Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:05

’Paşayeva Əliyevanı niyə təbrik etdi o zaman?’


Deputat Qənirə Paşayeva, 08yan2013
Deputat Qənirə Paşayeva, 08yan2013

Azərbaycanın birinci ledisi Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi qonşu Türkiyədə də müzakirələrə yol açıb. Hətta apreldə keçiriləcək referendumda “Konstitusiyaya dəyişikliklərə niyə yox deyilməlidir” yönündə təbliğat aparanlar son hadisəni də misal çəkirlər.

Uzun illər NTV xəbər kanalında çalışan, amma basqılardan sonra televizyadan uzaqlaşan, son illər sosial medianın imkanlarından yararlanaraq ictimai-siyasi məsələləri gündəlik canlı yayımlarda işıqlandıran jurnalist Ünsal Ünlü AzadlıqRadiosu-nun suallarını cavablandırıb. O, sözügedən təyinata da toxunub:

Buna da bax:​ 1-ci Vitse-prezident hansı işləri görməlidir?

Jurnalist Ünsal Ünlü
Jurnalist Ünsal Ünlü

– Burda da bu məsələ çox danışıldı. Aprelin 16-da, təxminən iki ay sonra Türkiyə də referenduma gedəcək. Bu, ötən il sentyabrın 26-da Azərbaycanda keçirilən referenduma çox bənzəyir. 18 maddəlik dəyişiklik paketi səsverməyə çıxarılacaq. Bizdə də, eynən Azərbaycandakı kimi, prezidentə sərhədsiz yetkilər vermək üçün dəyişikliyə gedirlər. O üzdən, bu iki referendumu çox adam bir-birinə bənzədir. Azərbaycanda baş verənlərə gəlincə, bu, doğru addım deyildi. Dünyada belə bir demokratiya modeli yoxdur. Özünü, ardından yoldaşını, sonra uşaqlarını yönətimə ortaq etmək doğru deyil. Bu, demokratiyaya ziddir. Bu heç də Mehriban Əliyevanın şəxsiyyətiylə bağlı məsələ deyil. Onsuz da, Heydər Əliyevdən sonra ailə soyadı ilə davam edən bir yönətim var ortada. Son hadisə də “Azərbaycanda bir adamın yönətimi hakim oldu” qənaətini yaradır. Bu qərar Avropada da, Amerikada da təpkilərlə qarşılandı. Mən bunu doğru bir şey kimi görə bilmirəm.

Buna da bax:​ MTRŞ FOX TV-nin dayandırılmasından danışdı

– Azərbaycan hakimiyyəti xaricdən gələn təpkiləri önləməyə çalışır. Məsələn, fatih Portakal Türkiyənin FOX TV kanalında bu hadisəylə bağlı xəbəri təqdim edərkən, qısaca da olsa, öz yorumunu səsləndirdi və hətta baş verənlərə gülməkdən özünü saxlaya bilmədi. Bunun ardınca Azərbaycan kabel televiziyalarında FOX TV-nin yayımı dayandırıldı...

– Dünən (fevralın 22-də - red.) İnternet yayınında mən də bu haqda danışdım. Axşam yayınında Fatih də bənzər şeylər söylədi. Ardından yayın dayandırıldı. Bu yaşananlar insanları acı-acı düşündürür. Sonucda ailə soyadı ilə davam edən bir yönətim modeli yaradılır. Orta Asiyada da bu modelin bənzərləri var. Bunun anlamı isə belədir: Əliyev soyadını daşımayan insanların Azərbaycanda idarəetmədə yeralma ehtimalı gedərək aşağı düşür. Azərbaycanda universitet təhsilli, bacarıqlı, istedadlı insanlar var, bu yolla onların önü kəsilir. O səbəbdən də Fatihin eleştirisi (tənqidi) doğrudur. Ardından atılan addımlarsa senzuradır. Bunun başqa adı yoxdur. İstəyirlər ki, insanlar danışmasınlar, anlatmasınlar, onların yapdığı yanlışları göstərməsinlər. Belə demokratiya anlayışı olmaz.

Buna da bax:​ 'Prezident gəlir, deyir ki, mən arvadımı birinci-vitse prezident təyin etdim'

– Ünsal bəy, son 5-6 ildə Azərbaycanda iqtidar yetkililəri “Azərbaycansayağı demokratiyadan” daha çox danışmağa başlayıblar. Topluma sanki belə bir fikir aşılanır ki, Azərbaycan toplumu demokratiyaya hazır deyil. İndi Türkiyədə də türk tipli demokratiyadan danışılmaqdadır. Sizcə, demokratiyanın tipi olur?

– Bu yanaşma da, təbii ki, yanlışdır. Bütün dünyada demokratiyanın mahiyyəti eynidir, xalq öz hakimiyyətini seçəcək və idarəetmə də ona tapşırılacaq. Bir adam bütün ölkə adına və təkbaşına qərar verə bilməz. Azərbaycan tipli demokratiya demək, başlı-başına, çox olumsuz bir davranış deməkdir. Nədən Azərbaycanın ayrı bir demokratiyası olsun ki? Bu gün Azərbaycandan dostlarımla mesajlaşdım. Bilmirdim. Demə, Mehriban Əliyevanın təyinatının ardından daxili işlər naziri də öz oğlunu yüksək bir vəzifəyə gətirib. Demokratiya bu deyil. Əliyev cütlüyünün üç övladı var, Allah bağışlasın. Bundan sonra da hakimiyyəti övladlarına ötürəcəklərsə, bunun adı demokratiya olmayacaq ki. Bunun bənzəri Orta Asiyada, bizim soy bağımız olan ölkələrdə yaşanır. Biz demokratiyanın mahiyyətini dəyişdirə bilmərik. Bütün dünyada o eyni şəkildə uyğulanır (tətbiq edilir). Bu gediş bizi yanlış yerə götürür.

Buna da bax: Hacı Əbdül: 'Onun günahı deyil ki, yoldaşı prezidentdir' [video]

– Gələn il Azərbaycanda Cümhuriyyətin yüz illiyi qeyd olunacaq. Bir neçə il sonra (1923-cü ildə - red.) Türkiyə də cümhuriyyət qurmasının 100 yaşını bayram edəcək. Ancaq cümhuriyyət ənənələrinin davamı gəlmədi sanki. Bunda toplum suçludur ya hakimiyyətlər?

– Buna toplumun suçu deməmək lazımdır bəlkə də. Buna səbəb bəlkə də toplumun etinasızlığıdır. Keçən il Azərbaycanda sentyabrın 26-da keçirilən referendumdan 4 ay sonra belə təyinat baş verirsə... Əslində, 26 sentyabrdan öncə insanlar bunun nəyə gətirəcəyini görə bilərdilər. Siz də, mən də bilirik ki, referendumda səs verərkən, insanlara basqı göstərirlər, dövlət qaynaqlarından istifadə edilərək referendum təbliğatı aparılır, bərabər şərtlərdə kampaniya aparılmır, insanların önü kəsilir. Mən Azərbaycan hakimiyyətlərini izləyirəm. Elçibəy dönəmində bununla ilgili olumlu demokratikləşmə addımları atıldığını bilirik, amma Heydər Əliyevlə başlayan sürəcdə hakimiyyətin bir əldə cəmlənməsinə cəhdlər başlandı. Bu, demokratiyadan uzaqlaşmaqdır. Xalqın bunu görməsi və müdaxilə etməsi lazım idi. Müdaxilə də seçkilərdə, referendumlarda “Mən bunu istəmirəm” deyərək səsvermə haqqından yararlanmaqdır. Bu hüquqdan istifadə etmirlərsə, yaşananlara ortaq olurlar. Bu baxımdan, bəli, xalqın suçu var. Suç da deməyək, qəbahəti var, etinasız yanaşır. Başına gələcəkləri görmək çətin bir iş deyildi ki... “26 sentyabrda”, yanılmıramsa, səsverənlərin 86 faizi dəyişikliklərə “hə” deyib, yerdə qalanı “yox”. Yerdə qalan başına gələnləri görübsə, 86 faiz də görə bilərdi. Ciddi yanaşmaq lazım idi. Azərilər buna qarşı tövrünü ortaya qoymadığından, belə bir şey yaşayırlar.

Buna da bax:​ İsa Qəmbər: 'Əliyevin xanımını vitse-prezident təyin etməsi rüsvayçılıqdır'

– Azərbaycanda millət vəkilləri, rəsmilər Mehriban Əliyevanın təyinatını sevinclə qarşıladılar, etirazlar daha çox sosial şəbəkə və internet mediasında səsləndi. Son hadisədən bəri Azərbaycanın komik duruma düşdüyün iddia edənlər var. Sizcə, Azərbaycan kənardan necə görünür?

– Şübhəsiz, elədir. Azəri millət vəkillərindən Türkiyədə də tanınanlar var. Məsələn, Xocalı qətliamından danışan Qənirə Paşayeva burda da çox tanınır. Yayınlarımda da anlatmışdım. Qənirə Paşayeva sosial media hesabından Mehriban Əliyevanı qutladı (təbrik etdi), azəri qadınları adına çox sevincli olduğunu söylədi. Qənirə Paşayevanın söylədiyi doğru deyil, çünki bunun qadın, ya kişi olmaqla əlaqəsi yox, burda feministlik bir durum yox. Burda demokratiyanın bir parçası qopur. Paşayeva Əliyevanı niyə təbrik etdi o zaman? Bu qərarın açıqlandığı Təhlükəsizlik Şurasının toplantısına qatılanlar hamılıqca ayağa qalxıb niyə alqışladılarsa, millət vəkili də o üzdən təbrik etdi. Amma təbrik ediləcək bir durum yox ortada. Yenə deyirəm, bunun Mehriban Əliyevanın şəxsiyyəti ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan dünyanın gözündə demokratik bir geriləmə yaşadı. Eyni soyadda insanlar hakimiyyətdə qaldıqca, demokratiya azalır ölkədə. Yurddışından Azərbaycana baxış dəyişir. Azərbaycanda əski bir cümhuriyyət gələnəyi var, amma buna baxmadan, cümhuriyyətçilikdən geriyə doğru addım atılacaqsa, bunun sonu yoxdur. Qənirə Paşayeva bunu anlamayıb, onun dedikləriylə yaşananlar arasında əlaqə yoxdur.

Buna da bax:​ 'Bir ailənin hegemonluğu...'

– Türkiyədəki referendumun nəticələrindən nə gözləyirsiniz?

– Türkiyədən “xeyr” cavabı çıxacaq. Düzdür, insanlara basqılar var, “yox” deyənlər qorxudulur, amma hələ də “xeyr deyəcəyəm” söyləmək imkanı qalır. Ayyarımdır bunu anladıram yayınlarımda. Təbii ki, Azərbaycanda son yaşananlar Türkiyəyə də örnək olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG