Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan lazım bilsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər.
Paşinyan bunu seçkiqabağı debatda "Güclü Ermənistan" blokunun nümayəndəsi Narek Karapetyanla müzakirə zamanı səsləndirib. N.Karapetyan rusiyalı biznesmen, "Taşir" şirkətlər qrupunun təsisçisi Samvel Karapetyanın qardaşı oğludur. S.Karapetyan isə hakimiyyəti zorla ələ keçirməyə cəhd və konstitusiya quruluşunu devirməyə çağırış ittihamları ilə Ermənistanda ev dustaqlığındadır.
"Yaxşı, KTMT-dən çıxarıq. Bizi qorxudursunuz? Nə siz, nə də əminiz buna qərar verir. Qərar verərik və çıxarıq", – deyə Paşinyan bildirib.
O, qərarı Ermənistanın verəcəyini vurğulayıb: "Qərarı biz verəcəyik, xarici agentlər bizim nə etməli olduğumuza qərar verməyəcəklər. İmkan verməyəcəyik ki, Aleksandr Lukaşenko yenidən bizim qarantımız olsun".
KTMT 1992-ci ildə yaradılıb. Quruma Ermənistanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurub. Bu, Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən az sonra baş verib. Lukaşenko 2024-cü ilin mayında Bakıya səfəri zamanı Azərbaycanın Qarabağ uğrunda müharibəsini "azadlıq müharibəsi" adlandırıb. Yerevan isə qurumdakı tərəfdaşlarını müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə günahlandırır.
Paşinyan bundan əvvəl bildirib ki, onun partiyası seçki proqramında KTMT-də fəal iştirakdan imtina ilə bağlı mövqeyini qətiləşdirib. Bu arada, iyunun 7-nə təyin olunan parlament seçkiləri ərəfəsində Moskva ilə Yerevan arasında münasibətlər kəskin pisləşib.
Rusiya Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma siyasətini tənqid edir, Yerevan qarşısında Avrasiya İqtisadi İttifaqı ilə Avropaya inteqrasiya arasında seçim etmək şərtini qoyur.
Son həftələr Moskva bir sıra Ermənistan mallarının idxalına məhdudiyyətlər tətbiq edib. Avropa İttifaqı isə Rusiyanın iqtisadi təzyiqlərinə cavab olaraq Ermənistana 50 milyon avrodan çox yardım ayrıldığını elan edib.