Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

İmza toplanmasında olanlar, olmayanlar...


Mərkəzi Seçki Komissiyası, sədr Məzahir Pənahov, Bakı, 22 noyabr 2010
Mərkəzi Seçki Komissiyası, sədr Məzahir Pənahov, Bakı, 22 noyabr 2010

Yanvarın 10-da növbədənkənar parlament seçkilərində namizəd olmaq istəyən şəxslərin imza vərəqələrini Dairə Seçki Komissiyalarına (DSK) təqdim etmə müddəti başa çatıb. Daha bir həftə qeydiyyat mərhələsi davam edəcək. AzadliqRadiosuna danışan ekspertlərin geridə qalan mərhələ ilə bağlı dəyərləndirmələri fərqlidir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı imza toplama mərhələsində şikayətlərin çox az olduğunu bildirib:

“Sosial şəbəkələrdə yayılan məlumatlardan görünürdü ki, bəzi dairələrdən imza vərəqələrini götürmək olmurdu, amma Mərkəzi Seçki Komissiyası (MSK) namizədliyini irəli sürənləri müdafiə etdi. Bu müsbət haldır ki, bəzi dairə seçki komissiyaları namizədlərin hüquqlarını pozmaq istəsə də, MSK onların pozulan hüquqlarını bərpa etdi, nəticədə şikayət böyümədi. Ümumiyyətlə, imza vərəqələri qaytaranların elə bir ciddi şikayətləri olmayıb.”

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

“Hələ azad və rəqabətli seçki üçün elə ciddi maneə yoxdur”

Məhərrəm Zülfüqarlı mövcud şəraitin azad və rəqabətli seçkilərə imkan verdiyini düşünür:

“Əlbəttə, mövcud sabitlik, imza toplama mərhələsində qanun pozuntularının azlığı, yaxud nadir hallarda şikayətlərin olması, MSK-nin diqqətlə onları dinləməsi göstərir ki, hələ azad və rəqabətli seçki üçün elə ciddi maneə yoxdur”.

“Bununla belə ədalətli və rəqabətli şərait mümkün olmadı”

Ancaq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı fərqli düşünür. Bəşir Süleymanlı hesab edir ki, proses əvvəldən qanunlara uyğun həyata keçirilməyib:

“Düzdür, əvvəlki seçkilərlə müqayisədə imza toplama kampaniyası daha liberal və yumşaq şəkildə keçdi. Yəni yaradılan problemlər mərkəzləşmiş şəkildə hiss olunmur. Olan problemlər imza vərəqələrinin az verilməsi idi, amma MSK sədri diqqəti yönəldəndən sonra bəzi şəxslərə imza vərəqələri verildi. Yaxud Bərdə, Lənkəran, Biləsuvar, Zaqatalada imza toplayanlara və namizəd olmaq istəyən şəxslərə təzyiqlər olsa da, bunların mərkəzləşmiş şəkildə olduğunu düşünmürəm. Çünki mərkzələşmiş problemlər olanda, bu, respublikanın bütün ərazisində yaşanır. Əvvəlki seçkilərdə insanların imza vərəqələrini oğurlayırdılar, imza verənlərə təzyiq edilirdi, bu dəfə o qədər hiss olunmadı. Bununla belə ədalətli və rəqabətli şərait mümkün olmadı. Məsələn, Zaqatala rayonunda Müsavat Partiyasının namizəd olmaq istəyən üzvlərinə maneələr yaradıldı. ReAL Partiyasının sədri İlqar Məmmədov, təmsilçiləri Rəsul Cəfərov və Zaur Qurbanlının məhkumluğa görə seçkilərə buraxılmaması rəqabətli şəraitin yaradılmasına məhdudiyyətlər yaradıldığını təsdiqləyir”.

Bəşir Süleymanlı, 2010
Bəşir Süleymanlı, 2010

Bəşir Süleymanlı prosesin davam etdiyini xatırladaraq deyir ki, hələ namizədlərin qeydiyyatından kütləvi imtina hallarına rast gəlinməyib:

“Bununla belə, müstəqil namizədlər Bəxtiyar Hacıyevin, Rəbiyyə Məmmədovanın sənədlərinin birinci gün qəbul edilməməsi xatırlanmalıdır. Bəzən səlahiyyətli nümayəndələrin, vəkillərin sənədlərini qəbul etmirlər. Belə hallar bəzi icra hakimiyyətlərinin maraqlarını ifadə etdiyindən qanunsuzluqlara yol verilir. Bu kimi qanunsuzluqlar ictimailəşəndə MSK operativ və obyektiv müdaxilə edir”

O, qeydiyyat mərhələsinin davam etdiyini xatırladaraq azad və rəqabətli seçkilərin keçirilib-keçirilməyəcəyi barədə əvvəlcədən fikir söyləməyi doğru saymayıb.

MSK-da prosesin qanunvericiliyin tələblərinə uygun keçirildiyini düşünürlər. Səslənən bu fikirlərə icra hakimiyyətlərindən isə münasibət almaq mümkün olmayıb. Amma onlar bir qayda olaraq seçki prosesinə müdaxilə etmələri ilə bağlı iddiaları yalanlayırlar.

Xatırlatma

Yeni Azərbaycan Partiyası, 28 noyabr 2019
Yeni Azərbaycan Partiyası, 28 noyabr 2019

2019-cu il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb ölkə rəhbərliyinə göndərib. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu da dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Dekabrın 5-də isə Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-na təyin edilib.Halbuki, parlament seçkiləri Azərbaycanda gələn ilin noyabrında olmalı idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib.Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG