Fövqəladə Hallar Nazirliyi (FHN) Tibb Xidmətinin Dərman və tibbi avadanlıqların təchizatı şöbəsinin keçmiş rəisi Rəşad Feyzullayev nazirliyi məhkəməyə verib. O, pandemiya dövründə koronavirusa qarşı mübarizə tədbirlərinə qatılmış şəxslərdən biri kimi, aylıq maaşına əlavəni almadığını iddia edir. Bu üzdən, FHN-ə qarşı toplam 74 min manatdan çox pul tələbiylə iddia qaldırıb.
Polkovnik-leytenant R.Feyzullayev 1999-2005-ci illərdə Müdafiə Nazirliyi sistemində çalışıb. Ardından FHN-də xidmət edib və 2023-cü ilin iyununda öz istəyi ilə ehtiyata buraxılıb.
O, məhkəməyə ərizəsində bütövlükdə 25 ay koronavirusla mübarizə tədbirlərinə qatıldığını göstərib və yeddi ayın ödənişi edilsə də, qalan 18 ay pulunu vermədiklərini yazıb. Bu üzdən, ilyarımlıq maaşının üç misli miqdarında – 40 min 932 manat tələb edib. Bundan başqa, 13 ay sərəncamda saxlanılsa da, doqquz ayın pulu ödənilməyib. Həmin müddətdə ödənilməyən maaş və müavinətlərə görə də 19 min 146 manat istəyir. Üstəlik, göstərilən məbləğlərin hər gecikdirilmiş gününə üçün də 1 faiz təzminat tələb edir. Beləliklə, məhkəmə iddiasında məbləğ toplam 74 min 170 manata yüksəlib.
"... Özünün müraciəti olmayıb"
FHN nümayəndəsi R.Feyzullayevin iddiasına etiraz edərək məhkəmədə bildirib ki, ona 2020-ci il martın 1-dən oktyabrın 1-dək maaşının üç misli qədər əlavə vəsait ödənilib. Sərəncamda olduğu dörd ay üzrə də ödənişlər olunub: "Sərəncamda olmanın fasiləsiz dörd ayı bitdikdə zabitlərə hərbi rütbə və vəzifə maaşları müstəsna hallarda yalnız nazirin əmri ilə ödənilir. Onun barəsində belə bir əmr olmayıb. Maddi yardım qurum rəisinin əmri ilə ödənilir. Maddi yardımın ödənilməsi ilə əlaqədar isə özünün müraciəti olmayıb".
Gecikdirilmiş hər günə görə 1 faiz ödənişə gəlincə, FHN nümayəndəsinin fikrincə, bu tələb qanunvericiliyə ziddir. Onun sözlərinə görə, belə bir müddəa Əmək Məcəlləsində olsa da, hərbi qulluqçulara şamil edilə bilməz.
Bakı İnzibati Məhkəməsi polkovnik R.Feyzullayevin 74 min manatdan çox pul tələbindən yalnız 19 min 146 manatlıq bölümünü təmin edib. Məhkəmə belə nəticəyə gəlib ki, keçmiş şöbə rəisinə doqquz ay sərəncamda qaldığı müddətin pulu ödənilməlidir. İddianın qalan hissəsi təmin olunmayıb.
Bu qərardan yuxarı instansiya məhkəmələrinə də şikayət verilib. Polkovnik-leytenantla FHN arasındakı mübahisəyə öncə apellyasiya instansiyasında, bugünlərdə isə Ali Məhkəmədə baxılıb, ancaq qərar dəyişməyib.