Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:42

Əhsən Nuruzadə ittihamları qəbul etmir


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

«Müsəlman Birliyi» Hərəkatının üzvü, Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçısı olan Əhsən Nuruzadə narkotik satışı ilə bağlı ona verilmiş ittihamı qəbul etmir. Onun barəsində həbs qərarı verildiyi məhkəmədə də deyib ki, günahsızdır.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

Vəkil bildirib Ə.Nuruzadə haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri Nərimanov Rayon Məhkəməsində çıxarılıb. Həmin qərardan oktyabrın 11-də apellyasiya şikayəti verib. Hərçənd, həbs qərarlarından şikayət vermək üçün qanunda üç gün nəzərdə tutulub və Əhsənin işində bu müddət ötürülüb.

***Buna da bax-Əhsən Nuruzadənin anası: 'Narkotik satan bu gündə yaşayar?!'

Y.İmanov deyir ki, müddətin ötməsi onlardan asılı olmayan səbəblərdən baş verib:

«Əhsən oktyabrın 6-da evinin yanından aparıldıqdan sonra ayın 10-na qədər onun yeri haqda heç nə məlum olmayıb. Oktyabrın 10-da da biz şəxsi mənbələrimiz hesabına xəbər tutduq ki, o, artıq istintaq təcridxanasındadır. Bizə vaxtında məlumat verilsəydi, vəkili kimi məhkəmədə iştirak edərdim, apellyasiya şikayəti verərdim. Ona görə də apellyasiya şikayətinə müddətin bərpası haqda vəsatət də təqdim etmişəm».

Həbs qərarında yazılıb ki, Ə.Nuruzadə Nəsimi rayonu, 28 May küçəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin girov götürmə, hədə-qorxu ilə tələb etmə şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur. Qərarda qeyd olunub ki, Əhsən məhkəmədə özünü təqsirli bilməyib və həbsi haqda təqdimatın təmin olunmamasını istəyib.

***Buna da bax-Əhsən Nuruzadə dörd gündən sonra tapıldı, amma...

Qərardan o da məlum olur ki, Ə.Nuruzadə həbs olunarkən ona dövlət hesabına vəkil təyin olunub, bu da Oqtay Əliyevdir. Öncə də bu vəkilin xidmətindən bir neçə ictimai-siyasi fəalın həbsində istifadə olunub. Məsələn, Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqdan sonra həbs olunan Qiyas İbrahimov, BMCMİ-nin əməkdaşları tərəfindən narkotik ittihamı ilə saxlanılan NİDA-çı fəal Elgiz Qəhrəman və s.

XATIRLATMA

Həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olan Ə.Nuruzadə ilk dəfə yanvarın 24-də evinin yaxınlığında tutulmuşdu. Yalnız yanvarın 30-da onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli olmuşdu. Həmin gün vəkilə Ə.Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirilmişdi ki, bu idarənin qarşısından keçəndə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarının tələbinə tabe olmayıb. Ona görə də 10 sutka inzibati həbs cəzası alıb.

Eyni hal sentyabrın 19-da təkrarlanmışdı. Həmin gün o, evdən mağazadan siqaret almaq adı ilə çıxmış və mülkigeyimlilər tərəfindən saxlanılaraq aparılmışdı. Dörd gün sonra ailəsinə zəng edərək bildirilmişdi ki, Əhsən yenə BMCMİ-nin qarşısından keçərkən telefon danışığında bu qurumun ünvanına təhqiramiz ifadələr işlədib, onu intizama dəvət edən polislərə müqavimət göstərib, ona görə də 10 sutka inzibati həbs cəzası alıb. Dindar fəal oktyabrın 2-də həbsdən çıxmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG