Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Exit-poll keçirmək istəyənlərdən xəbər var


Namizəd: 'Çayxanada görüşümü dağıtdılar'
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Namizəd: 'Çayxanada görüşümü dağıtdılar'

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə iki həftədən də az bir vaxt qalıb. Yanvarın 30-na kimi isə bu seçkilərdə exit-poll keçirmək istəyən qurumlar Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidirlər. MSK-dan «Turan» agentliyinə verilən məlumata görə, hələlik, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ABŞ-ın «AJF&Associates Inc.» təşkilatı ilə birgə exit-poll keçirmək üçün müraciəti qeydə alınıb.

MSK-dan deyilib ki, bu barədə qərar yanvarın 27-də qəbul edilib.

118 seçki dairəsində

«Araşdırma aparılıb, həmin təşkilatın qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib. Bu təşkilat 118 seçki dairəsi üzrə 1057 seçki məntəqəsində exit-poll həyata keçirəcək»,- MSK-dan bildiriblər.

Komissiyadan onu da vurğulayıblar ki, daha bir neçə təşkilatın da exit-poll prosesində iştirakı gözlənilir: «Belə ki, hazırda MSK-nın ekspert qrupu daha iki təşkilatın göstəricilərinin exit-poll keçirilməsi üçün yetərli olub-olmadığını araşdırır».

Amma həmin təşkilatların adı, hələlik, çəkilmir.

M.Zülfüqarlı
M.Zülfüqarlı

Azərbaycanda bundan əvvəl keçirilən bir sıra seçkilərdə exit-poll həyata keçirən qurumlardan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə agentliyə deyib ki, exit-poll ilə məntəqədəki səslər arasında 1-2 faiz fərq ola bilər. Onun fikrincə, əgər fərq bundan böyük olarsa, onda saxtakarlıq qeydə alına bilər: «Biz, adətən, informasiyaları qəbul edirik. Ölkədə müxtəlif vaxtlarda seçkilərdə exit-poll keçirən təşkilatlardan hansısa kobud seçki saxtakarlığı barədə məlumat almamışıq».

«Bunlar maliyyə mənbələrini açıqlamırlar»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə AzadlıqRadiosuna deyib ki, bu vaxta qədər Azərbaycanda exit-poll-lar keçirən qurumların fəaliyyətində müəyyən şübhəli məqamlar olub: «Birincisi, bunlar maliyyə mənbələrini açıqlamırlar. Yəni, keçirilən exit-poll-u kimin maliyyələşdirdiyi məlum olmur. Tutaq ki, hansısa hökumətyönlü qeyri-hökumət təşkilatı (QHT) edir. Ehtimal edirik ki, bu, hökumət maliyyəsi ilə həyata keçirilir. Bunun özü qurumun fəaliyyətinin müstəqilliyini şübhə altına alır».

A.Məmmədli
A.Məmmədli

«Hansı metodologiya əsasında çalışırlar,...»

A.Məmmədliyə görə, bu qurumların exit-poll-da tətbiq etdikləri metodologiya da şübhəlidir: «Hansı metodologiya əsasında çalışırlar, insanları necə cəlb edirlər, təlim keçirirlərmi, nəticələr necə hesablanır və sairə və ilaxır belə suallar yaranır».

A.Məmmədliyə görə, ən ciddi şübhə doğuran odur ki, bu exit-poll-ların nəticələri, əsasən, MSK-nın nəticələrindən fərqlənmir: «Yəni, sanki Azərbaycanda exit-poll ona görə keçirilir ki, MSK-nın prezidentliyə, deputatlığa namizədlərə verilmiş səslərə dair açıqladığı rəqəmləri təsdiqləmiş olsun. Belə bir mənzərə ortaya çıxır».

A.Məmmədli daha sonra da deyib: «Ona görə də, Azərbaycanda exit-poll-a bu səbəblərdən inam, etibar qalmayıb».

«Bizim təşkilat bu məsələdə maliyyə operatoru funksiyasını yerinə yetirmir»

Exit-poll keçirilməsi üçün qeydə alınmış Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə «Turan» agentliyinə deyib ki, xarici qurumların Azərbaycanda birbaşa bu işi görmək hüququ yoxdur. Onun deməsinə görə, 2013-cü ildə bu sahədə qanunvericiliyə edilən dəyişikliyə əsasən, xarici qurumun Azərbaycanda exit-poll keçirməsi üçün yerli partnyoru olmalıdır: «Bu təşkilatla 2015-ci ildən seçkilərdə tərəfdaş kimi iştirak edirik».

S.Məmmədov
S.Məmmədov

S.Məmmədovun deməsinə görə, ABŞ-ın «AJF&Associates Inc.» təşkilatının özünün sorğu texnologiyası var, bu, proqramlaşdırılmış texnologiyadır: «Bu texnologiya əsasında sorğuları onlar keçirəcəklər. Sənədləşmə, qeydiyyat, dairə, məntəqə üzrə exit-poll keçirilməsi üçün bölgülər məsələsinə isə bizim təşkilat baxır. Bizim təşkilat bu məsələdə maliyyə operatoru funksiyasını yerinə yetirmir. Bizim funksiyamız Azərbaycanın Seçki Məcəlləsinə, «QHT-lər haqqında» Qanuna uyğun sənədlər toplamaq, vermək, bu işlərin hüquqi tərəflərini təşkil etməklə məhdudlaşır. Sorğu tərəfi də ABŞ təşkilatına aid məsələdir. Maliyyə məsələsi ilə bağlı yalnız bunu deyə bilərəm ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası bu məsələdə maliyyə operatoru deyil».

Məsələyə ABŞ-ın «AJF&Associates Inc.» təşkilatından isə, hələlik, hər hansı açıqlama almaq mümkün olmayıb.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə etdiyini açıqlayıb. Prezident də, öz növbəsində, bununla bağlı sərəncam verib. Əslində isə, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG