Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:50

Çörəyin qiyməti dolların nəbzinə bağlıdır


Çörək
Çörək

Azərbaycanda dəyirmançı və çörəkbişirənlərin bir gözü ABŞ dollarının və Rusiya rublunun manatla məzənnəsinə dikilib. Rubl dəyər qazanır və manat dəyərsizləşirsə ölkəyə gətirilən buğda bahalaşır.

Çörək zavodları, əsasən, gətirilmə buğdadan asılıdır. Mütəxəssislər deyirlər ki, buğdanı gətirməkdə də problem az deyil, amma günü sabah çörək bahalaşsa, bu obyektiv səbəblərdən irəli gələcək.

İndi çörəyin qiymətindəki nisbi sabitlik bu il yanvarın 15-dən bəri buğdanın, eləcə də buğda unu və çörəyin istehsal və satışının əlavə dəyər vergisindən azad olunmasından qaynaqlanır.

«ÇÖRƏK ONA GÖRƏ BAHALAŞMIR Kİ...»

Gəncədəki iri dəyirmanlardan birinin rəhbəri olan Arif Həsənov, çeşidindən asılı olaraq, buğdanın tonunu Rusiyadan 185-200 dollara gətirdiklərini deyir. O, AzadlıqRadiosuna bildirir ki, buğda manat ifadəsilə bahalaşdığından, unun satış qiyməti də yavaş-yavaş yüksəlməkdədir: «Çörək hələ bahalaşmır, çünki bir neçə ay öncə onun bir ədədinin qiyməti 30-dan 40 qəpiyə qalxmışdı. Son vaxtlar bir ton un 6 manat bahasına satılır. İlsonu olacaq durum yalnız dolların məzənnəsindən asılıdır».

BUĞDA HƏTTA UCUZLAŞIB

AzadlıqRadiosunun Dövlət Statistika Komitəsindən (DSK-dan) aldığı məlumata görə, bu ilin 9 ayında Azərbaycana 1 milyon 120.9 min ton - əvvəlki ilin eyni dövründən 14.8 min ton çox buğda gətirilib. İdxalçılar buna 208.4 milyon dollar ödəyiblər. Ötən il buğdanın bir tonu xaricdən 229.3 dollara alınırdısa, bu il orta qiymət 185.9 dollara enib. İyul-sentyabr aylarında idxal olunan 438.2 min ton buğdanın orta qiyməti 180.9 dollar olub.

Buğda
Buğda

BUĞDANIN 93 FAİZİ RUSİYA ZƏMİLƏRİNDƏ BİÇİLİR

Azərbaycan buğdanı əsasən Rusiya taxılçılarından alır. Bu il Rusiyadan 1 milyon 42.1 min ton buğda gətirib. Az miqdarda buğda Qazaxıstandan (68.2 min ton) və Ukraynadan (9.3 min ton) alınıb.

YERLİ BUĞDA QUŞÇULUQDA İSTİFADƏ EDİLİR

Hökumət taxıla tələbatı yerli istehsal hesabına ödəməkdən danışsa da, ekspertlər buna nail olmağın mümkünsüzlüyünü deyirlər. Rəsmi statistika bu il ölkədə, buğda da nəzərə alınmaqla, 2.8 milyon ton taxıl istehsal olunduğunu bildirir. Ancaq məhsulun əsas hissəsindən çörəkbişirmə sənayesində deyil, heyvandarlıq və quşçuluq müəssisələrində istifadə edilir.

TAXIL FONDU YERLİ TAXIL ALMIR

Fövqəladə Hallar Nazirliyi hər il Dövlət Taxıl Fonduna yerli fermerlərdən buğda alışı elan edir. Bu il nazirlik buğdanın tonunu 280 manatadək qaldırmışdı. Noyabrın 1-də alış üçün müəyyənləşdirilən müddət bitsə də, yerli taxılın alınıb-alınmadığına dair hər hansı məlumat verilmədi. 2009-cu ildən bəri fondun anbarları, demək olar, idxal buğdası hesabına doldurulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG