkəmə misli görünməmiş təhlükəsizlik tədbirləri altında keçirilib. RSF-nin qənaətinə görə, bu proses Fransa tarixində transmilli repressiyalarla bağlı baxılan ən mühüm işlərdən biridir.
RSF-nin Şərqi Avropa və Orta Asiya bölməsinin rəhbəri Jan Kavelyerin sözlərinə görə, bu hökm Avropa torpağında mühacirətdə yaşayan jurnalistləri qorxuda və ya susdura biləcəyinə inanan hər kəsə kəskin xəbərdarlıqdır: "Bu addım göstərir ki, Fransa ədliyyəsi transmilli repressiyanın zorakılığına qətiyyətlə cavab verməyə qadirdir və heç bir dövlət sərhədlərini aşaraq müxalif fikri boğa bilməz".
2021-ci ildə Fransanın Nant şəhərində bıçaqlı hücuma məruz qalan M.Mirzəli o vaxtdan xüsusi polis mühafizəsi altında yaşayır. Bloqerə qarşı sui-qəsd cəhdinin digər bir iştirakçısı Xəyyam Haqverdiyev isə ötən il 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma
M.Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü və bloqerdir. O, hazırda Fransada mühacirət həyatı yaşayır. Özünün yazdığına görə, Göyçayda "Əsgər ölümlərinə son!" aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib.
Bloqer ölkəni tərk etməzdən əvvəl polisə aparılaraq təzyiqlərə məruz qaldığını, atasının isə dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir. Bu ittihamlarla bağlı hüquq-mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib.
Hakimiyyət rəsmiləri isə insanların siyasi baxışlarına görə təqib edilməsi və ya qohumlarının təzyiqlərlə üzləşməsi barədə iddiaları tamamilə əsassız sayaraq rədd edirlər.