Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:01
Ermənistan baş naziri Nikol Paşinyan, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan, işadamı Samvel Karapetyan və Ermənistanın ikinci prezidenti Robert Koçaryan.
Ermənistan baş naziri Nikol Paşinyan, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan, işadamı Samvel Karapetyan və Ermənistanın ikinci prezidenti Robert Koçaryan.

Ermənistanda Qaqik Tsarukyana cinayət işi açılıb

Siyasi böhran fonunda keçirilən növbədənkənar səsvermədə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası ilə müxalifət blokları arasında gərgin hakimiyyət mübarizəsi gedir. Ermənistanın gələcək daxili və xarici siyasət kursunu müəyyən edəcək bu tarixi səsvermədə parlamentdəki yerlər uğrunda 18 siyasi qüvvə yarışır. Seçki kampaniyasının və səsvermənin əsas müzakirə mövzuları isə Qarabağ məsələsi ilə Ermənistan-Rusiya münasibətləridir.

Ermənistanda Qaqik Tsarukyana cinayət işi açılıb

Qaqik Tsarukyan
Qaqik Tsarukyan

Ermənistanda müxalifət liderlərindən olan Qaqik Tsarukyana qarşı xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma maddəsi ilə cinayət işi başladılıb. Bu barədə Baş Prokurorluqdan AzadlıqRadiosunun erməni xidmətinə (Azatutyun) məlumat verilib.

"Azatutyun" yazır ki, qətimkan tədbiri olaraq Tsarukyanın ölkədən çıxışına qadağa qoyulub. Digər detallar hələlik açıqlanmayıb.

"Çiçəklənən Ermənistan" partiyasının lideri Q.Tsarukyan hələ də 7 iyun parlament seçkilərində deputatlığa namizəd statusunu daşıyır. Qanunvericiliyə görə, onun barəsində cinayət təqibinin başlanması üçün Mərkəzi Seçki Komissiyasının (MSK) icazəsi tələb olunur. MSK isə bu məsələ ilə bağlı qərarı komissiya üzvlərinin ümumi sayının azı üçdə ikisinin səsi ilə qəbul edir.

Bununla belə, MSK sözçüsü "Azatutyun"a bildirib ki, prokurorluqdan hələlik Tsarukyana qarşı cinayət təqibinə başlanması ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Ermənistanın yerli mediasının yazdığına görə, Tsarukyan iyunun 9-da səhər saatlarında ölkəni tərk etmək istəsə də, hüquq-mühafizə orqanları buna imkan verməyib.

Rubio Paşinyanı qələbə münasibətilə təbrik edib

ABŞ dövlət katibi Marko Rubio Ermənistanın baş naziri Nikol Paşinyanı və onun partiyasını seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

"ABŞ baş nazir Paşinyanın və Ermənistanın sülhə nail olmaq səylərini dəstəkləyir, həmçinin Vaşinqtonda keçirilən tarixi Sülh Sammitinin məqsədlərinin, o cümlədən "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) təşəbbüsünün həyata keçirilməsinə sadiqdir. Biz Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təmin edilməsi üçün birgə işləməyi səbirsizliklə gözləyirik", –təbrik bəyanatında bildirilir.

Vaşinqton və Yerevan ötən həftə TRIPP üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini imzalayıblar. Bu marşrut Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək.

Azərbaycan və Ermənistan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişini paraflayıblar.

Ermənistanda parlamentə üç siyasi qüvvə keçir

MSK-nın açıqladığı ilkin yekun nəticələrə görə, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası 49.82 faiz, Samvel Karapetyanın "Güclü Ermənistan" alyansı 23.28 faiz, Robert Koçaryanın "Ermənistan" alyansı isə 9.93 faiz səs toplayıb.

İlkin məlumatlara görə, "Çiçəklənən Ermənistan" partiyasının 4 faizlik seçki həddini aşması üçün cəmi 0.004% səsi çatmır.

Formulların tətbiqi (milli azlıqlar üçün nəzərdə tutulan mandatların bölüşdürülməsi və səslərin paylanması) nəticəsində Milli Məclisdə mandat bölgüsü indilik belədir:

- "Vətəndaş Müqaviləsi" partiyası – 64 mandat,

- "Güclü Ermənistan" alyansı – 29 mandat,

- "Ermənistan" alyansı – 12 mandat.

Beləliklə, "Vətəndaş Müqaviləsi" partiyası təkbaşına hökumət qura bilər, lakin konstitusiya dəyişikliyi üçün zəruri olan 2/3 səs çoxluğuna nail olmaq üçün ona 6 səs çatmır.

Paşinyan seçkidə qələbəsini elan edib

Nikol Paşinyan parlament seçkilərinin ardından mətbuat konfransı zamanı.
Nikol Paşinyan parlament seçkilərinin ardından mətbuat konfransı zamanı.

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 8-nə keçən gecə rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının parlament seçkilərində qələbə qazandığını elan edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bülletenlərin 71 faizi sayıldıqdan sonra "Vətəndaş Müqaviləsi" səslərin azı 50 faizini toplayıb. Moskva ilə yaxın münasibətləri ilə tanınan "Güclü Ermənistan" alyansı 24 faiz səslə ikinci yerdə qərarlaşıb.

Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi və Rusiyaya yaxın hesab olunan "Ermənistan" Alyansı isə 9.8 faiz səslə üçüncü olub.

"Bu, Ermənistanın sabitliyini və inkişafını təmin edəcək tarixi qələbədir. Biz mütləq davamlı və institusional sülhə nail olacağıq", – Paşinyan seçkidən sonra keçirilən mətbuat konfransında bildirib.

Seçkiqabağı rəy sorğularında "Vətəndaş Müqaviləsi" partiyası 24-32 faiz, "Güclü Ermənistan" alyansı isə 9-11 faiz səs toplayırdı. Seçicilərin böyük əksəriyyəti isə "qərarsız" kimi qeydə alınmışdı.

İlkin hesablamalara görə, Paşinyanın partiyası 105 yerlik Milli Məclisdə 61-63 mandat qazanıb. Yekun nəticələr də bunu təsdiqləyərsə, bu, parlamentdə mütləq çoxluq demək olacaq.

Amma Paşinyanın Azərbaycanla sülhün əldə olunması üçün zəruri sayılan konstitusiya dəyişikliklərini və digər təşəbbüsləri parlamentdən rahatlıqla keçirə bilməsi üçün 70 mandata sahib olması vacibdir.

Seçicilərin 59 faizinin iştirak etdiyi bu səsvermə Paşinyana olan xalq dəstəyinin növbəti sınağı hesab olunurdu.

"Xalqın verəcəyi istənilən qərarı qəbul edəcəyik", – Paşinyan Yerevandakı seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, seçkilərdən sonra Ermənistan balanslaşdırılmış xarici siyasət yürüdəcək. Baş nazir Rusiya ilə Qərb arasında seçim etmək məsələsinin olmadığını vurğulayıb.

Səsvermə prosesi zamanı bəzi pozuntu iddiaları barədə məlumatlar yayılıb. Seçkinin sonunda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qeydə alınan hüquq pozuntuları ilə bağlı 33 cinayət işinin açıldığını bəyan edib. Daxili İşlər Nazirliyi isə daxil olan şikayətlər üzrə araşdırmalara başladığını bildirib.

"Müstəqil Müşahidəçi" monitorinq qrupu da bir sıra seçki məntəqələrində prosedur qaydalarının pozulduğunu açıqlayıb. Qrupun məlumatına görə, müşahidəçilər ölkə üzrə 1420 seçki məntəqəsində fəaliyyət göstərib və yüzlərlə məntəqədə ehtimal qanun pozuntuları qeydə alınıb.

Davamı

XS
SM
MD
LG