Keçid linkləri

2026, 05 İyun, cümə, Bakı vaxtı 19:09

'Rusiya Paşinyanı yıxmaq istəyir'- ABŞ arxa durur. Kim qalib gələcək?

ABŞ prezidenti Donald Tramp Ağ evdə görüşə gələn Ermənistan baş naziri Nikol Paşinyanı qarşılayır.
ABŞ prezidenti Donald Tramp Ağ evdə görüşə gələn Ermənistan baş naziri Nikol Paşinyanı qarşılayır.

ABŞ bir daha Ermənistanın suverenliyinə və demokratik institutlarına dəstəyini bildirib. Bu arada, Qərb rəsmiləri Rusiyanın baş nazir Nikol Paşinyanı seçkilər ərəfəsində zəiflətməyə çalışdığını deyirlər.

AzadlıqRadiosunun sorğusuna cavabında Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, Ermənistanın siyasi gələcəyini yalnız ölkə vətəndaşları müəyyən etməlidir. Onun sözlərinə görə, iyunun 7-nə təyin olunan seçkilər Ermənistanın geosiyasi istiqaməti ilə bağlı referendum kimi qiymətləndirilir.

Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası sorğularda üstünlüyünü saxlayır və onun 7 iyun seçkilərində qalib gələcəyi gözlənilir.

"Ermənistanın siyasi proseslərinə xarici müdaxilə barədə media məlumatlarından xəbərdarıq. Ermənistan xalqının öz liderlərini seçmək və öz gələcəyini müəyyənləşdirmək hüququ var", – Dövlət Departamentinin sözçüsü iyunun 3-də bildirib.

Bu arada, Vaşinqtonla Yerevan arasında əlaqələr sürətlə genişlənir. Tərəflər bu həftə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini imzalayıblar.

Paşinyan 2018-ci ildə "Məxməri inqilab"la hakimiyyətə gələndən Ermənistanı Moskvanın təsirindən tədricən uzaqlaşdırmağa başlayıb. Yerevan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub, Qərb tərəfdaşları ilə əməkdaşlığı genişləndirib və ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla sülh sazişi əldə edib.

Qərb rəsmilərinin fikrincə, bu proseslər Rusiyanın uzun illər öz təsir dairəsi saydığı regiondakı mövqelərinə təhdid yaradır.

Rusiya prezidenti Vladimir Putin ötən həftə Ermənistanın Qərbə inteqrasiya cəhdlərinə eyhamla xəbərdarlıq edib ki, ölkə Avropa inteqrasiyası məqsədlərinə görə "Ukrayna ssenarisi" ilə üzləşə bilər.

ABŞ dövlət katibi Marko Rubio Senat qarşısında çıxış edir.
ABŞ dövlət katibi Marko Rubio Senat qarşısında çıxış edir.

Rubio: "Buna sübutlar var"

Dövlət katibi Marko Rubio da bu həftə Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışında administrasiyanın Rusiyanın Ermənistandakı fəaliyyətindən narahatlığını vurğulayıb.

"Düşünürəm ki, bu, açıq mənbələrdə kifayət qədər aydın görünür: ruslar bizim oradakı fəaliyyətimizdən məmnun deyillər. Məncə, onlar ABŞ ilə inkişaf edən əlaqələrə görə hazırkı baş nazirin seçkilərdə uduzmasını istəyirlər; buna sübutlar var", – Rubio deyib.

Rubio Vaşinqtonun niyyətinin Ermənistanı digər tərəfdaşlardan uzaqlaşdırmaq olmadığını, əksinə, onun müstəqil xarici siyasət yürütmək imkanlarını dəstəklədiklərini vurğulayıb. O, TRIPP layihəsini Ermənistanın regional ticarətdə rolunu dəyişdirə biləcək bir təşəbbüs kimi təqdim edib.

Rusiya son vaxtlar Ermənistanı açıq şəkildə xəbərdar edib ki, güzəştli qiymətlərlə təbii qaza çıxışını itirə bilər. Moskva həmçinin meyvə, tərəvəz, gül və konyak da daxil olmaqla bir sıra Ermənistan məhsullarının idxalına qadağalar qoyub.

Bir sıra Qərb rəsmilərinin sözlərinə görə, Moskvanın dəstəklədiyi əsas namizəd erməni-rusiyalı milyarder işadamı Samvel Karapetyandır. O, hazırda Ermənistanda hakimiyyəti devirməyə çağırış ittihamı ilə mühakimə olunur, özü bu ittihamları rədd edir.

Qərbə doğru

AzadlıqRadiosuna danışan ekspertlər bildiriblər ki, Rusiyanın Ermənistanın Qərblə dərinləşən əlaqələrini strateji çağırış kimi görməsinə şübhə yoxdur.

RAND Korporasiyasının müdafiə və təhlükəsizlik üzrə tədqiqatçısı Maykl Hikari Çeçire deyib ki, Rusiyanın Ermənistan siyasətini hədəfləyən informasiya əməliyyatları ilə bağlı açıq mənbələrdə çoxlu sübutlar var: "Rusiyanın dezinformasiya subyektləri ilə media qurumlarının Ermənistandakı seçki prosesində son dərəcə fəal olduqlarını göstərən çoxsaylı sənədləşdirilmiş sübutlar var və risk realdır".

Çeçire xəbərdarlıq edib ki, təsir əməliyyatları adətən yalnız mövcud ictimai əhval-ruhiyyəni gücləndirdiyi təqdirdə nəticə verir. Ermənistanda keçirilən son sorğular isə göstərir ki, əhalinin hökumətin münaqişənin həlli istiqamətindəki səylərinə inamı qalır, Rusiyaya isə skeptik münasibət var.

Təhlilçi Rusiyanın kampaniyalarının siyasi proseslərə müəyyən təsir göstərə biləcəyini istisna etmir, amma seçkilərin nəticəsini köklü şəkildə dəyişdirmək ehtimalının az olduğunu vurğulayır.

"Rusiya açıq şəkildə Ermənistanı öz imtiyazlı təsir dairəsində saxlamağa çalışır, xüsusilə də Ermənistanın Avropa ilə yaxınlaşmasını əngəlləmək istəyir", – Çeçire bildirib. Onun fikrincə, ABŞ-nin ən effektiv cavabı Ermənistan-Azərbaycan sülh sazişini yekunlaşdırmaq, TRIPP layihəsini mümkün qədər tez həyata keçirmək və Avropa tərəfdaşları ilə birlikdə Yerevanın Avropaya daha dərin inteqrasiyasını dəstəkləyəcək investisiya və maliyyələşdirmə mexanizmlərini genişləndirmək olardı.

Atlantik Şurasının Avrasiya Mərkəzindən Endrü Danieri də oxşar fikirdədir. "Hazırda Rusiyanın müdaxilə taktikasının nə dərəcədə effektiv olduğunu dəqiq qiymətləndirə bilmərəm. Amma tam aydındır ki, Moskva Paşinyanın məğlub olmasını istəyir və Ermənistana qarşı iqtisadi, informasiya, eləcə də diplomatik təzyiqlərə əl atır", – o, AzadlıqRadiosuna bildirib.

XS
SM
MD
LG