Keçid linkləri

2026, 07 İyun, bazar, Bakı vaxtı 20:00

Ermənistan müxalifəti seçki günü də həbslərin olduğunu deyir

Gümrüdə həbslər, 7 iyun, 2026-cı il
Gümrüdə həbslər, 7 iyun, 2026-cı il

Ermənistanın üç əsas müxalifət qüvvəsi bazar günü – iyunun 7-də parlament seçkiləri günü onların üzvləri və tərəfdarlarının həbsinin davam etdiyini bildirib.

Onlar baş nazir Nikol Paşinyanı seçkinin nəticələrinə təsir göstərməyə və hakimiyyətdə qalmağa çalışmaqda ittiham ediblər.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan bildirib ki, iki seçki məntəqəsi komissiyasının sədri gecə saatlarında saxlanılıb və səsvermə başlayandan sonra da həbsdə qalıb. O, həmin şəxslərin kimliyini, onların niyə saxlandığını açıqlamayıb. AzadlıqRadiosunun erməni xidməti bu şəxslərin müxalifətlə əlaqəli ola biləcəyini yazır.

Keçmiş prezident Robert Kocharyanın rəhbərlik etdiyi “Hayastan” alyansı ölkənin ikinci böyük şəhəri Gümrüdə azı 10 fəalının evlərində səhər tezdən axtarış aparıldığını, daha sonra onların saxlanıldığını bildirib. Onların nədə şübhəli bilindiyi açıqlanmayıb. Saxlanılanlardan biri “Hayastan”ın Gümrüdəki qərargahlarından birinin meneceridir. İyunun 4-də həmin qərargahlardan bir neçəsində reyd keçirilib. Bundan əvvəl müxalifət fəalları seçicilərə rüşvət vermək cəhdində ittiham etmişdilər.

“Hayastan” hakimiyyətin “qanunsuz hərəkətlərini” pisləyib, tərəfdarlarını qorxmamağa çağırıb.

Bir qərargahda 3 nəfər saxlanılıb

Digər iki əsas müxalif qüvvənin liderləri – iş adamları Samvel KarapetyanGaqik Tsarukyan da səs verdikdən sonra tərəfdarlarının yenidən saxlanıldığını bildiriblər.

AzadlıqRadiosunun müxbiri Karapetyanın “Güclü Ermənistan” blokunun Gümrüdəki qərargahında üç nəfərin saxlanılmasının şahidi olub.

Hadisə yerində olan hüquq-mühafizə orqanı əməkdaşı deyib ki, “seçicilərə rüşvət paylanması ilə bağlı məlumat almışıq”.

“Hazırda bütün tərəfdarlarımız arasında həbslər davam edir. Dünən yüzdən çox adam saxlanılıb. Amma biz bundan qorxmuruq”, – Karapetyan Yerevanda jurnalistlərə deyib.

Rusiya doğumlu erməni milyarder Karapetyan ötən yay ona verilmiş müxtəlif cinayət ittihamlarına görə ev dustaqlığındadır.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi iyunun 6-da bildirib ki, son həftələr 194 nəfər saxlanılıb. Onların 84-ü hazırda həbsdə və ya ev dustaqlığındadır. Müxalifət bu şəxslərə qarşı seçicilərin satın alınması ittihamlarını rədd edir.

Paşinyan iyunun 5-də “Vətəndaş Müqaviləsi” partiyasının yekun seçki mitinqində Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və digər hüquq-mühafizə orqanlarından əməliyyatları davam etdirməyi tələb edib.

“Bu andan etibarən hüquq-mühafizə sistemi daha səmərəli işləməli və bütün gizli yerlərdə gizlədilən seçki rüşvətləri həbsxanalara göndərilməlidir”, – o bildirib.

XS
SM
MD
LG