Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:04

Əvvəlki seçkilərlə müqayisədə bu təşviqatda olanlar, olmayanlar…


Seçicilərlə görüş, Sumqayıt, 6 oktyabr 2013
Seçicilərlə görüş, Sumqayıt, 6 oktyabr 2013

Bu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Ancaq nə televiziyalarda debatlar, nə orada namizədlərin çıxışları, nə də kütləvi aksiyalar var. Namizədlər əsasən, kiçik əhali qurupları ilə ayaqüstü görüşürlər. Bundan başqa, müxtəlif zallarda qapalı görüşlər keçirənlər də var. Prosesin bu şəkildə gedişinə Azadlıq Radiosuna danışan ekspertlərin münasibəti birmənalı deyil.

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov hesab edir ki, növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası əvvəlkilərlə müqayisədə daha zəif və qeyri-kütləviliyi ilə fərqlənir:

“Namizədlər daha çox sosial şəbəkələr üzərindən təşviqata önəm verirlər”

Mirəli Hüseynov, 30 oktyabr 2010
Mirəli Hüseynov, 30 oktyabr 2010

“Əvvəlki seçkilərə xas elektron mediada, xüsusilə TV-də namizədlər və siyasi partiyalar arasında aparılan debatları, mitinqləri hələ bu seçkilərdə müşahidə etməmişik. Müşahidə olunan odur ki, namizədlər daha çox sosial şəbəkələr üzərindən təşviqata önəm verirlər. Bununla yanaşı təcrübədə qapı-qapı aksiyası, məhəllələrdə, küçələrdə xırda toplantılar, nəşr materiallarının yayılması kimi təşviqat üsullarından da istifadə edilməsini görmək mümkündür. Çox az sayda namizəd qapalı yerlərdə də olsa nisbətən kütləvi sayıla biləcək təşviqata nail ola bilirlər. Bütün bunlara rəğmən ölkədə seçki mühiti hiss olunmur və seçki abı-havası yoxdur”.

M.Hüseynovun qənaətincə, mövcud vəziyyətə bir neçə amil ciddi şəkildə təsir göstərir:

“Məhdudiyyətlər kütləvi tədbirlərlə də bağlıdır”

“Bu amilləri təsir gücünə görə sıralamış olsaq, ilk yerlərdən birini seçkilərə kütləvi ictimai etimadsızlğın olması tutur. Baxmayaraq ki, seçkilərə əhəmiyyətli sayda namizədlər qatılıb və seçkilərə yüksək ictimai maraq mənzərəsi yaradılmasına səylər göstərilir. Bütün bunlar ictimai etimadı təmin edə bilmir. Seçicilərin seçkilərə, namizədlərlə görüşlərə inamsızlığını və həvəsinin olmamasını görməmək mümkün deyil. Cəmiyyətdə ciddi bir apatiyanın olması digər bütün şərtləri arxa plana keçirir. İstər ölkə, istərsə də beynəlxalq təcrübə göstərir ki, seçkiqabağı təşviqatı canlı və təsirli edən ən mühüm vasitə TV, radio kimi elektron media vasitələridir. Lakin qanunvericiliyin bununla bağlı yaratdığı məhdudiyyətlər və fantastik qiymətlər namizədlərin geniş seçici auditoriyasına özlərini təqdim etməsinə, öz platformalarını açıqlamasına, debatların aparılmasına çox ciddi şəkildə blok qoyur. Bu kimi məhdudiyyətlər kütləvi tədbirlərlə də bağlıdır. Çox məhdud şəkildə toplantı yerlərinin müəyyən edilməsi və toplantıların müstəsna olaraq həmin yerlərdə keçirilməsi kimi demokratik prinsiplərlə daban-dabana zidd olan tələblər onların qadağan edilməsindən çoxda fərqlənmir”.

“Seçkilərə qatılan aparıcı müxalifət partiyalarının kütləvi tədbirlərə maraq nümayiş etdirməməsi…”

O bildirir ki, hüquqi və inzibati məhdudiyyətlərlə bərabər seçkilərdə iştirak edən siyasi partiyaların özlərinin də lazımı qədər aktivlik nümayiş etdirməmələri seçki kampaniyasının tempinə çox mənfi təsir göstərir:

“20-dən artıq siyasi partiyanın seçkiyə qatılmasına baxmayaraq onların fəal iştirakı müşahidə edilmir. Seçkilərə qatılan aparıcı müxalifət partiyalarının kütləvi tədbirlərə maraq nümayiş etdirməməsi və adekvat səy göstərməməsi anlaşılan deyildir. Çox geniş resurslara malik hakim partiyanın da qeyri-fəal təşviqat mövqeyində olması təəccüb doğurur. Əlbəttə, mövsüm amili də kənara qoyulmamlıdır. Qış fəslinin çətinlikləri təşviqarın səmərəli təşkilinə və kütləviliynə təsirsiz ötüşmür”

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da təşviqat kampaniyasını izlədiklərini xatırladaraq bildirib ki, namizədlər seçicilərlə daha çox şadlıq evlərində, klublarda və məktəblərdə görüşlər keçirirlər:

“Qapı-qapı gəzib vətəndaşlarla görüşmək peşəkarlığın əlamətidir ”

Məhərrəm Zülfüqarlı, arxiv foto
Məhərrəm Zülfüqarlı, arxiv foto

“ O cümlədən, namizədlər qapı-qapı təbliğata üstünlük verirlər, bu, əksər dairələrdə özünü büruzə verir. Konkret olaraq, Binəqədi rayonunda yerləşən dairələrdə belə seçki kampaniyaları aparılır. Qapı-qapı gəzib vətəndaşlarla görüşmək peşəkarlığın əlamətidir. Ancaq tanınmayan və seçki kampaniyası aparmaq səriştəsi olmayan və az müddətdə elə bir görüntü yarada bilməyən namizədlər də var”

O, televiziyalarda debatların olmamasına toxunaraq qeyd edib ki, qanunvericiliyə görə, yalnız 60-dan yuxarı namizədi qeydə alınan partiyaya pulsuz efir vaxtı verilir. Əlavə edib ki, bu səddi ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) keçsə də sonradan pulsuz efir vaxtından imtina edib:

“Başqa partiyalar bu imkanı qazanmadığından YAP da pulsuz efir vaxtından imtina etdi. Pullu efir vaxtı isə namizədlərin əksəriyyəti üçün əlçatan olmadığından istifadə etmədilər. Əsas təşviqat internet televiziyalarında, social şəbəkələrdə və qəzetlərdə gedir. Bütün hallarda normal proses gedir, hələlik, ciddi şikayət yoxdur”

Xatırlatma

Azərbaycan parlamenti, arxiv foto
Azərbaycan parlamenti, arxiv foto

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Prezident də öz növbəsində bununla bağlı sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Onların fikrincə, parlament seçkilərini önə çəkməkdə məqsəd opponentləri hazırlıqsız vəziyyətdə belə bir proseslə üz-üzə qoymaqdır. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG