İyunun 7-də səhər 8-dən Ermənistanda seçki məntəqələri açılıb, ölkə yeni parlamenti seçir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərdə 18 siyasi qüvvəyə səs vermək üçün 2,49 milyon vətəndaş qeydiyyatdan keçib. Ölkə üzrə 2 min 5 seçki məntəqəsi fəaliyyət göstərir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası seçkiqabağı sorğularda rusiyapərəst qüvvələri qabaqlayır. Bu seçki Paşinyanın onilliklər boyunca Rusiyadan asılı olmuş Ermənistanı Qərbə yaxınlaşdırmaq səyləri üçün bir sınaq sayılır.
Səsvermə axşam saat 8-dək davam edəcək. Seçkiləri təxminən 400 beynəlxalq müşahidəçi izləyir. Mərkəzi Seçki Komissiyası ilkin nəticələrin seçki məntəqələri bağlandıqdan sonra 24 saat ərzində açıqlanacağını, yekun nəticələrin iyunun 14-də elan ediləcəyini bildirib.
Yerevanla Moskvanın münasibətləri seçkinin əsas mövzularından birinə çevrilib. Rusiya son həftələr Ermənistanın Qərbə daha da yaxınlaşmasına cavab olaraq bu ölkədən ixraca genişmiqyaslı qadağalar tətbiq edib.
Rəy sorğularına görə, “Vətəndaş Müqaviləsi” partiyası seçicilərin 24-32 faizinin dəstəyinə malikdir. Rusiyapərəst “Güclü Ermənistan” partiyası 6-11 faiz səslə ikinci yerdə qərarlaşıb.
Dövlət mediasının məlumatına görə, seçkilər ərəfəsində Ermənistan hakimiyyəti “Güclü Ermənistan” partiyasının 6 namizədini həbs edib. Həbslərin səbəbi açıqlanmayıb.
“Güclü Ermənistan” Yerevanın Moskva ilə iqtisadi və siyasi əlaqələrini qorumağın tərəfdarı olduğunu bildirir, Paşinyanı Rusiyaya qarşı təhlükəli düşmənçilik siyasəti yürütməkdə ittiham edir.
Bu partiyaya Rusiya-Ermənistan əsilli milyarder Samvel Karapetyan rəhbərlik edir. O, hökuməti devirməyə çağırış etmək ittihamı ilə ev dustaqlığındadır, özü ittihamları siyasi motivli adlandırır.
ABŞ və Aİ Paşinyanın partiyasını dəstəkləyir
Paşinyan 2018-ci ildə “Məxməri inqilab”la hakimiyyətə gəlib. Ondan əvvəlki Serj Sarkisyan hakimiyyəti də moskvayönlü idi.
ABŞ və Avropa İttifaqı (Aİ) Paşinyana açıq dəstək verirlər.
Paşinyan Aİ-yə üzvlük prosesinə start verib. Bu prosesin uzun illər çəkəcəyi gözlənilir. Yerevan Bakı ilə sülh danışıqlarını da davam etdirir. Müxalifət isə bu siyasəti əsasən tənqid edib.
Baş nazir ABŞ prezidenti Donald Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) təşəbbüsünə qoşulmağa razılaşıb və Vaşinqtonun güclü dəstəyini qazanıb. ABŞ dövlət katibi Marko Rubionun iştirakıyla sənəd ikitərəfli qaydada imzalanıb.
ABŞ Dövlət Departamenti AzadlıqRadiosuna bildirib ki, bu təşəbbüs “Ermənistana və Cənubi Qafqaza sülh və rifah gətirmək baxımından mühüm və uzunmüddətli layihədir”.
Paşinyan Azərbaycanın yaxın müttəfiqi Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışıb.
Onun hökuməti Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakını dondurub.
Paşinyanın Ukrayna prezidenti Volodimir Zelenskinin də qatıldığı Aİ tədbirlərini Yerevanda keçirməsi Moskvanı qəzəbləndirib. Rusiya Ermənistanı bəzi iqtisadi imtiyazlardan məhrum ola biləcəyi ilə xəbərdar edib.
Rusiya uzun illərdir Ermənistanı öz təsir dairəsinin bir hissəsi hesab edir. Prezident Vladimir Putin xəbərdarlıq edib ki, Ermənistan Avropaya inteqrasiya səbəbindən “Ukrayna ssenarisi” ilə üzləşə bilər.
Bu parlament seçkiləri Ermənistan üçün “tarixi məqamdır”, İsveçrənin Sent-Qallen Universitetinin Şərqi Avropa Araşdırmaları üzrə professoru Ulrix Şmid “France 24” televiziyasına deyib.
Onun sözlərinə görə, Paşinyan həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində irəliləyib: “Ermənistanın xarici siyasəti ənənəvi olaraq iki tələ arasında qalıb – Türkiyə tələsi və Azərbaycan tələsi”.
Professorun fikrincə, baş nazir “real Ermənistan” adlandırdığı yanaşmanı irəli aparmağa hazırdır, ənənəvi qorxu və inciklikləri daha praqmatik siyasətlə əvəzləməyə çalışır.