«Hamiləydim, bir dəfə o məni təpiklə vurdu və çarpayıdan yıxıldım», – Yerevanda bədəni qançırlarla örtülmüş 43 yaşlı üç uşaq anası ərinin 20 il ərzində ona verdiyi işgəncələrdən danışır.
Əri onu hamilə olanda belə döyürmüş. İndi o, xroniki xəstəliklərdən əziyyət çəkdiyini deyir.
Daha çox zorakılığa məruz qalacağından qorxduğuna görə adının çəkilməsini istəməyən qadın getməyə yeri olmadığını söyləyir.
Ailə üzvləri onun boşanarsa, ailəni rüsvay edəcəyini deyirlər. Xristian Ermənistanında ənənəvi, mühafizəkar dəyərlər çox güclüdür.
«Bəlkə də çox güclü olmamışam. Ancaq əsas amil valideynlərimin namusudur», – qadın deyir.
O, həm də ərini tərk edərsə, üç uşağını tək böyüdə bilməyəcəyini söyləyir.
Bu hal 3 milyona yaxın əhalisi olan Ermənistanda qeyri-adi sayılmır.
5 MİN QADIN ŞİKAYƏTÇİ VAR
Yerli QHT-ləri birləşdirən «Qadınlara qarşı zorakılığa son» koalisiyasının məlumatına görə, təkcə bu il onların xüsusi «qaynar xətt»inə ərlərinin işgəncəsindən şikayətlənən 5 min qadın zəng vurub.
Bəzi zorakılıq qurbanları isə «qaynar xətt»ə zəng vurmağa imkan tapmayıblar.
Koalisiyanın məlumatında təkcə 2017-ci ilin ilk 6 ayı ərzində, azı, dörd qadının ərləri və ya digər ailə üzvləri tərəfindən öldürüldüyü qeyd olunur. Məlumatda deyilir ki, son 5 ildə Ermənistanda məişət zorakılığından azı 50 qadın öldürülüb.
Dəhşətli statistikaya baxmayaraq, Ermənistanda bugünədək məişət zorakılığını kriminallaşdıran, buna görə cinayət məsuliyyəti nəzərdə tutan qanun yoxdur. Ermənistan həmçinin, Qadınlara qarşı və məişət zorakılığının qarşısının alınmasına dair İstanbul Konvensiyasına qoşulmamış cəmi iki Avropa Şurası üzvündən biridir.
Ancaq Ermənistanın Milli Məclisi, nəhayət, bu yolda maneələri aşaraq, məişət zorakılığına görə cinayət məsuliyyəti nəzərdə tutan və qurbanları qoruya biləcək qanun layihəsini qəbul etməyə hazırdır.
«QURBANLARIN QORUNMAMASI...»
«Bu qanun çox vacibdir, çoxsaylı vədlərə və yerli qrupların təbliğat fəaliyyətinə rəğmən, onun bugünədək hələ də qəbul olunmaması, ...qurbanların dövlət tərəfindən qorunmadıqlarına görə əziyyət çəkməsi təəssüf doğurur», – «Human Rights Watch»un Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia deyir.
Ancaq qanunun əleyhdarları bu aktı dövlətin ailənin hüquqlarına müdaxiləsi kimi görürlər. Bundan başqa, onlar qanunun məzmununun «xarici dövlətlər» tərəfindən sırındığını, Ermənistan daxilində ictimai dəstəyə malik olmadığını deyirlər.
Ermənistanda aparıcı QHT-lərdən biri belə qrupların Kremldən dəstək almasından şübhələnir. Bir analitikin sözlərinə görə, Kreml artıq bir dəfə – 2012-ci ildə belə bir «qarayaxma kampaniyası» həyata keçirib və nəticədə Ermənistan parlamenti gender bərabərliyi haqda qanunu qəbul edib.
Qanun layihəsinin müəllifi olan ədliyyə naziri Davit Harutiunian-sa bu iddiaları rədd edir və məişət zorakılığının hökumətin prioritet sahələrindən biri olduğunu deyir.
FİKİR AYRILIQLARI
Qanun layihəsi oktyabrın 9-da ictimai müzakirədə ciddi mübahisə yaradıb. Bir neçə qrupun nümayəndələri Qərbi, xüsusən də Avropa Birliyini bu qanun layihəsini Ermənistanda ailələrin haqlarını zəiflətmək məqsədilə ölkəyə sırımaqda günahlandırıblar. Onların iddiasına görə, məişət zorakılığı nəticəsində baş verən qətllərin sayını qərbpərəst qruplar şişirdirlər.
Ermənistan Apostol Kilsəsinin yüksəkrütbəli ruhanisi Mikael Ajapahian-sa bu iddia ilə razılaşmayıb.
«Şəxsən mən burada heç bir konspirasiya görmürəm. Mənim normal ailəm varsa, yaxşı atayamsa, yaxşı ərəmsə, yaxşı oğulamsa, sevirəmsə və sevilirəmsə, məişət zorakılığının önlənməsi haqda bu qanunun hansı maddəsi mənə ziyan vura bilər? Ona görə də xəyali bədheybətlə mübarizə aparmayın, bir-birinizə qarşı dözümlü olun», – arxiyepiskop deyib.
Ermənistanın aparıcı QHT-lərindən olan Məlumatlı Vətəndaşlar Birliyi qanun layihəsinin əleyhdarlarının Kremllə bağlı olduğunu iddia edir. Qurum tədqiqat apararaq qanun layihəsinin əleyhinə olan siyasi partiya, hərəkat və media qurumlarının rusiyapərəst, yaxud da Rusiyadan gələn maliyyə dəstəyindən asılılığını üzə çıxıb. Bu qurumlar arasında Panerməni Valideynlər Komitəsi, «Stop G7», Yerevan Geosiyasi Klubu, «Suverenliyin Bərpası Naminə» Təşəbbüsü və «Sputnik Ermənistan»ın adı çəkilir.