Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:16

Prokuror jurnalistə 10 il həbs cəzası istədi


Elçin İsmayıllı
Elçin İsmayıllı

İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə bölgə müxbiri kimi əməkdaşlıq edən Elçin İsmayıllıya 10 il həbs cəzası istənilib. Sentyabrın 8-də Şəki Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokurorun çıxışından əvvəl zərərçəkmiş qismində tanınan İlqar Qəribov dindirilib. O, E.İsmayıllının ondan pul tələb etmədiyini deyib.

İCRA BAŞÇISI ŞAHİD OLSA DA, MƏHKƏMƏ ONU ÇAĞIRMADI

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu iş üzrə ibtidai istintaqda dindirilib və adı da ittiham tərəfinin şahidləri siyahısına daxil edilib. Amma Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəkillərin israrına baxmayaraq, icra başçısını məhkəməyə çağırıb dindirməkdən imtina edib.

E.İsmayıllı özü isə AXCP sədri Əli Kərimlinin məhkəmədə əlavə şahid kimi dindirilməsi haqda vəsatət qaldırıb.

***Buna da bax-Hal şahidləri jurnalistin necə pul almasını görmədiklərini söylədilər

«İttihamda Əli Kərimlinin adı çəkilir. Guya mən onun göstərişi ilə hərəkət eləmişəm. Yalandır. Mənim Əli Kərimli ilə heç bir əlaqəm olmayıb, onu yalnız partiyanın iclaslarında görmüşəm», – E.İsmayıllı vəsatətini əsaslandırarkən bildirib.

Vəsatət təmin olunmayıb.

Daha sonra əməliyyat zamanı lentə alınmış görüntülərə baxılıb. Vəkillər Elçin Sadıqovİslam İsmayılov videonun montaj olunduğunu, iş üzrə zərərçəkmiş – Mədəniyyət və Turizm idarəsinin keçmiş rəhbəri Azər Abbasovun danışıqlarının kəsildiyini bildiriblər. Müdafiəçilər deyiblər ki, montaj olunmuş video sübut sayıla bilməz. Ona görə də sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıblar.

***Buna da bax-Hakim vəkildən şikayət edib

Bu vəsatət də təmin olunmayıb.

«İTTİHAM SÜBUT OLUNUB»

Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub və prokuror çıxış edib. CM-nin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə verilmiş ittihamın məhkəmədə sübuta yetirildiyini deyən prokuror jurnalistin 3 il müəyyən vəzifə tutması qadağan olunmaqla, 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Jurnalistin məhkəməsi sentyabrın 15-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.

«Məhkəmə qanunsuzluq edərək, sübuta əvvəlcədən qiymət verdi. Halbuki, hakim müşavirə otağına gedənə qədər sübutlara qiymət verə bilməz. Amma hakim bəri başdan fikrini bildirdi ki, video saxta deyil», – vəkil E.Sadıqov məhkəmədən sonra AzadlıqRadiosuna bildirib.

Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyir. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri A.Abbasov məhkəmədə deyib ki, həmin vəsaiti ona icra başçısı M.Sadıqov verib Elçinə çatdırmasını istəmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG