Ermənistan müxalifəti seçki günü də həbslərin olduğunu deyir
Ermənistanın üç əsas müxalifət qüvvəsi bazar günü – iyunun 7-də parlament seçkiləri günü onların üzvləri və tərəfdarlarının həbsinin davam etdiyini bildirib.
Onlar baş nazir Nikol Paşinyanı seçkinin nəticələrinə təsir göstərməyə və hakimiyyətdə qalmağa çalışmaqda ittiham ediblər.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan bildirib ki, iki seçki məntəqəsi komissiyasının sədri gecə saatlarında saxlanılıb və səsvermə başlayandan sonra da həbsdə qalıb. O, həmin şəxslərin kimliyini, onların niyə saxlandığını açıqlamayıb. AzadlıqRadiosunun erməni xidməti bu şəxslərin müxalifətlə əlaqəli ola biləcəyini yazır.
AzadlıqRadiosunun müxbiri Gümrüdə Karapetyanın “Güclü Ermənistan” blokunun yerli qərargahında üç nəfərin saxlanılmasının şahidi olub.
Hadisə yerində olan hüquq-mühafizə orqanı əməkdaşı deyib ki, “seçicilərə rüşvət paylanması ilə bağlı məlumat almışıq”.
Ermənistan Mərkəzi Seçki Komissiyası bildirir ki, saat 14:00-a olan məlumata görə, 2 milyon 503 min 976 seçicinin 33,84 faizi səsvermədə iştirak edib.
2021-ci il seçkilərində həmin vaxta qədər seçicilərin 26,82 faizi səs vermişdi.
Rusiya Paşinyanı yıxa biləcəkmi
AzadlıqRadiosuna danışan ekspertlər bildiriblər ki, Rusiyanın Ermənistanın Qərblə dərinləşən əlaqələrini strateji çağırış kimi görməsinə şübhə yoxdur.
RAND Korporasiyasının müdafiə və təhlükəsizlik üzrə tədqiqatçısı Maykl Hikari Çeçire deyib ki, Rusiyanın Ermənistan siyasətini hədəfləyən informasiya əməliyyatları ilə bağlı açıq mənbələrdə çoxlu sübutlar var.
Təhlilçi Rusiyanın kampaniyalarının siyasi proseslərə müəyyən təsir göstərə biləcəyini istisna etmir, amma seçkilərin nəticəsini köklü şəkildə dəyişdirmək ehtimalının az olduğunu vurğulayır.
Ətraflı yazını bu keçiddə oxuyun: 'Rusiya Paşinyanı yıxmaq istəyir'- ABŞ arxa durur. Kim qalib gələcək?
Paşinyan: “Moskvaya da, Vaşinqtona da gedəcəyəm”
Ermənistanın baş naziri, "Vətəndaş Müqaviləsi" partiyasından seçkiyə namizəd Nikol Paşinyan Yerevanda səs verəndən sonra jurnalistlərə deyib ki, “Ermənistan vətəndaşlarının azad iradəsinin ifadə olunacağını" gözləyir.
Paşinyan seçkidə qələbə qazanacağı halda “birinci Moskva gedəcəyi”nin səbəbini belə izah edib:
“Məsələ birinci və ya ikincidə deyil, Moskvaya da gedəcəyəm, Vaşinqtona, Brüsselə, Parisə və Tbilisiyə də. Ümid edirəm ki, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində də iştirak etmək imkanım olacaq".
Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Yerevanda keçirilən sammitə onlayn qatılmışdı. Sammitin 2028-ci ilin yazında Bakıda keçirilməsi planlaşdırılır.
Ermənistan-Rusiya münasibətlərində son vaxtlar baş verənlərə baxmayaraq, Paşinyan heç bir gərginlik görmədiyini bildirib.
Ölkəsinin gələcəyi ilə bağlı baş nazir deyib ki, Avropa tərəfdaşlarının dəstəyi ilə demokratik islahatlar yolunu davam etdirəcəklər və Avropa İttifaqı Yerevanın demokratik islahatların gerçəkləşməsində əsas tərəfdaşıdır.
Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin balanslaşdırılmasına gəlincə, Paşinyan bunun xarici siyasət məsələsi olduğunu bildirib. O, Yerevanın balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü xatırladıb.
2025-ci ilin yazında Ermənistan parlamenti Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanun qəbul edib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yerevan Aİ standartlarına keçməyə başlasa, Ermənistanın Avrasiya İqtisadi ittifaqı ilə inteqrasiyası dayandırılacaq.