Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 20:27

'Hakimiyyətin belə köhnə üsuldan istifadə etməsi üzücüdür'


Namizəd: 'Çayxanada görüşümü dağıtdılar'
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Namizəd: 'Çayxanada görüşümü dağıtdılar'

Azərbaycanda bu il fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərinə artıq iki həftədən də az vaxt qalıb. Deputatlığa namizədlərin təbliğat-təşviqat mərhələsi də az qala yarı olub. Bəs görək bu mərhələdə bütün namizədlərə bərabər imkanlar yaradılırmı? İnzibati resurslardan istifadəyə yol verilirmi?

G.Aslanlı
G.Aslanlı

Müsavat Partiyası Seçki qərargahının sədri Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, təbliğat-təşviqat mərhələsində bərabərlik prinsipi nəinki qorunmur, əksinə, getdikcə daha da pozulur. Onun fikrincə, hakimiyyətin dəstəklədiyi namizədlərlə görüşləri, əsasən, dövlət orqanları təşkil edir.

«Partiya namizədlərinin plakatları bilərəkdən cırılır»

G.Aslanlı əlavə edib ki, yanvarın 26-da Biləsuvar, Cəlilabad rayonlarında partiyanın deputatlığa namizədləri ilə görüşdə iştirak etmək üçün oralara gedən Müsavat başqanı Arif Hacılı və onu müşayiət edənlərə yolboyu kafelərdə müxtəlif bəhanələrlə xidmət göstərilməyib: «Bu isə hakimiyyətin birbaşa Müsavat Partiyasına, onun namizədlərinə münasibətinin göstəricisidir. Bu halda bərabər təbliğat və təşviqat prinsipindən danışmaq mümkün deyil».

Onun deməsinə görə, partiya namizədlərinin plakatları bilərəkdən cırılır.

N.Cəfərli
N.Cəfərli

Televiziyaların seçki prosesindən «kənarda qalması»

ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə vurğulayıb ki, bu seçkilərdə diqqətçəkən məsələ televiziyaların seçki prosesindən və onun təbliğat-təşviqat mərhələsindən kənarda qalmasıdır. O qeyd edib ki, bu hal ilk dəfə baş verir.

N.Cəfərli vurğulayıb ki, onların namizədləri təbliğatlarını, əsasən, yerlərdə insanlarla canlı görüşlər və internet üzərindən aparırlar:


«ReAL Partiyasının dəstəklədiyi «ReAL-Cümhuriyyətçilər İttifaqi» namizədlərinin dairələrində bəzi yerlərdə təbliğat plakatlarının cırılmasından, korlanmasından başqa ciddi maneə və ya qanun pozuntularının olduğunu deyə bilmərəm, görüşlərə də maneələr törətmirlər».

«Hərəsi bir dairənin seçiciləridir»

Amma N.Cəfərli onu da əlavə edib ki, hakimiyyətin dəstəklədiyi namizədlərin görüşlərinin təşkilində inzibati resurslardan istifadə olunur və bunun videogörüntüləri də var: «İnzibati resurs hesabına hakimiyyətyönlü namizədlə görüşə gələn insanların çoxu həmin dairənin seçiciləri olmur, hərəsi bir dairənin seçiciləridir. Odur ki, hakimiyyətin belə köhnə üsuldan istifadə etməsi üzücüdür».

B.Süleymanlı
B.Süleymanlı

Vətəndaş Təşəbbüsləri İnstitutunun rəhbəri Bəşir Süleymanlıya görə isə, əvvəlki seçkilərlə müqayisədə indi bərabərlik prinsipi baxımından pozuntu halları azdır. Amma o da hesab edir ki, bir çox hallarda bu, hakim partiyanın namizədinin xeyrinə pozulmaqdadır:


«Hansı dairələrdə hakim partiyanın və ona yaxın olanların namizədləri varsa, burada seçicilərin şirnikləşdirici vasitələrlə ələ alınmaları baş verir. Namizədlərin yol və su çəkilişi prosesində iştirakı barədə mediada, sosial şəbəkədə məlumatlar, videolar yayılır, konkret faktlar da var».

Seçki eksperti inzibati resurslardan istifadə şikayətlərinə də toxunub: «Əvvəlki seçkilərdə bunu açıq-aşkar edirdilərsə, indi bunu maksimum gizli şəkildə edirlər ki, pozuntular media və sosial şəbəkələrə sızmasın».

MSK
MSK

«Heç bir namizəd xüsusi imtiyazlı namizəd deyildir»

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov isə «Turan» agentliyinə açıqlamasında mövzu ilə bağlı bunları deyib: «Hansısa dairədə belə problem yaranıbsa, namizəd və ya namizədlər onu çəkinmədən dairə seçki komissiyasına (DSK), MSK-ya bildirməlidirlər. Heç bir namizəd xüsusi imtiyazlı namizəd deyildir. Hamı bərabərlik qaydalarına əməl etməlidir. Kimsə, hansısa formada inzibati resurslardan istifadə edərək təbliğat-təşviqat işi aparırsa, hökmən qarşısı alınmalıdır».

M.Rəhimovun sözlərinə görə, onlara gələn şikayətlərə lazımı diqqət göstərilir: «...Şikayətlər daxil olduqda buna reaksiya veririk. Konkret belə fakt varsa, aradan götürülməsi üçün nə lazımdırsa edirik».

Azərbaycanın hakimiyyət orqanları seçkilərdə inzibati resurslardan istifadə hallarının olduğunu təsdiq etmirlər.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Azərbaycan Respublikasının V çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi. YAP bunun prezident İ.Əliyevin islahatlar kursuna dəstək məqsədilə edildiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG