Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:27

Ət bahadır, yaşasın düyü!


İstehlak malları.
İstehlak malları.

Ölkəyə düyü idxalının ən yüksək həddə çatmasına münasibət bildirən ekspertlər deyirlər ki, gəlirləri azalan əhalinin rasionunda ət azalıb, düyü kimi nisbətən ucuz məhsullarsa artıb.

Başqa bir tərəfdən, bu il həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının idxal həcmi gömrük statistikasında daha düzgün əks olunur.

Buna da bax:​ Kərə yağının idxal qiyməti tam leqallaşdı

İdxalda pik göstərici – 32,4 min ton

Dövlət Gömrük Komitəsinin (DGK-nın) 9 aylıq hesabatında ölkəyə 21 milyon dollar dəyərində 32 min 423 ton düyü gətirildiyi göstərilib. Bu, həcm baxımından, son illər rəsmi mənbələrdə açıqlanan ən yüksək idxal göstəricisidir. 2016-cı ilin 9 ayında düyü idxalı əvvəlki ilin eyni dövrünə olan göstəricini 12,4 min, bütövlükdə 2015-ci ili isə 5,8 min ton üstələyib.

«Fermerə subsidiya da verilir, di gəl, istehsal azalır»

Düyü idxalının artımını həm də obyektiv səbəblərlə açıqlamağa çalışan «İqtisadi Tədqiqatlar Mərkəzi»nin eksperti Vahid Məhərrəmli istehsalın azalmasına diqqət çəkir. O, AzadlıqRadiosu-na 2000-ci illə (4 min 500 hektar) müqayisədə ötən il (1200 hektar) əkin sahələrinin təxminən 4 dəfə azaldığını deyir. Çəltik əkininə maraq bu sahəyə verilən subsidiyanın taxıla bərabər (hər hektara 90 manat) tutulması fonunda baş verib.

Buna da bax: Çörəyin qiyməti dolların nəbzinə bağlıdır

«15 il öncə düyü istehsalı 22,2 min tondan 2,8 min tona enib. Sahələr azalıb, nəticədə idxalçılar bazarı nəzarətə götürüblər. Fikrimcə, bu məhsulun yetişdirilmə potensialından istifadə olunarsa, yerli düyü tələbatın 60 faizini ödəyə bilər», - V. Məhərrəmlinin baxışıdır.

«İndi gömrük məlumatı reallığı əks etdirir»

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Rövşən Ağayev isə əvvəlki illərdə, başqa ərzaqlar kimi, düyü idxalında da gömrüyün müəmmalı azaltmalara yol verdiyini düşünür. O bu səbəbə dayanaraq, gömrük statistikasındakı artımı real artım saymır:

«Hökumətin təsdiqlədiyi minimum istehlak səbətinə görə, düyünün adambaşına istehlakı 4 kiloqramdır. Yəni, hətta yoxsul şəxsin yeyəcəyi düyünün miqdarı da bundan az ola bilməz. Bu hesabla biz ildə təxminən 39 min ton düyü istehlak etməliyik. Ehtiyacın, ən çoxu, 5 faizi öz fermerlərimizin hesabına ödənilir. Odur ki, DGK-nın son hesabatları tam realdır. Sadəcə, əvvəllər özləri gizlədirdi, indi leqallaşdırırlar».

Buna da bax:​ 'Hər mal gələndə qiymətlər 30-40 qəpik artır'

Gömrük Komitəsi razılaşmır

DGK, adətən, əvvəlki illərdə idxal mallarının həcm və qiymətcə azaldılmasına dair ekspert rəylərini əsassız sayır. Komitə rəsmiləri mümkün azalmaların «ölkələrarası ticarətdə mümkün kənarlaşmalar həddində» olmasına əsaslanır.

İdxalın coğrafiyasına gəlincə, bu ilin 9 ayında düyü, əsasən, Hindistandan (16 min 527 ton) və Rusiyadan (9 min 875 ton) gətirilib. Ölkədə yeyilən düyünün əhəmiyyətli hissəsi həm də Pakistan (2 min 368 ton) və Tailand (3 min 494 ton) istehsalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG