Türkiyə prezidenti Recep Tayyip Erdoğan İngiltərənin Kembric şəhərində dünyanın ilk ekoloji əsaslı məscidinin açılışında iştirak edib.
Kembricin Mərkəzi Məscidində çıxış edən Türkiyə prezidenti “Avropada yüksəlişdə olan islamofobiyanı” tənqid edib.
Əsasən Türkiyə təşkilatları tərəfindən maliyyələşdirilən məscid özünü internet səhifəsində “21-ci əsrin Britaniya məscidi” adlandırır.
Erdoğan açılış mərasimində etdiyi çıxışında deyib:
"Müsəlman terrorçu ola bilməz və İslamdam terrorçu çıxa bilməz. Biz “İslam terroru” ifadəsini qəbul etmirik və etməyəcəyik”.
Türkiyə prezidenti arzu etdiyini deyib ki, bu ibadət yeri antiislamçılığa layiqli cavab olacaq.
Erdoğan deyib ki, 1300 nəfərlik məscid “Avropanın ekoloji tələblərə cavab verən ilk məscidirir”.
BBC yazır ki, Erdoğanı məscidin açılışına əvvəllər Cat Stevens kimi tanınan müğənni Yusuf İslam dəvət edib.
Məsciddə günəş batareyası panelləri, axıntı sularının təkrar təmizlənməsi, təbii isitmə və soyutma sistemləri quraşdırılıb.
Məscidin tikintisində və quraşdırılmasında maksimum ekoloji təmiz materiallardan istifadə olunduğu bildirilir.
Məscid tikintisi ümumilikdə 23 milyon funt sterlinqə (30 milyon dollar) başa gəlib.
Kembricdə məscidin yerləşdiyi ərazi səhərin erkən saatlarından polis tərəfindən güclü mühafizə olunurdu və hətta Derbişir kimi başqa yerlərdən əlavə polis qüvvələri gətirilmişdi.
Erdoğan bundan əvvəl, dekabrın 4-də NATO-nun Londonda keçirilən sammitində iştirak etmişdi.